Əmək və sosial siyasət komitəsində
Aprelin 29-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.
İclası açan komitənin sədri Musa Quliyev gündəlik barədə məlumat verib. Bildirib ki, gündəliyə ikinci oxunuşda 3 məsələ - “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” və Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri daxil edilib.
Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan dərin sosial islahatların əsas hədəflərindən biri pensiya təminatı sahəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın, vətəndaş məmnunluğunun artırılması, pensiya təyinatı prosesinin sadələşdirilməsi, sosial ədalətin təmin edilməsidir. İslahatların davamı olaraq “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi mövcud qanunvericilik bazasının təkmilləşdirilməsinə, pensiya təminatı sistemində sosial sığorta prinsipinin daha da möhkəmləndirilməsinə xidmət edir və hüquqi tənzimləmə, təkmilləşdirmə, habelə qanunvericilik texnikası baxımından terminoloji dəqiqləşdirmə və uyğunlaşdırma xarakteri daşıyır.
Musa Quliyev sənədin aktuallığından bəhs edib və vurğulayıb ki, qanun layihələri plenar iclasda birinci oxunuşdan keçib, deputatlar tərəfindən müsbət qarşılanıb.
Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) mahiyyəti barədə danışıb, qanunda maddələr üzrə nəzərdə tutulan dəyişikliklərlə bağlı ətraflı izah verib.
Elnur Abbasov qeyd edib ki, Qanuna yeni “şərti əmək pensiyası” və əməkhaqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar anlayışı əlavə olunub. O, qanun layihəsinə təklif olunan kişilərin və qadınların pensiyaya çıxma yaşının unifikasiyası, pensiyaya çıxma şərtlərinin sadələşdirilməsi, həmçinin çoxuşaqlı ailələrə güzəştlərin artırılması, ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği, qulluq stajına görə əmək pensiyasına əlavələr barədə məlumat verib.
Bildirib ki, layihədə, həmçinin sonradan hərbi xidmətə qəbul edilmiş pensiyaçı hərbi rütbəli şəxslərin pensiyasının son təminat xərcliyinə görə yenidən hesablanaraq artırılması, ailə başçısına şəhid statusu verildiyi tarixlə müraciət olunan tarix arasındakı müddət üzrə də pensiya məbləğinin ödənilməsi kimi dəyişikliklər öz əksini tapıb.
Sonra Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri, pensiyanın bir növündən digərinə keçidin, Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları, Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti kimi müddəalar barədə məlumat verib.
Müzakirələrdə komitənin üzvləri Vüqar Bayramov, Arzu Nağıyev, İlham Məmmədov, Səttar Möhbalıyev, Sevinc Hüseynova, Əziz Ələkbərov, Aqil Məmmədov pensiya təminatı sahəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması məqsədi ilə bu sahədə maarifləndirmənin gücləndirilməsi ilə bağlı fikirlərini səsləndiriblər, təkliflərini veriblər.
İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov və Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov deputatların qaldırdıqları məsələlərə münasibətlərini bildiriblər, suallarını cavablandırıblar.
Müzakirələrin sonunda deputatlar “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunlara dəyişiklik edilməsi barədə qanun layihələrini ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.
Sonra Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Diqqətə çatdırıb ki, Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin bağlanılması ilə yanaşı, ona xitam verilməsinin qüvvəyə minməsinin də tənzimləndiyi və bu halların yalnız biri maddənin adında göstərildiyi üçün 49-cu maddənin adının dəqiqləşdirilməsi zərurəti yaranır.
Vüqar Bayramov bildirib ki, fiziki şəxs olan işəgötürənlə bağlı bir sıra hallar baş verdikdə, onlar tərəfindən bağlanılmış və əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə daxil edilmiş əmək müqavilələrinə xitam verilməsi zərurəti yaranır, lakin əmək müqaviləsinə xitam verilməsi səlahiyyəti işəgötürəndə olduğu üçün bu zərurətin həyata keçirilməsi mümkün olmur. Nəticədə, digər işəgötürənlə əmək müqaviləsi bağlaya bilməyən işçinin əmək hüquqları məhdudlaşır, bu da narazılıqlara və məhkəmə mübahisələrinə səbəb olur. Belə halların tənzimlənməsi məqsədilə Əmək Məcəlləsinin 74-cü maddəsinə bir sıra əlavələr edilir. Həmçinin 49-cu maddəyə yeni 5-ci hissə əlavə edilməklə qeyd olunan hallarla bağlı işçinin müraciəti əsasında əmək müqaviləsi bildirişinin qüvvədən salınması səlahiyyəti əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana verilir.
Bununla yanaşı, 74-cü maddəyə edilən dəyişiklikdə müəyyən edilir ki, bu hallarda işçinin əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini əmək qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etmir. Məcəllənin 87-ci maddəsinə edilən dəyişiklik yuxarıda qeyd edilən əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin müraciəti əsasında əmək kitabçasında müvafiq qeydlərin aparılmasını tənzimləyir.
Sonra deputatlar Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.
İclasda deputat Rauf Əliyev, Jalə Əliyeva, Ziyad Səmədzadə, Soltan Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi