Milli Məclisin plenar iclasında
Mayın 5-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Spiker Sahibə Qafarova bildirib ki, iclasın gündəliyinə 22 məsələ daxil edilib. Gündəliyin birinci məsələsi İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqındadır.
Sonra daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatı təqdim edib.
Bildirib ki, fundamental insan hüquq və azadlıqlarını pozan və beynəlxalq təhlükəsizliyə təhdid yaradan insan alveri özünün müxtəlif təzahür və formalarında transmilli mütəşəkkil cinayətkarlığın ən təhlükəli növlərindən biri olaraq qalmaqdadır. Beynəlxalq təşkilatların məruzələrindən görünür ki, 2021-ci ildə təxminən 25 milyon insan alveri qurbanı aşkar edilib və qlobal miqyasda hər 10 qurbandan 5-i yetkin qadınlar və üçdə biri uşaqlar olub. Son iki ildə Covid-19 pandemiyası ilə əlaqədar dünya üzrə milyonlarla insan iş yerini itirib və bu da insan alveri risklərini daha da artırıb.
Diqqətə çatdırılıb ki, ötən il Azərbaycanın insan alverinə qarşı mübarizə strategiyası çərçivəsində həmin cinayətlərin qarşısının alınması, qurbanların müdafiəsi, vətəndaş cəmiyyəti, beynəlxalq və xarici təsisatlarla əməkdaşlıq pandemiya dövrünün tələblərinə uyğun davam etdirilib. Bu sahədə qanunvericilik bazası müasir dövrün tələbləri, beynəlxalq qurumların tövsiyələri və mütərəqqi təcrübə nəzərə alınmaqla təkmilləşdirilib. Qeyd olunub ki, insan alveri və məcburi əmək cinayətlərinin aşkarlanması və profilaktikası məqsədilə Milli Fəaliyyət Planının icrası çərçivəsində, habelə beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla tikinti, kənd təsərrüfatı və xidmət sektorlarında Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən monitorinqlər aparılmasına dair normativ hüquqi akt layihələri hazırlanıb Nazirlər Kabinetinə təqdim olunub. İnsan alverinin qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin daha səmərəli həyata keçirilməsi, insan alverinə qarşı mübarizədə koordinasiyanın gücləndirilməsi üçün müvafiq idarələrarası komissiyanın və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun hüquqi statusuna yenidən baxılaraq tərkibinin yenidən formalaşdırılması haqda qanunvericilik layihələri hazırlanıb. Azərbaycan Respublikasının “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”na qoşulması barədə vəsatət də qaldırılaraq aidiyyəti üzrə göndərilib.
Məlumat verilib ki, insan alverinin profilaktikasında mühüm əhəmiyyət kəsb edən maarifləndirmə işi, qanunsuz miqrasiyanın, ölkə ərazisindən insan alveri məqsədilə tranzit istifadə edilməsinin və uşaq nikahlarının qarşısının alınması, baxımsız qalan, təhsildən yayınan, övladlığa götürülmüş, qəyyumluğa, yaxud himayəyə verilmiş uşaqların ailələrinə nəzarətin həyata keçirilməsi, kütləvi informasiya vasitələrinin, internet informasiya ehtiyatlarının monitorinqi və digər zəruri tədbirlər davam etdirilib. Daxili İşlər Nazirliyi tərəfindən antinarkotik təbliğatla bağlı təhsil müəssisələrində 700-ə yaxın maarifləndirmə tədbiri keçirilib. İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi, Mədəniyyət və Təhsil nazirlikləri tərəfindən ali təhsil müəssisələrində və respublikanın şəhər və rayonlarında maarifləndirmə tədbirləri təşkil edilərək insan alverinin xüsusiyyətləri, formaları, qurbanlarla aparılan reabilitasiya işləri, insan alverinə qarşı mübarizənin metodları haqqında ətraflı məlumatlar verilib, habelə sosial mediada müvafiq informasiyalar yayımlanıb. Bu sahədə keçirilən təlimlər çərçivəsində polis orqanlarının rəhbər heyətinin və ayrı-ayrı xidmət sahələrinin 300-ə yaxın əməkdaşının cəlb edildiyi ixtisasartırma kurslarında insan alverinə qarşı mübarizənin xüsusiyyətləri tədris olunub.
Diqqətə çatdırılıb ki, hesabat ilində məcburi əməyə şərait yaradan halların, onun qurbanlarının və potensial qurbanlarının müəyyən edilməsi, bu cinayətlərin qarşısının alınması sahəsində Milli Fəaliyyət Planında qarşıya qoyulan vəzifələr yerinə yetirilib. Qeyri-formal məşğulluğun ləğvi sahəsində görülən tədbirlərlə işçilərlə işəgötürənlər arasında əmək müqaviləsinin bağlanılması təmin edilib, bu sahədə hüquq pozuntusuna yol verən işəgötürənlər barəsində cərimə tətbiq olunub.
Məlumatda bildirilib ki, ötən il insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunması sahəsində də müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Zərərçəkmişlərin reabilitasiyası və reinteqrasiyası üçün zəruri tədbirlərin görülməsi diqqətdə saxlanılıb. Bu cinayətlərin qarşısının alınması və aşkarlanması üçün beynəlxalq təcrübəyə uyğun yeni mexanizmlərin işlənib hazırlanması istiqamətində lazımi iş aparılır.
Qeyd olunub ki, insan alveri cinayətlərinin peşəkar təqibi məqsədilə əməkdaşların professional hazırlığının artırılmasına, müasir texnologiyaların tətbiqinə geniş yer verilir. Qarşıda duran vəzifələrdən biri də bu növ cinayətləri proaktiv müəyyən etmə səylərini artırmaq və əməkdaşlar üçün təlimlər keçirmək, qanunvericiliyin, insan alveri qurbanlarının, xüsusən uşaq qurbanların müəyyən edilməsi indikatorlarının, insan alverinə qarşı mübarizə sahəsində əməliyyat-axtarış fəaliyyətinin təşkili barədə metodik vəsaitlərin və qurbanlara kompensasiya ödənilməsi institutunun təkmilləşdirilməsidir.
Bununla yanaşı, insan alverinə məruz qala biləcək qadınların, uşaqların və digər həssas əhali qruplarının hüquqi və sosial müdafiəsinin gücləndirilməsi, qurbanlar üçün sığınacaq və yardım mərkəzlərinə qəbul prosedurlarının sadələşdirilməsi, istehsal və xidmət sahələrində istehlakçıya qədər olan bütün mərhələlərdə insan alveri və məcburi əmək halları ilə bağlı risklərin öyrənilməsi, aşkarlanması, aradan qaldırılması, xüsusi polis qurumunun kadr potensialının gücləndirilməsi, maddi və texniki bazasının yaxşılaşdırılması və digər tədbirlərin icrası da planlaşdırılır.
Təqdimatın sonunda daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov insan alveri ilə mübarizə sahəsində hüquqi bazanın təkmilləşdirilməsində, bu istiqamətdə dövlət siyasətinin həyata keçirilməsində yaxın dəstəyə görə Milli Məclisin rəhbərliyinə və deputatlara, həmçinin səmərəli əməkdaşlıq edən dövlət orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və media qurumlarının nümayəndələrinə təşəkkürünü bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının parlamentin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında geniş müzakirə olunduğunu diqqətə çatdırıb və sənəd barədə rəyi təqdim etmək üçün komitə sədri Zahid Oruca söz verib.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışında bildirib ki, komitələrin birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı ətrafında aparılan müzakirələr zamanı ötən müddət ərzində bu sahədə sistemli dəyişikliklərə qiymət verilib, insan alverini doğuran sosial səbəblərə, ailədaxili faktorlara, ictimai münasibətlərə, turizm və əmək miqrantları üzrə ixtisaslaşmış şirkətlərin fəaliyyətinə, hökumət qurumları arasında koordinasiyanın təşkili vəziyyətinə nəzər salınıb. Həmçinin, SMART texnologiyalar üzərindən gizli təbliğat və təşviqat aparanların müəyyənləşdirilməsinə, cinayətkarların ekstradisiyası ilə bağlı görülən tədbirlərin səmərəliliyinə, uşaq əməyini istismar hallarının səbəb və nəticələrinə, maarifləndirmə tədbirlərinin zəruriliyinə, beynəlxalq təşkilatların hesabatlarının informasiya mənbələri və məqsədləri, dünyada gedən müharibələrin bu cinayətin qurbanlarının artmasında roluna, digər vacib məsələlərə diqqət yetirilib.
Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə Azərbaycan, eyni zamanda, regionda, bütövlükdə dünyada insan alveri ilə mübarizə sahəsinə öz töhfəsini verib. 30 il davam edən qanunsuz məskunlaşma və qaçaqmalçılıq, transmilli cinayətlərin zonasına çevrilən Qarabağ torpaqları indi azaddır.
Diqqətə çatdırılıb ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2021-ci il üzrə məlumatı giriş, qanunvericilik, profilaktika və maarifləndirmə, təlim və treninqlər, beynəlxalq əməkdaşlıq, məcburi əməyin qarşısının alınması sahəsində tədbirlər, cinayət təqibi və qurbanlarla iş, qarşıda duran vəzifələr və statistik göstəricilərlə əlaqədar 8 bölmədən ibarətdir. Məlumatda ölkə üzrə insan alveri dinamikasının statistikasında 2015-ci ildən başlayaraq cinayətlərin qlobal tendensiyanın fonunda hər il müəyyən qədər artması müşahidə olunur. Bununla yanaşı, faiz nisbətində ölkəmizdə vəziyyət sabit və təhlükəsizdir. Məlumatda qarşıda duran vəzifələrlə bağlı fəaliyyətin beynəlxalq təşkilatlarla yaxın əlaqələr üzərində qurulduğu deyilir.
Komitə sədri bildirib ki, cari ilin aprel ayında Nazirlər Kabineti tərəfindən insan alveri qurbanları ilə bağlı milli istiqamətləndirmə mexanizmi qaydaları barədə sənədə dəyişiklik edilib. Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun yanında idarələrarası komissiya yaradılıb.
Zahid Oruc çıxışının sonunda, ümumilikdə, vətəndaşların sabit və təhlükəsiz şəraitdə yaşaması və dünyada sabitliyin qorunması sahəsində ön yerlərdən birini tutan Azərbaycan dövlətinin güc strukturlarının insan alverinə qarşı mübarizə üzrə fəaliyyətinin və təqdim edilən illik məlumatın qənaətbəxş olduğunu bildirib.
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı ətrafında müzakirələrdə komitə sədri Siyavuş Novruzov, deputatlardan Azay Quliyev, Sahib Alıyev, Vüqar Bayramov, Elşən Musayev, Səbinə Xasayeva, Arzu Nağıyev, Etibar Əliyev, Razi Nurullayev, Elman Nəsirov, Kamilə Əliyeva çıxış edərək fikirlərini, qeyd və təkliflərini səsləndiriblər. Millət vəkilləri məlumatın yüksək səviyyədə hazırlandığını bildiriblər.
Müzakirələrin sonunda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı səsə qoyularaq nəzərə alınıb.
Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Qida təhlükəsizliyi haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Qeyd olunub ki, əvvəlki müzakirələr zamanı qanun layihəsi barədə bir sıra fikirlər səsləndirilib. İşçi qrupu tərəfindən həmin fikirlər nəzərdən keçirilib və sənəd üzərində iş davam etdirilərək qanunun 38 maddəsinə müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklər qanunun təkmilləşdirilməsinə xidmət edir. Layihə üçüncü oxunuşda komitənin iclasında geniş müzakirə olunub və müsbət rəy verilib.
Qanun ölkə ərazisində insanların, həmçinin heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir. Sənəddə qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsi, istehlakçıların hüquqlarının müdafiəsi, texniki normativ hüquqi aktların hazırlanması və qəbulu, qida və yem məhsullarının təhlükəsizliyinə dair ümumi tələblər, zənginləşdirilən qida məhsullarının təhlükəsizliyinə dair, habelə genetik modifikasiya olunmuş orqanizmlərə və yem məhsullarına dair tələblərlə bağlı müddəalar ehtiva olunub. Eyni zamanda, qida təhlükəsizliyi sahəsində dövlət nəzarəti tədbirləri, böhran vəziyyətlərinin idarə edilməsi, qida subyektlərinin hüquq və vəzifələrinə dair və bir sıra digər məqamları əhatə edən müddəalar yer alıb.
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, qanunun 21.1.4-1-ci maddəsinə müvafiq təhsil müəssisələrində, onların filiallarında və elmi təşkilatlarında təhsilini davam etdirən digər çağırışçılarla yanaşı, adyunkturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara təhsil imkanlarını genişləndirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışdan 3 ay müddətinə möhlət hüququ vermək məqsədi ilə dəyişiklik nəzərdə tutulub.
Komitə sədri Siyavuş Novruzov dəyişikliyin təqdirəlayiq olduğunu deyib, bəzi qeyd və təkliflərini söyləyib.
Ziyafət Əsgərov səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra qanun layihəsi bir oxunuşda səsə qoyulub və qəbul edilib.
Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində və Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, qanun layihəsi "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" 2019-ci il 1720-VQD nömrəli və "Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Uşaq hüquqları haqqında" və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" 2019-ci il 1722-VQD nömrəli qanunlarının icrası ilə əlaqədar hazırlanıb və terminoloji dəqiqləşdirmə xarakteri daşıyır.
Belə ki, adları göstərilən məcəllələrdə "əhalinin sosial müdafiəsi" sözləri "sosial xidmət" sözləri ilə, "tərbiyə və müalicə, sosial müdafiə və digər müvafiq müəssisələrdən", habelə "müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən" sözləri "sosial xidmət müəssisələrindən" sözləri ilə əvəz edilir.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova layihə ilə bağlı komitənin müsbət rəyini bildirib.
Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” və “Psixiatriya yardımı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. Bildirilib ki, adları çəkilən qanunların müvafiq maddələrində "müdafiə sistemi" sözlərinin "xidmət" sözü ilə, "tibbi yardım" sözlərinin "tibbi-sanitariya yardımı" sözləri ilə əvəz olunması təklif olunur. Dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Sonra iclasda ikinci oxunuşda olan qanun layihələrinə baxılıb.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkə Prezidenti tərəfindən parlamentə göndərilən və mahiyyətcə bir-birinə yaxın olan növbəti iki məsələni təqdim edib.
Komitə sədri “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı bildirib ki, qanuna “Şuşa” adından istifadə etmək üçün xüsusi qaydaların tətbiq edilməsi məqsədilə 3-1-ci maddənin əlavə edilməsi təklif olunur. Yeni maddədə nəzərdə tutulan hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi “Şuşa” adından istifadə etməkdə müstəsna hüquqa malikdir. Eyni zamanda, Şuşa şəhərində mövcud abidələrin tam həcmdə qorunması məqsədilə bu qanunun 7.5-ci maddəsindən “arxeoloji” sözünün çıxarılması təklif edilir.
Sonra Əli Hüseynli Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini diqqətə çatdırıb. Qeyd olunub ki, yuxarıda deyilənlərlə əlaqədar adları çəkilən qanunlara uyğunlaşdırma xarakterli düzəlişlərin edilməsi nəzərdə tutulub.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov bu komitələrdə sənədin dəstəkləndiyini bildiriblər.
Təqdim olunan hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Deputat sənədin birinci oxunuşu zamanı səsləndirilən fikirlərə münasibət bildirib, bəzi məqamlara aydınlıq gətirib. Qeyd edilib ki, Məcəlləyə təklif olunan dəyişikliklər əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədi daşıyır.
Layihəyə əsasən, Məcəllənin 49-cu maddəsinə yeni 5-ci hissə əlavə edilməklə işçinin müraciəti əsasında əmək müqaviləsi bildirişinin qüvvədən salınması səlahiyyəti əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana verilir. Eyni zamanda, tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları ilə bağlı 74-cü maddəyə müvafiq əlavələr də təklif olunur. Məcəllənin 87-ci maddəsinə edilən dəyişiklik isə əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin müraciəti əsasında əmək kitabçasında müvafiq qeydlərin aparılmasını tənzimləyir.
Deputat Könül Nurullayeva sənədlə bağlı bəzi qeydlərini bildirib. Vüqar Bayramov həmkarının toxunduğu məsələlərə aydınlıq gətirib.
Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 4 məsələsi ölkə Prezidenti tərəfindən bir məktubla daxil olub və mahiyyətcə bir-birinə yaxın məsələlərdir.
Əvvəlcə, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Bildirib ki, qanuna ümumilikdə 10 maddə üzrə 43 dəyişiklik nəzərdə tutulub. Təklif edilən bütün dəyişikliklər mahiyyət etibarı ilə pozitiv xarakter daşıyır və vətəndaşların pensiya təminatının yaxşılaşdırılmasına xidmət edir. Qeyd olunub ki, bu dəyişikliklərin qəbul edilməsi ölkəmizdə pensiya təminatı sistemində sığorta prinsiplərinin daha da gücləndirilməsinə, 17-20 min vətəndaşımızın pensiyaya çıxma şərtlərinin yumşaldılmasına və pensiya məbləğinin artımına hüquqı təminatlar yaradacaq.
Sonra komitə sədri “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. Diqqətə çatdırılıb ki, qanunun 5-ci və 7-ci maddələrinə təklif edilən dəyişikliklər "Əmək pensiyaları haqqında" qanunun 14-cü maddəsinə nəzərdə tutulan dəyişikliklərlə bağlıdır və mahiyyət etibarı ilə uyğunlaşma xarakteri daşıyır. Bu dəyişiklik qəbul edildikdə, ailə başçısını itirməyə görə pensiya alan ailə üzvlərindən hər hansı birinin həm də sosial müavinət alma hüququ olduqda, şəxsin pensiya və müavinət arasında seçim etmək, həmçinin hər iki sosial təminat hüququndan yararlanmaq imkanı olacaqdır. Layihə vətəndaşların sosial müdafiəsinin daha da möhkəmləndirilməsinə yönəlmiş dəyişikliyi özündə ehtiva edir.
Daha sonra parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirib ki, sənəd onkoloji xəstələrin, eləcə də dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və əmək pensiyası almaq hüququnu müəyyənləşdirir. Layihə "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" qanunlarda dəyişiklik edilməsi barədə layihələrə uyğunlaşdırma xarakteri daşıyır, qeyd olunan xəstəliklərdən əziyyət çəkən şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə əlaqədar məlumat verib. Bildirilib ki, sənəd "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsinin qəbulu ilə əlaqədar qanunvericiliyin uyğunlaşdırılması məqsədilə hazırlanıb. Dəyişikliyə əsasən, penitensiar xidmətdə qulluq etmiş əməkdaşların və onların ailə üzvlərinin, habelə penitensiar müəssisələrdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə işləyən mülki işçilərin pensiya təminatı "Əmək pensiyaları haqqında" qanunla müəyyən edilir.
Fasilədən sonra təqdim olunan məsələlərlə bağlı müzakirələr aparılıb. Komitə sədri Qənirə Paşayeva, deputatlardan Tahir Kərimli, Əli Məsimli, Azay Quliyev, Qüdrət Həsənquliyev, Elman Nəsirov, Fəzail Ağamalı təklif olunan dəyişikliklər barədə fikirlərini, qeyd və təkliflərini açıqlayıblar.
İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov səsləndirilən fikirlərə aydınlıq gətirib.
Müzakirələrdən sonra hər 4 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Qeyd edilib ki, sənəddə fiziki şəxslərin kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə əldə etdikləri dividendlərin və faiz gəlirlərinin 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətinə gəlir vergisindən azad edilməsi, habelə hüquqi şəxslərin faiz gəlirlərinə görə vahid vergitutma mexanizminin tətbiq edilməsi nəzərdə tutulub.
Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Daha sonra Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev mahiyyətcə bir-birinə yaxın olan növbəti iki məsələni təqdim edib.
Əvvəlcə, “Ümumi təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) diqqətə çatdırılıb. Bildirilib ki, qanun layihəsi ikinci oxunuşda komitədə geniş müzakirə olunaraq dəstəklənib və plenar iclasa tövsiyə olunub. Layihədə ümumi təhsil müəssislərinin xarakterinə görə ümumi və internat tipli təhsil müəssisələrinə bölündüyü, onların özlərinin də ümumi təyinatlı, inteqrasiya təlimli və xüsusi təhsil müəssisələri kimi qruplaşdırıldığı öz əksini tapıb və müvafiq anlayışlar verilib. Bütövlükdə təklif edilən dəyişikliklərin əsas məqsədi, sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.
Sonra komitə sədri “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini təqdim edib. Bildirib ki, təklif olunan dəyişikliklər “Ümumi təhsil haqqında” qanuna edilən dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Layihədə təhsil müəssisəsinin tipləri və növləri konkretləşdirilməklə hər iki qanunun normaları bir-birinə uyğunlaşdırılaraq sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşması istiqamətində sağlam şəxslərlə birgə təhsil almaları üçün xüsusi şəraitin yaradılmasının təmin edilməsi nəzərdə tutulur. Sənədə əsasən, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna inteqrasiyalı təhsilin təşkili ilə bağlı yeni 11-1-ci maddə də əlavə olunur.
Sənədlər ətrafında aparılan müzakirələrdə deputatlar Fazil Mustafa, Sevil Mikayılova, Sədaqət Vəliyeva, Etibar Əliyev, Fəzail Ağamalı fikirlərini açıqlayıblar.
Komitə sədri Bəxtiyar Əliyev səsləndirilən bəzi məqamlara aydınlıq gətirdikdən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra iclasda birinci oxunuşda olan qanun layihələri müzakirəyə çıxarılıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Bildirilib ki, “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ətraf mühitin mühafizəsi ilə bağlı mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka görə, ətraf mühitin mühafizəsi ilə bağlı obyektiv informasiyanın yayılmasına və görülən işlərin təbliğinə verilən töhfəyə görə, ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə təltif edilirlər.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsindən (birinci oxunuş) bəhs edib. Bildirilib ki, təklif edilən dəyişiklik inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı məhkəməyə verilən şikayətlər üçün iddia müddətinin axımının dayandırılması hallarını nəzərdə tutan 38.3-cü maddənin təkmilləşdirilməsi ilə əlaqədar hazırlanıb. Həmin maddəyə edilən dəyişikliyə əsasən, mübahisələndirmə və məcburetmə haqqında iddia növlərində olan şikayət, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin apellyasiya şuralarına verildiyi halda, həmin şikayətlərdən məhkəməyə şikayət verilməsi üçün Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulan iddia müddətinin axımının, həmin şuraların şikayət üzrə qəbul etdiyi qərar şikayətçiyə təqdim edilənədək dayandırılması təklif edilir.
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonra iclasda İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun və onun tərkibinə daxil olan informasiya sistemlərinin, informasiya-kommunikasiya şəbəkələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən 17 aprel 2021-ci il tarixində "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalanıb. Həmin Fərmanda bu sahənin hüquqi tənzimlənməsi məqsədilə müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması nəzərdə tutulub.
Təqdim olunan qanun layihəsində kritik informasiya infrastrukturu, onun obyekti və subyekti, digər anlayışlar, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan, habelə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının hüquqi əsasları müəyyən edilir.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi barədə komitənin rəyini diqqətə çatdırıb. Bildirilib ki, bu gün kibertəhlükəsizlik sahəsində baş verən bütün kiberhücumların arxasında maliyyə məqsədləri dayanır. Bu baxımdan bank sektorunun qorunması, büdcə gəlirlərinin təmin edilməsində bu hücumların törədə biləcəyi təhlükələrin qarşısının alınması önəmli məsələlərdəndir. Qeyd olunub ki, keçən dövr ərzində bu sahədə ölkədə kifayət qədər işlər görülüb. Dövlət başçısı tərəfindən müvafiq fərman imzalanıb. Ümumiyyətlə, bu məsələlər ölkə ictimaiyyətinin hər zaman diqqətindədir.
Bildirilib ki, bu qanunun qəbul edilməsi ilə Azərbaycan MDB məkanında kibertəhlükəsizliyə ən çox diqqət ayıran ölkə olacaq. Komitə sədri qanunun Avropa standartlarına uyğun olduğunu söyləyib və onun qəbulunun ölkənin iqtisadi dayanıqlılığına nail olmaq, dövlət büdcə gəlirlərinin təmin olunmasında hər-hansı təhlükələrin aradan qaldırılması, bank və maliyyə sektorunun sağlamlığının dayanıqlığının təmin olunması, əhalinin hər-hansı ciddi təhlükədən sığortalanması baxımından əhəmiyyətini qeyd edib.
Deputatlar Nigar Arpadarai və Etibar Əliyev sənəd barədə fikirlərini açıqlayıblar.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Layihədə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulması və bu sahədə səlahiyyətli orqanının tələblərinin yerinə yetirilməməsi və ya ona maneçilik törədilməsi halında inzibati məsuliyyətin və inzibati təqibin müəyyən edilməsi üçün İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi təklif olunur.
Sonra komitə sədrləri Zahid Oruc və Tahir Mirkişili İnsan hüquqları komitəsinin və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sənədlə bağlı müsbət rəylərini açıqlayıblar.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, sənəd adları çəkilən qanunların "Nağdsız hesablaşmalar haqqında" 2021-ci il 3 dekabr tarixli qanuna uyğunlaşdırılması məqsədi ilə hazırlanıb.
Sonra Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu komitələrin sənədlə bağlı müsbət rəylərini bildiriblər.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Daha sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumatında bildirib ki, təklif olunan dəyişikliklər qanunun təkmilləşdirilməsi və bir sıra müddəalarının dəqiqləşdirilməsi məqsədi daşıyır. Belə ki, qanunun 2.1.1-ci maddəsinə əsasən, enerji dedikdə bütün növ enerji məhsulları, o cümlədən yanacaq növləri, bərpa olunan enerji, elektrik, istilik, su enerjisi və digər enerji formaları nəzərdə tutulur. Bu baxımdan bir sıra enerji məhsullarına, yanacaq növlərinə münasibətdə terminoloji baxımdan "nəql" sözü işlənilmişdir. Bu məqsədlə "nəql" sözünün əlavə edilməsi təklif olunur. Bununla yanaşı, Enerji Effektivliyi Fondunun fəaliyyətinin təmin olunması üçün onun saxlanması xərclərinin fondun öz vəsaitləri hesabına həyata keçirilməsi təklif olunur.
Komitə sədri Siyavuş Novruzov, deputatlar Razi Nurullayev, Aydın Hüseynov, Sevinc Hüseynova təklif olunan dəyişikliklər barədə fikirlərini bildiriblər.
Komitə sədri Sadiq Qurbanov çıxışlarda səsləndirilən məsələlərə münasibət bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, qanun layihəsi "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının 9 iyul 2021-ci il tarixli qanununun tətbiqi ilə əlaqədar hazırlanıb, uyğunlaşdırma və terminlərin dəqiqləşdirilməsi məqsədi daşıyır.
Məsələ ilə bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müsbət rəyi bildirilib və qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi