Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr inkişaf edir
Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlament Məclisinin deputatları Əbülfəs Xamedov, Zarina Kamasova və Güldara Nurumova ilə görüşüb.
Vitse-spiker Adil Əliyev qonaqları salamlayaraq qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında əhəmiyyətli rol oynadığını qeyd edib. Ölkələrimiz arasında dostluq əlaqələrinin dinamik inkişaf etdiyini söyləyib. Bu əlaqələrin möhkəmləndirilməsində parlamentlər səviyyəsində əməkdaşlığın önəmindən danışıb.
Sonra Adil Əliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərdən bəhs edib. O, rəşadətli Azərbaycan Ordusunun uzun illər erməni işğalı altında qalmış torpaqlarımızı azad etdiyini, ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini bildirib. Azərbaycanın qazandığı qələbədən sonra bölgədə sabitliyin bərqərar olduğunu, yeni reallıqların formalaşdığını vurğulayıb. Bu reallıqların region ölkələrinin sülh və əmin-amanlıq şəraitində inkişaf etməsi üçün şərait yaratdığını qeyd edib.
Milli Məclis sədrinin müavini təəssüf hissi ilə bildirib ki, Ermənistandakı bəzi qüvvələr bu gün də sülhə maneə olmağa cəhd edirlər. Onlar məğlubiyyəti qəbul etməyərək revanşist çağırışlar səsləndirirlər. Vitse-spiker bu mövzuya həsr olunmuş geniş məqaləsinin Qazaxıstan mətbuatında dərc edildiyini deyib.
Vitse-spiker Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı dövründə bu ərazilərin talan edildiyini, tarixi və mədəni abidələrin dağıdıldığını, burada minaların basdırıldığını diqqətə çatdırıb. O, ölkəmizin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində göstərdiyi səylərdən danışıb. Lakin Ermənistanın mina xəritələrini hələ də tam təhvil vermədiyini bildirib. Həmin yerlərdə mülki vətəndaşların, hərbçilərin minaya düşərək həlak olduqlarını, xəsarət aldıqlarını qeyd edib.
Adil Əliyev hal-hazırda Qarabağda genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini söyləyib. Bildirib ki, artıq burada yeni infrastruktur qurulur, yollar salınır, hava limanları inşa edilir.
Qazaxıstan Respublikası Parlament Məclisinin deputatları səmimi görüşə görə təşəkkürlərini bildirirərək, Azərbaycanın qazandığı tarixi qələbəyə görə bir daha öz təbriklərini çatdırıblar. Ölkələrimiz arasında iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyini qeyd ediblər.
Qonaqlar parlamentlər səviyyəsində əlaqələrin genişləndirilməsinin vacibliyini söyləyiblər. Parlamentlərarası dostluq qruplarının bu əlaqələrin inkişafında rolundan bəhs ediblər. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin təcrübə və informasiya mübadiləsi baxımından önəmli olduğunu bildiriblər.
Qazaxıstanlı deputatlar bu günlərdə Milli Məclis sədrinin müavini Adil Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında göstərdiyi xidmətlərə və verdiyi töhfəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən “Qazaxıstanın müstəqilliyinin 30 illiyi” medalı ilə təltif edildiyi münasibəti ilə onu təbrik ediblər.
Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sadiq Qurbanov, Sevinc Hüseynova, Anar Məmmədov, Razi Nurulayev iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi