Milli Məclisin sədri Sahibə Qafarova Səudiyyə Ərəbistanı Krallığının Baş Audit Məhkəməsinin Prezidenti ilə görüşüb

Sədrin görüşləri
06 may 2022 | 13:21   
Paylaşın:        

Mayın 6-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş Audit Məhkəməsinin Prezidenti Doktor Hussam bin Abdulmohsen Alangari ilə görüşüb.

Qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən spiker diqqətə çatdırıb ki, Azərbaycan dost və qardaş Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Bizim xalqlarımız tarixən dini və mədəni köklərlə bir-birinə bağlıdır və ölkələrimiz arasındakı münasibətlər bu möhkəm təmələ əsaslanır. Sahibə Qafarova qonağın bu səfərinin də Azərbaycanla Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Milli Məclisin sədri bu ilin fevralında Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini, münasibətlərimizin bu illər ərzində uğurlu inkişaf yolu keçdiyini və əməkdaşlığımızın daha da genişləndiyini diqqətə çatdırıb.

Söhbət zamanı ikitərəfli əlaqələrin güclənməsində ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolundan danışan Sahibə Qafarova, iki ölkə rəhbərlərinin səfərlərinin həyata keçirilməsinin münasibətlərin bütün istiqamətlərdə inkişafına təkan verdiyini deyib.

Milli Məclisin sədri bildirib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində çox səmərəli əməkdaşlıq edirlər. Spiker qeyd edib ki, Azərbaycan Səudiyyə Ərəbistanının, xüsusilə də BMT və İƏT çərçivəsində ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi və ədalətli mövqeyini yüksək qiymətləndirir. Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla, ümumiyyətlə diplomatik əlaqələr qurmayıb. Bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstək və qardaşlıq nümunəsidir.

Söhbət zamanı Sahibə Qafarova parlamentlərarası münasibətlərimizin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb. Qeyd edib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ənənəvi dostluq əlaqələrinin genişləndirilməsində ölkələrin ali qanunverici orqanları müsbət rol oynayır. Hər iki ölkə parlamentində dostluq qrupları uğurla fəaliyyət göstərir.

Qonağın bu səfərinin Azərbaycan Respublikasının Hesablama Palatasının dəvəti ilə həyata keçirildiyinə toxunan Milli Məclisin sədri Azərbaycan Respublikasının Hesablama Palatası ilə qonağın rəhbərlik etdiyi qurum arasında imzalanmış Anlaşma Memorandumunun ölkələrimiz arasında mövcud olan hüquqi bazanı daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

Görüşdə Sahibə Qafarova qonağa 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsi barədə də məlumat verib. Spiker qeyd edib ki, Azərbaycan torpaqlarını azad etməklə həm beynəlxalq hüququn prinsiplərinin icrasını təmin edib, həm də Ermənistan tərəfindən ortaq İslam dəyərlərimizə aid dini mədəniyyət abidələrinin və məscidlərimizin təhqirinə son qoyub. İndi həmin ərazilərdə məscidlərimiz yenidən tikilir, sürətli bərpa və quruculuq işləri aparılır. Bu gün Azərbaycan sülhdən və sabitlikdən danışır. Ölkəmiz sülh müqaviləsinin imzalanması istiqamətində təkliflərini irəli sürüb.

Səudiyyə Ərəbistanı Krallığının Baş Audit Məhkəməsinin Prezidenti Doktor Hussam bin Abdulmohsen Alangari Azərbaycanın inkişafını, gördüyü işləri təqdir etdiklərini və qürur duyduqlarını diqqətə çatdırıb. Qonaq iki ölkə arasındakı münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. Qeyd  edib ki, Səudiyyə Ərəbistanının Baş Audit Bürosu ilə Azərbaycan Respublikasının Hesablama Palatası arasında imzalanmış Anlaşma Memorandumu qarşılıqlı münasibətlərin daha da inkişafına yeni bir töhfə olacaq.

Söhbət zamanı Doktor Hussam bin Abdulmohsen Alangari ölkəsində parlamentin fəaliyyəti, ali qanunvericilik orqanında qadınların təmsilçiliyi barədə fikirlərini  bölüşüb.

Görüşdə Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU