TƏBİİ EHTİYATLAR, ENERGETİKA VƏ EKOLOGİYA KOMİTƏSİNİN İCLASINDA

Dekabrın 7-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirildi. İclasda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında” Protokolun təsdiq edilməsi ilə bağlı qanun layihəsi müzakirə edildi.
Milli Məclis Sədrinin müavini, komitənin sədri Valeh Ələsgərov qeyd etdi ki, 2011-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində imzalanmış bu Protokolun məqsədi Xəzər dənizini,eləcə də torpağı neftlə çirklənmədən qorumaqdır. Sənəddə çirklənmə təhlükələrinə hazırlıq, cavab tədbirləri və bu sahədə birgə əməkdaşlıq üçün regional tədbirlər əksini tapmışdır.
Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi sənədlə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, bu protokolu beş Xəzəryanı ölkənin hamısı imzalamışdır. Bu sənədə əsasən razılığa gələn tərəflər neftlə çirklənmə hallarına qarşı bütün lazımı işləri həyata keçirəcəklər. Qeyd edildi ki, protokolun həyata keçirilməsi məqsədilə bu problemlə mübarizədə regional əməkdaşlıq üzrə plan hazırlanacaq.
Müzakirələr zamanı deputatlar sənədin əhəmiyyətindən danışdılar, bununla təkcə Xəzər dənizinin deyil, eyni zamanda Xəzərətrafı sahələrin də çirklənməsinin, fauna və florasının mühafizəsi üçün yeni imkanlar yaradıldığını bildirdilər.
Sonda qanun layihəsinin təsdiqlənmək üçün Milli Məclisin plenar sessiyasına təqdim edilməsi qərara alındı.
Milli Məclisin
Mətbuat xidməti