Elm və təhsil komitəsinin iclasında

Komitə iclasları
10 may 2022 | 18:07   
Paylaşın:        

Mayın 10-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

İclası açan Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə üçüncü oxunuşda olan iki qanun layihəsi - “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi daxil edilib.

Gündəliyin müzakirəsinə keçməzdən əvvəl komitə sədri Bəxtiyar Əliyev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünün bu gün xalqımız tərəfindən dərin hörmət və ehtiramla anılmasından söz açıb. Komitə sədri bütün həyatını Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünün bərpasına, xalqının rifahı və xoşbəxtliyinə həsr edən Ulu öndərin işıqlı xatirəsinin bu gün azad Şuşada və digər azad olunmuş torpaqlarımızda da qeyd olunmasının qürurunu və sevincini yaşadığımızı vurğulayıb. Bildirib ki, Ulu öndər Qarabağın işğaldan azad edilməsinin zəruri əsaslarını yaratsa da, bu arzusunu gerçəkləşdirmək ona nəsib olmadı. Lakin Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız 44 günlük Vətən müharibəsində düşmən işğalından azad edilməklə dahi rəhbərin bu böyük arzusu da uğurla gerçəkləşib. Bu gün Ulu öndərin də, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin də ruhunun şad olduğunu bildirən komitə sədri Prezident İlham Əliyevin Azərbaycanı Ulu öndərin müqəddəs amalları ətrafında sıx birləşdirərək yeni-yeni zirvələrə doğru daşıdığını vurğulayıb.

Sonra gündəlikdəki məsələləri təqdim edən Bəxtiyar Əliyev qanun layihələri və onların 1-ci və 2-ci oxunuşları barədə məlumat verib. Komitə sədri millət vəkillərinin qanun layihələrini dəstəklədiklərini qeyd edərək, sənədlərlə bağlı aparılan müzakirələrdə deputatlar tərəfindən qaldırılan məsələlərə aydınlıq gətirib.

Bəxtiyar Əliyev sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilməsi ilə bağlı görülən tədbirlərdən, yerinə yetirilən dövlət proqramlarından söz açıb. O, ölkəmizdə inklüziv təhsilin tətbiqi ilə bağlı təşəbbüsləri, xüsusən də Heydər Əliyev Fondu tərəfindən digər layihələrlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququnun təmini ilə bağlı həyata keçirilən layihələri diqqətə çatdırıb.

Komitə sədri bildirib ki, bütövlükdə təklif edilən dəyişikliklərin əsas məqsədi, sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühitin dövlət təminatlarını yaratmaqdan ibarətdir.

Qanun layihələrinin müzakirəsində Elm və təhsil komitəsinin üzvləri İsa Həbibbəyli, Ceyhun Məmmədov, Etibar Əliyev, Tamam Cəfərova çıxış ediblər.

Deputatlar Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar, onun elm və təhsilə göstərdiyi böyük diqqət və qayğını xüsusi vurğulayıblar və bildiriblər ki,  dahi rəhbərin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.

Qanun layihələri ilə bağlı müsbət rəylərini açıqlayan millət vəkilləri təhsil sahəsinin bir sıra aktual məsələləri ilə bağlı fikirlərini səsləndiriblər.

Müzakirələrin sonunda deputatlar hər iki qanun layihəsini üçüncü oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Ülviyyə Ağayeva, Afət Həsənova, Müşfiq Məmmədli, Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU