Milli Məclisin nümayəndə heyəti ölkəmizin İsveçrədəki səfirliyində olub
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyində olub.
Əvvəlcə Milli Məclisin sədri və nümayəndə heyətinin üzvləri səfirliyin binasında Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, büstün önünə gül dəstələri düzüblər.
Qeyd olunub ki, mayın 10-da müasir, müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın xilaskarı, Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü tamam olur. Ulu öndərin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri dövlətçilik tariximizin ən parlaq səhifələrini təşkil edir. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımıza ləyaqətlə xidmət edib. Ölkəmizi tənəzzül və parçalanmadan xilas edərək, müstəqilliyimizin dönməzliyini təmin edib, onun uğurlu inkişafının əsaslarını yaradıb.
Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin zəngin irsi, ölməz ideyaları bu gün də yaşayır və bizi inamla gələcəyə aparır. Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası onun layiqli siyasi varisi möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm nailiyyətlərə imza ataraq, dünya miqyasında böyük nüfuz sahibi olan dövlət kimi tanınır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə ilə Azərbaycan öz qüdrətini bir daha nümayiş etdirib.
Sonra Milli Məclisin sədri səfirliyin fəaliyyəti ilə tanış olub, diplomatik korpusun əməkdaşları ilə söhbət edib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi