Azərbaycanla Şimali Makedoniya arasında əlaqələr inkişaf edir

Tədbirlər
11 may 2022 | 16:28   
Paylaşın:        

Mayın 11-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev  Makedoniya Türk Demokrat Partiyasının sədri, millət vəkili Baycan İlyas və Partiyanın sədr müavini, Şimali Makedoniyanın əmək və sosial siyasət nazirinin müavini Enver Hüseyin ilə görüşüb.

Musa Quliyev qonaqları salamlayaraq, onlara Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını çatdırıb. Azərbaycanla Şimali Makedoniya arasında dost və qardaş münasibətlərin olduğunu deyən komitə sədri bildirib ki, Makedoniya öz müstəqilliyini elan etdikdən qısa müddət sonra ölkələrimiz arasında diplomatik əlaqələr  yaranıb. İki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq inkişaf edir. Qarşılıqlı səfərlər və keçirilən görüşlər bu baxımdan çox önəmlidir. Qeyd edilib ki, iqtisadi, ticarət, turizm sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün bir çox imkanlar mövcuddur. Eyni zamanda, sosial, humanitar sahələrdə də qarşılıqlı faydalı əməkdaşlığın inkişafına çalışmaq lazımdır.

Komitə sədri iki ölkə arasında əlaqələrin genişləndirilməsində parlamentlərin  xüsusi rolundan danışıb. Azərbaycan Milli Məclisində Şimali Makedoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyini deyib. Deputatlarımızın həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığının əhəmiyyətli olduğunu vurğulayıb.

Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil etdiyini söyləyən Musa Quliyev  Makedoniya Türk Demokrat Partiyası ilə əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

Sonra komitə sədri 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən bəhs edib. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaqlarımızı 30 illik erməni işğalından azad etdiyini, ərazi bütövlüyümüzü bərpa etdiyini vurğulayıb. Hazırda Qarabağda yenidənqurma və abadlıq işlərinin sürətlə həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu sahədə Makedoniya şirkətləri də yaxından iştirak edə bilərlər.

Makedoniya Türk Demokrat Partiyasının sədri, millət vəkili Baycan İlyas səmimi görüşə görə minnətdarlığını ifadə edərək ölkəmizə ilk dəfə səfər etdiklərini və bu səfərin Yeni Azərbaycan Partiyası vasitəsilə baş tutduğunu bildirib. Qonaq iki partiya arasında əlaqələrin dövlətlərimiz arasında münasibətlərin möhkəmlənməsinə xidmət etdiyini, bu baxımdan  imzalanan Əməkdaşlıq Memorandumunun önəmli olduğunu söyləyib.

 

Baycan İlyas Azərbaycanın türk dünyasının çox önəmli dövlətlərindən biri olduğunu və ölkələrimizin tarixi, mədəni, dil, din baxımından yaxın olduqlarını söyləyib. O, Şimali Makedoniyanın Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu və siyasi əlaqələrin möhkəmləndirilməsinin önəmini qeyd edib. Qonaq parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edib.

Səfər çərçivəsində keçirdikləri görüşlərdən danışan Baycan İlyas iki ölkə arasında iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Qonaq Azərbaycanın sürətli inkişafından məmnunluq duyduğunu söyləyib, Bakı ilə bağlı xoş təəssüratlarını bölüşüb. O, ölkəmizin Qarabağda əldə etdiyi Qələbə münasibəti ilə  təbriklərini çatdırıb və bu Zəfərdən qürur duyduqlarını vurğulayıb.

Görüşdə iştirak edən Milli Məclisin deputatı Hikmət Məmmədov Azərbaycanın və Şimali Makedoniyanın multikultural ölkələr olduqlarını bildirib. Azərbaycanda multikultural dəyərlərə böyük önəm verildiyini, burada bir çox xalqların nümayəndələrinin firavan yaşadığını diqqətə çatdırıb. O, Şimali Makedoniyanın Balkanlarda türk mədəniyyətinin inkişafı baxımından  əhəmiyyətli rolundan danışıb.

Şimali Makedoniyanın əmək və sosial siyasət nazirinin müavini Enver Hüseyin çıxışında ölkəsinin  Azərbaycanla ortaq dəyərləri paylaşdığını söyləyib, türklərin Makedoniyanın ictimai-siyasi həyatında fəal iştirak etdiklərini bildirib. O, türk dövlətləri arasında əlaqələrin daha da  möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb. Qonaq Azərbaycanda gedən hərtərəfli inkişafdan söhbət açaraq, xüsusilə  DOST mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olduğunu və bunu təqdir etdiyini söyləyib.

Görüşdə iştirak edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri, Milli Məclisin YAP Ərazi Partiya Təşkilatının sədri Adil Vəliyev ölkələrarası və parlamentlərarası əlaqələr, qanunvericilik sahəsində əməkdaşlıqla bağlı fikirlərini bölüşüb.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU