MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
07 dekabr 2012 | 05:12   
Paylaşın:        

Milli Məclisin Mədəniyyət komitəsinin dekabrın 7-də keçirilən iclasında “Mədəniyyət haqqında” qanun layihəsi müzakirə edildi.
Komitə sədri Nizami Cəfərov iclası açaraq bildirdi ki, bu gün mədəniyyətə dövlət tərəfindən böyük qayğı göstərilir. Ölkə həyatının bütün sahələrində, o cümlədən mədəniyyət sahəsində ciddi irəliləyişlər baş verir. Bu proseslər fonunda bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsinə və yeni qanunun qəbul olunmasına ehtiyac yarandı.
Sonra Nizami Cəfərov təqdim olunan sənəd barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, qanun layihəsi 12 fəsil, 61 maddədən ibarətdir. Layihənin həm komitə iclaslarında həm də parlamentin plenar iclaslarında birinci və ikinci oxunuşlarda geniş müzakirələri keçirilib, bir çox təkliflər irəli sürülüb. Bu təkliflər mütəxəssislər tərəfindən araşdırılıb və son nəticədə üçüncü oxunuş üçün daha mükəmməl qanun layihəsi təqdim olunub. Komitə sədri vurğuladı ki, layihədə terminologiya ilə bağlı bir sıra dəqiqləşdirmələr aparılıb, ümumilikdə 26 anlayışın izahı verilib.
İclasda çıxış edən komitə üzvləri Jalə Əliyeva, Leyla Abdullayeva, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova, Mədəniyyət və Turizm Nazirliyinin məsul işçiləri təqdim olunan sənədin əhəmiyyəti barədə fikirlərini açıqladılar. Qeyd edildi ki,  qanun layihəsi daha da təkmilləşdirilmişdir və burada mədəniyyət sahəsində infrastruktur baxımından gedən əsaslı dəyişikliklər nəzərə alınmışdır.
Toplantı iştirakçıları Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və  İSESKO-nun xoşməramlı səfiri, deputat Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və təbliğindəki rolunu yüksək qiymətləndirdilər.
Müzakirələrin sonunda “Mədəniyyət haqqında” qanun layihəsinin üçüncü oxunuş üçün Milli Məclisin plenar iclasına təqdim edilməsi qərara alındı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU