Milli Məclisdə İsrailin Şiba Tibb Mərkəzinin həkimləri ilə görüş keçirilib
Mayın 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev İsrail Dövlətinin Şiba Tibb Mərkəzinin Qlobal şöbəsinin müdiri Yoel Har-Even və Mərkəzin həkimi Boris Orkin ilə görüşüb.
Komitə sədri qonaqları Milli Məclisdə salamlamaqdan məmnunluğunu ifadə edib. O, Şiba Tibb Mərkəzinin dünyada tanınan və tibb sahəsində böyük nailiyyətlər əldə edən bir mərkəz olduğunu deyib, bu mərkəzlə əməkdaşlığı müsbət dəyərləndirib. Musa Quliyev Azərbaycanla İsrailin dost dövlətlər olduğunu, iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləyib. O, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı İsrailin dəstəyini yüksək dəyərləndirib.
Qeyd olunub ki, ölkələrimiz arasında əlaqələr dərin tarixi köklərə əsaslanır. Yəhudi xalqının nümayəndələri Azərbaycanda uzun illərdir mehriban dostluq şəraitində yaşayır və ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Musa Quliyev parlamentlər səviyyəsində əməkdaşlığın əhəmiyyətini qeyd edərək, Milli Məclisdə İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Bildirilib ki, parlamentlər, diasporlar səviyyəsində, habelə ictimaiyyət nümayəndələri arasında münasibətləri daha da inkişaf etdirmək, dostluq əlaqələrimizi daha da möhkəmləndirmək üçün geniş imkanlar mövcuddur.
İsrail Dövlətinin Şiba Tibb Mərkəzinin Qlobal şöbəsinin müdiri Yoel Har-Even səmimi görüşə görə təşəkkürünü bildirib. Ölkələrimiz və xalqlarımız arasında olan dostluq münasibətlərinin məmnunluq doğurduğunu qeyd edib. O, İsrail Dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb.
Görüşdə qonaq təmsil etdiyi Şiba Tibb Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verib. O, Mərkəzin səhiyyə sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu deyib.
Sonra Şiba Tibb Mərkəzinin həkimi Boris Orkin çıxış edərək tibb sahəsində təcrübə və informasiya mübadiləsi baxımından əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib. Səhiyyə sistemində yeni texnologiyaların tətbiqinin əhəmiyyətindən danışıb. Mərkəzin yeni layihələrindən bəhs edən qonaq bu layihələrin tətbiqi üçün Azərbaycanda yaxşı imkanların olduğunu söyləyib.
Görüşdə iştirak edən Milli Məclisin Səhiyyə komitəsini üzvü Anatoliy Rafailov iki ölkə arasında qarşılıqlı faydalı münasibətlərin inkişaf etdiyini söyləyib. Azərbaycanda yaşayan yəhudi icmasının ölkələr arasında ikitərəfli əlaqələrin möhkəmlənməsində xüsusi rolunu qeyd edib. O, ölkəmizdə yəhudilərə olan dost münasibətindən danışıb. Yəhudi xalqının nümayəndələrinin ölkə həyatının bütün sahələrində təmsil olunduğunu deyib.
Deputatımız səhiyyə sahəsində əməkdaşlığın vacibliyini bildirərək bir sıra qeyd və təkliflərini diqqətə çatdırıb. O, tibb sahəsində mütəxəssislərin hazırlanmasının, habelə bu istiqamətdə elmi araşdırmalarla bağlı təcrübə və informasiya mübadiləsinin əhəmiyyətli olduğunu söyləyib.
Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi