Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Tədbirlər
16 may 2022 | 13:34   
Paylaşın:        

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyəti mayın 16-da Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər qoyulub.

Sonra Şəhidlər xiyabanına gələn Özbəkistan nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Özbəkistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov və digər rəsmi şəxslər müşayiət ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU