Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

Sədrin görüşləri
17 may 2022 | 21:09   
Paylaşın:        

Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda ilə görüşüb. Parlamentin sədri qonağın Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirakını yüksək dəyərləndirib.

Qeyd edilib ki, nümayəndə heyətlərimizin bu cür  beynəlxalq tədbirlərdə iştirakı, tərəfləri düşündürən məsələlərin müzakirəsi baxımından çox önəmlidir. Spiker Azərbaycan və Tacikistan xalqlarının oxşar mədəni dəyərlərə malik olmasının əlaqələrimizin inkişafı üçün yaxşı zəmin yaratdığını söyləyib. Qeyd edilib ki, Azərbaycan-Tacikistan dostluğunun qədim tarixi vardır. Biz gələcəkdə də bu ölkə ilə həyatın müxtəlif sahələrində əlaqələrimizi dərinləşdirmək niyyətindəyik. Bildirilib ki, yüksək səviyyəli görüşlər zamanı, aparılan danışıqlar ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin daha da inkişafına yaxşı zəmin yaradır.

Bu gün iqtisadi, mədəni humanitar sahələrdə münasibətləri daha da dərinləşdirmək üçün geniş imkanlar mövcuddur.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda İƏT PA Üçüncü Ümumi Konfransında iştiraka dəvətə görə minnətdarlığını ifadə edib, burada gördüyü qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkil olunması görə təşəkkür edib. Bildirib ki, Tacikistan Azərbaycanla təkcə siyasi deyil, iqtisadi, mədəni, humanitar sahələrdə də əməkdaşlığı genişləndirmək istəyir. Parlamentlər səviyyəsində əlaqələrin inkişafı bu sahələrə də öz müsbət təsirini göstərə bilər.  Bu baxımdan nüfuzlu beynəlxalq qurumlarda nümayəndə heyətlərimizin iştirakını və qarşılıqlı səfərləri qonaq təqdir edib.

Görüşdə parlamentlərarası əlaqələrinin buğunu, gələcək inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU