Gənc Parlamentarilərin Forumunda
Mayın 18-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Gənc Parlamentarilərin Forumu çərçivəsində gənclərin iştirakçılığının müxtəlif istiqamətlərinə həsr olunmuş diskussiya panelləri keçirilib.
Hibrid formatda keçirilən diskussiya panellərində Milli Məclisin deputatları Emin Hacıyev (MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru), Nigar Arpadarai və Könül Nurullayeva iştirak ediblər, müzakirə olunan mövzularla bağlı fikirlərini səsləndiriblər.
***
Forumun “Gənclik mühitində millətlərarası (etnoslararası) və konfessiyalararası həmrəyliyin artırılmasında gənclərin beynəlxalq əməkdaşlığının rolu” diskussiya panelində Milli Məclisin deputatı və MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru Emin Hacıyev əyani, deputat Nigar Arpadarai isə onlayn formada qatılıb.
Diskussiya panelində müzakirə olunan millətlərarası və konfessiyalararası sülhün əldə olunmasında gənclərin rolunun əhəmiyyətini vurğulayan deputat Nigar Arpadarai Azərbaycanın bu sahədəki nümunəvi təcrübəsindən söz açıb. Həmçinin Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasəti nəticəsində Azərbaycan və erməni xalqları arasında etimadsızlıq mühitinin yaranmasından təəssüf hissi ilə danışıb. Mövcud vəziyyətə görə məsuliyyətin qonşularına qarşı ərazi iddiaları və işğalçılıq siyasəti yeridən erməni millətçilərinin üzərində olduğunu vurğulayan Nigar Arpadarai, Azərbaycanın inteqrasiya mühitinin bərpa edilməsinə hazır olduğunu qeyd edib.
Mövzu ilə bağlı çıxış edən deputat Emin Hacıyev Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb. O, regionda dayanıqlı sülhün bərqərar olması və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyanın keçirilməsinin, nəqliyyat dəhlizinin açılmasının və sülh müqaviləsinin bağlanmasının əhəmiyyətini vurğulayıb.
***
Forumun “Zamanın reallıqlarında milli sağlamlıq: gəncliyin gündəliyi” mövzusunda diskussiya panelinə onlayn formatda qatılan deputat Könül Nurullayeva mövzu ilə bağlı çıxış edib.
Müasir dövrdə gənc nəslin həyatında yeni texnologiyaların böyük yer tutduğunu deyən Könül Nurullayeva Azərbaycan dövlətinin gənclərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib.
Bundan başqa, əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliğinin daim Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqətində olduğunu deyən Könül Nurullayeva, gənclər arasında bədən tərbiyəsi və idmanın populyarlaşması üçün görülən tədbirlərdən danışıb.
Deputat Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun və onun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın Azərbaycanın gənclər hərəkatının inkişafına verdiyi töhfələrə diqqət çəkib, ölkəmizin gənclər siyasətinin əsas istiqamətləri barədə danışıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi