MDB PA-nın komitələrində
Mayın 19-da MDB PA-nın Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının və Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının birgə iclası keçirilib.
Tədbirdə Milli Məclisin deputatları - MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının sədri Nizami Səfərov, komissiyanın üzvü Anatoliy Rafailov, MDB PA-nın Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının sədr müavini Rasim Musabəyov iştirak ediblər.
Birgə iclasda hər iki komitənin gündəliyinə daxil olan “BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Ofisinin Rusiya üzrə Nümayəndəliyinin fəaliyyəti haqında”, “Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının Rusiyada və Belarusdakı regional nümayəndəliyinin fəaliyyəti haqqında”, “Pandemiyalar barədə qlobal müqavilə layihəsi haqqında” məruzələr birgə dinlənilib və müzakirə edilib. Baxılan məruzələrlə bağlı MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının sədri Nizami Səfərov qeydlərini bildirib, fikirlərini səsləndirib. İclasda məruzələr nəzərə alınıb.
Sonra komitələr işlərini ayrı-ayrılıqda davam etdiriblər.
***
Milli Məclisin deputatı Nizami Səfərovun sədrliyi ilə keçən MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının iclasında komissiyanın üzvü Anatoliy Rafailov da iştirak edib.
İclasda Müstəqil Dövlətlər Birliyində 2023-2025-ci illər üçün model qanun yaradıcılığının perspektiv planına dair təkliflər, “Sağlam həyat tərzi sahəsində sosial reklam haqqında” model qanun layihəsi müzakirə olunub və digər məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.
***
MDB PA-nın Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının iclasında MDB PA-nın ATƏT PA, AŞPA, Parlamentlərarası İttifaq, BMT Antiterror İdarəsi kimi beynəlxalq təşkilatlarla qarşılıqlı koordinasiya məsələləri nəzərdən keçirilib, komissiyanın 2021-ci ildə fəaliyyətinin yekunları haqqında məlumat dinlənilib və müvafiq qərarlar qəbul edilib.
İclasda MDB PA-nın Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının sədr müavini Rasim Musabəyov gündəliyin “MDB PA-nın tədbirlərində beynəlxalq tərəfdaş təşkilatların iştirakı məsələsi” ilə bağlı qeydini səsləndirib, fikrini bildirib.
MDB PA-nın daimi komissiyalarının iclaslarında, həmçinin təşkilati məsələlər həll edilib, növbəti iclasların gündəliyi və vaxtı müəyyənləşdirilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi