Deputatımız beynəlxalq konfransda iştirak edəcək
Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Beynəlxalq qızıl-tikmə, zərgərlik və toxuculuq sənəti festivalında iştirak etmək üçün mayın 19-dan 26-dək Özbəkistanın Daşkənd və Buxara şəhərlərində səfərdə olacaq.
Səfər çərçivəsində deputatımız Buxara şəhərində keçiriləcək “Ənənəvi qızıl-tikmə, zərgərlik və toxuculuq sənəti: tarixi, təcrübəsi və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edəcəkdir.
Tədbir çərçivəsində mədəniyyət komitəsinin üzvü Ülviyyə Həmzəyeva sessiyanın “Tikmə sənətinin tarixi: dizayn və innovativ yanaşma” mövzusunda çıxış edərək fikirlərini bölüşəcək.
Deputatımız “Ənənəvi qızıl tikmə və zərgərlik sənətinin sosial-mədəni təcrübə kimi qorunması və inkişafı sahəsində dünya təcrübəsi”, “Ənənəvi qızıl tikmə və zərgərlik sənəti: tarixi-nəzəri problemlər və təhsil texnologiyaları” mövzularında keçiriləcək sessiyalara da qatılacaq.
Konfransda Azərbaycan Milli Xalça Muzeyinin eksponatları timsalında Azərbaycan zərgərlik sənətinin növləri və texnologiyaları barədə də fikir mübadiləsi aparılacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi