Milli Məclis sədrinin müavini Adil Əliyev gənclərlə görüşüb

Tədbirlər
19 may 2022 | 18:55   
Paylaşın:        

Mayın 19-da Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının inzibati binasında Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, İnşaat və Memarlıq Universitetinin tələbələri və eləcə də rayonun fəal gəncləri ilə görüşüb.

Tədbirdən öncə vitse-spiker Adil Əliyev və YAP-ın Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək, önünə tər güllər düzüblər. Sonra Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb.

“Dövlət gənclər siyasəti” mövzusuna həsr edilmiş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən Milli Məclisin sədr müavini Adil Əliyev ölkəmizdə gənclərə və gənclər siyasətinə böyük önəm verildiyini, bu siyasətin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, Ulu Öndərin müvafiq sərəncamı ilə Şərqi Avropada və MDB ölkələrində ilk dəfə Azərbaycanda Gənclər gününün təsis edildiyini, 25 il ərzində Azərbaycanda gənclər sahəsində kompleks dövlət siyasətinin hazırlanaraq həyata keçirildiyini qeyd edib.

Vitse-spiker gənclər siyasəti sahəsində görülən sistemli işlər çərçivəsində Gənclər və idman nazirliyinin yaradılmasını, Gənclər Fondunun təsis edilməsini, “Gənclər siyasəti haqqında”, “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunlarının qəbul edilməsini, bu sahədə Dövlət Proqramlarının həyata keçirilməsini, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsini və hər il 10 nəfər gəncimizə dövlət başçısı tərəfindən fərdi təqaüdlərin verilməsini bu sahəyə olan xüsusi diqqətin nümunəsi kimi dəyərləndirib.

Gənclərə keyfiyyətli təhsilin verilməsinin, gənc nəsillərin savadlı və vətənpərvər ruhda yetişdirilməsinin ölkəmizdə bu sahədə aparılan siyasətin əsas hədəflərindən olduğunu qeyd edən sədr müavini bu məqsədlə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb.

Gənclər siyasətinin Vətən müharibəsi dövründə də öz uğurlu nəticəsini verdiyini bildirən vitse-spiker Adil Əliyev, Müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin əsas hərəkət qüvvəsinin gənclər olduğunu, gənclərin istər ön cəbhədə, istərsə də arxa cəbhədə böyük qəhrəmanlıqlar göstərdiyini qeyd edib.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev gənclərlə belə görüşlərin əhəmiyyətindən danışıb. O, gənclər siyasətinin dövlətimiz üçün prioritet təşkil edən sahələrdən biri olmasını və bu siyasətin yüksələn xətlə davam etdiyini bildirib. Bəxtiyar Nəbiyev YAP-ın da dövlətin həyata keçirdiyi bütün genişmiqyaslı işlərdə olduğu kimi, bu sahəyə də yüksək diqqət ayırdığını, mütəmadi olaraq gənclərlə görüşlərin təşkil edildiyini və gəncləri maraqlandıran məsələlərin qarşılıqlı müzakirəsinin gənclər siyasətinə mühüm töhfə verdiyini qeyd edib.

Vətən müharibəsində gənclərimizin Müzəffər Ali Baş Komandanın ətrafındakı sıx birliyindən danışan təşkilat sədri, uzun illərdən sonra ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu deyib.

Daha sonra görüşdə gəncləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb, onlara təhsil və karyera həyatı barədə tövsiyələr verilib.

Çıxış edən gənclər ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Tədbirdə fəal gənclərə Milli Məclisin Gənclər və idman komitəsinin “Fəxri Fərmanı” və hədiyyələr təqdim edilib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU