Milli Məclisdə görüş

Tədbirlər
20 may 2022 | 17:36   
Paylaşın:        

Mayın 20-də Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli G20 Dinlərarası Forumun regional hazırlıq iclası çərçivəsində Bakıda keçirilən “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda beynəlxalq konfransın iştirakçılarının bir qismi ilə görüşüb.

Qonaqları Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən vitse-spiker ölkəmizin keçdiyi sürətli inkişaf yolu, müstəqillik illərində qazandığı nailiyyətlər barədə danışıb. Dinlərarası dialoqun əhəmiyyətini qeyd edən Fəzail İbrahimli, qonaqlara Azərbaycanın öz ərazilərini 44 günlük Vətən müharibəsi nəticəsində azad edərək ərazi bütövlüyünü bərpa etməsi, işğaldan azad olunmuş ərazilərimizdə aparılan sürətli bərpa-quruculuq işləri, ölkəmizdə bərqərar edilmiş sabitlik və tolerantlıq mühiti barədə danışıb. O, bildirib ki, Azərbaycan bütün qonşuları ilə əlaqələrinin yüksək səviyyədə olmasını istəyir.

Dünyada hökm sürən ikili standartlardan danışan Milli Məclisin sədr müavini, dindən dünyada siyasi alət kimi istifadə edilməsindən, bununla da insanların üz-üzə qoyulmasından narahatlığını ifadə edib.

Vitse-spiker qonaqların təmsil etdikləri təşkilatlarda Azərbaycan reallıqlarını, burada gördükləri həqiqətləri obyektiv olaraq çatdıracaqlarına inamını ifadə edib.

Görüşdə çıxış edən ABŞ-ın Stirlinq Fondunun prezidenti Ed Rou, Pakistan, Yunanıstan, Xorvatiya və digər ölkələrin nümayəndələri G20 Dinlərarası Forum platformasında görülən işlərdən, qarşıda dayanan vəzifələrdən və Azərbaycan barədə təəssüratlarından danışıblar. Qonaqlar Azərbaycana bundan sonra da sülh və sabitlik arzularını ifadə ediblər.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Görüşdə  Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvləri Sahib Alıyev, Cavanşir Paşazadə, Ceyhun Məmmədov, Malik Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.      

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU