Milli Məclisdə görüş
Mayın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Türkiyə Respublikasının Hesablama Məhkəməsinin nümayəndələri ilə görüşüb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qonaqları salamlayaraq onları Milli Məclisdə görməkdən məmnun olduğunu söyləyib. Komitə sədri Azərbaycanın büdcə sistemi, onun formalaşması prosesi və büdcəyə nəzarət mexanizmləri barədə qonaqlara qısa məlumat verib. O, vurğulayıb ki, dövlət başçısının tövsiyələrinə və dövrün tələblərinə uyğun olaraq parlamentdə büdcə müzakirələri və büdcə vəsaitlərinə parlamentin nəzarəti daha əhatəli formada həyata keçirilir. Tahir Mirkişili Azərbaycanın Türkiyənin Hesablama Məhkəməsi ilə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
Görüşdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Əli Məsimli son illər dünya ölkələrinin iqtisadiyyatlarının qarşılaşdıqları çağırışlar fonunda büdcə siyasətinin gücləndirilməsi sahəsində Türkiyə ilə birgə əməkdaşlığın və təcrübə mübadiləsinin xüsusi önəm kəsb etdiyini bildirib.
Qəbul üçün təşəkkür edən Türkiyə Respublikasının Hesablama Məhkəməsinin sədri Metin Yener, həmçinin Hesablama Məhkəməsinin dairə başqanı Rafet Doğan Milli Məclisdə olmaqdan böyük məmnunluq duyduqlarını bildiriblər. Qonaqlar təmsil etdikləri qurumun tarixindən danışıblar, Türkiyənin büdcə sistemi, onun formalaşması və nəzarətin təşkili haqqında deputatlara ətraflı məlumat veriblər.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Vüqar Bayramov, Aydın Hüseynov, Anar Məmmədov və Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun iştirak etdiyi görüşdə Azərbaycan və Türkiyənin büdcə nəzarəti sistemi üzrə əməkdaşlığın əhəmiyyəti vurğulanıb, Türkiyə Hesablama Məhkəməsinin Azərbaycanla əməkdaşlığı, təcrübə mübadiləsi yüksək qiymətləndirilib və təcrübə mübadiləsinin gələcəkdə davam etdirlməsinin əhəmiyyəti ifadə olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi