Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli birgə iclasının iştirakçıları Ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Mayın 21-də Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin ölkəmizdə keçiriləcək üçtərəfli birgə iclasının iştirakçıları Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar.
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə bu ölkə Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq edirdilər. Ziyarət zamanı qonaqları Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər müşayiət ediblər.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən oğullarının məzarlarını və “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Sonda Şəhidlər xiyabanında qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib, şəhidlərin məzarları önünə tər qərənfillər düzülüb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi