Milli Məclisdə Kanada parlamentləri ilə görüş keçirilib

Tədbirlər
23 may 2022 | 14:32   
Paylaşın:        

Mayın 23-də Milli Məclisin bir qrup deputatı Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

Görüşdə Milli Məclisin Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tural Gəncəliyev Kanada parlamenti İcmalar Palatasının Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filip Lourensin başçılıq etdiyi nümayəndə heyətini salamlayıb və Azərbaycanla Kanada arasındakı əlaqələrdən bəhs edib. O, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə parlamentlərarası əməkdaşlığın əhəmiyyətindən danışıb.

Milli Məclisin deputatları Nigar Arpadarai və  Sevil Mikayılova ölkələrimiz arasında qarşılıqlı əlaqələrinin möhkəmlənməsində parlamentlərarası münasibətlərin rolundan söz açıblar, parlamentlərdə qarşılıqlı dostluq qruplarının fəaliyyətinin bu istiqamətdə verə biləcəyi töhfələrə toxunublar.

Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filip Lourens nümayəndə heyətinin üzvlərini təqdim edib, bu səfərin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını bildirib. O, qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıb, ikitərəfli münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikirlərini söyləyib.

Kanada parlamenti İcmalar Palatasının deputatları Ceymi Şmale və Erik Melilo Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən söz açıblar, regional proseslərə və həyata keçirilən layihələrə toxunublar.

Kanadadakı Azərbaycan diasporunun üzvü Anar Cahangirli Kanadadakı Azərbaycan icmasının fəaliyyəti, Kanadada Azərbaycan mədəniyyətinin və dilinin təbliğ edilməsi istiqamətində icma üzvlərinin apardığı işlər barədə məlumat verib.

Fikir mübadiləsi şəraitində keçən görüşdə Milli Məclisin deputatları qonaqlara Azərbaycanın Vətən müharibəsində qələbəsi, regionda yaranan yeni reallıqlar barədə məlumat veriblər, erməni əsilli vətəndaşların Azərbaycan cəmiyyətinə inteqrasiyasından bəhs ediblər. Bildirilib ki, Azərbaycan regionda davamlı sülhün və inkişafın bərqərar olması üçün əməli addımlar atır və işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpası istiqamətində irimiqyaslı layihələr həyata keçirir.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU