MİLLİ MƏCLİSİN İCLASINDA
Dekabrın 11-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Gündəliyə 25 məsələ daxil edilmişdi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı. Sənədlərin əksəriyyəti imzalanmış sazişlərin təsdiqi və qanun layihələrinə edilən dəyişikliklərdən ibarət idi.
Cari məsələlərin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək bildirdi ki, dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk dəfə olaraq Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyev də bu münasibətlə xalqı təbrik edib. Tarixdə ilk dəfə Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul olunması ölkəmizin bütün dünyada artan nüfuzunun təzahürüdür. Bu, ölkəmizdə həyata keçirilən siyasətin uğurlarından xəbər verir. Əli Əhmədov diqqətə çatdırdı ki, dövlətimiz öz tarixində ilk dəfə olaraq 2015-ci ildə Avropa Olimpiya Oyunlarını keçirməklə Azərbaycanın müasir tarixinin çox şərəfli bir səhifəsini yazacaqdır.
Milli Məclisin Sədri Oqtay Əsədov bu hadisəni yüksək dəyərləndirərək bildirdi ki, bütün bunlar ölkədə aparılan məqsədyönlü siyasətin uğurlarıdır. Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunması Azərbaycan Prezidentinin apardığı siyasətin qələbəsidir. Milli Məclisin Sədri bu münasibətlə bütün Azərbaycan xalqını və Prezident İlham Əliyevi təbrik etdi.
Cari məsələlərin müzakirəsindən sonra gündəliyin müzakirəsi başlandı və Azərbaycanın bir neçə ölkə ilə imzaladığı sazişlər təsdiqləndi. Bunlar Azərbaycan Hökuməti və Türkiyə Hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında, həmçinin bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Sazişlər, Azərbaycan - Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsinin fəaliyyətinin nizamlanması haqqında Protokol, Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsinin təsdiq edilməsi, Azərbaycan Hökuməti və Belarus Hökuməti arasında odlu silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz hazırlanması və dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında, həmçinin cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, o cümlədən mədəni sərvətlərin talanması ilə mübarizə və onların geri qaytarılmasının təmin edilməsi sahəsində əməkdaşlıq haqqında, lizinq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli hüquqi, iqtisadi və təşkilati şəraitin yaradılması haqqında Sazişlər, Azərbaycan Höküməti ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığı Höküməti arasında hava əlaqəsi haqqında, Azərbaycan və Argentina arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Sazişlərin təsdiq edilməsi barədə qanun layihələri idi.
Eyni zamanda, iclasda Azərbaycan Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında, həmçinin Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında Memorandumların təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunlarının ləğv edilməsi barədə məsələlər də təsdiqləndi.
Sənədlərlə bağlı məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, bu memorandumlarda SSRİ dövründə mövcud olmuş qaydalar əksini tapıb. Hazırda isə Azərbaycan bütün ölkələrlə münasibətləri tənzimləyən viza sistemi yaradıb. Eyni zamanda, sərhəd rejimini, təhlükəsizliyi tənzimləyən qanunlar mövcuddur. Miqrasiya, vətəndaşların gedib-gəlməsini tənzimləyən mükəmməl qanunvericilik bazası yaradılıb. Hüquqi baxımdan bu Memorandumların müddəalarına ehtiyac qalmır. Ona görə də hər iki dövlətin səlahiyyətli orqanları müddəti başa çatmış bu Memorandumların ləğvi barədə mövqeyini bildirib.
Sonra iclasda İnzibati Xətalar, Cinayət-Prosessual və Cinayət məcəllələrinə təklif edilən redaktə xarakterli dəyişikliklər də təsdiqləndi.
Gündəlikdə olan digər 6 məsələ - Cinayət, Mülki, İnzibati Xətalar və İnzibati Prosessual məcəllələrinə, həmçinin “Həmkarlar ittifaqları haqqında” və “Mühasibat uçotu haqqında” qanunlara təklif edilən dəyişikliklər isə siyasi partiyalara dair qanunvericiliklə bağlı sənədlər idi. Bildirildi ki, Cinayət Məcəlləsinə 169.1 maddəsinin əlavə edilməsi nəzərdə tutulur. Həmin maddədə siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etməyə görə cərimə və cəzalar nəzərdə tutulur.
Sonda qanun layihələri səsə qoyularaq qəbul edildi.
İclasda həmçinin Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında, Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi haqqında qanun layihələri və “Sosial müavinətlər haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri də səsə qoyularaq qəbul edildi.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti