Milli Məclisin komitə iclasında 2021-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunub
Mayın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Tahir Mirkişili gündəliyə bir məsələnin - “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin birinci oxunuşda daxil edildiyini söyləyib.
Komitə sədri məsələ ilə əlaqədar diqqətə çatdırıb ki, “Büdcə sistemi haqqında” qanunun 20.2-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və bununla bağlı hazırlanmış hesabat ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olub. Qeyd olunub ki, 2021-ci il bütün dünya və Azərbaycan üçün post-pandemiya dövrü kimi məhdudiyyətlərin yumşaldılması, Ümumi Daxili Məhsulun qlobal dünya üzrə artımına rəvac verib. İqtisadi artımın yüksəlməsi bütün dünya ölkələrində, həmçinin Azərbaycanda öz əksini tapıb.
Bildirilib ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsində əldə edilmiş möhtəşəm Zəfərdən sonra 2021-ci ilin büdcəsi Qələbə ilinin büdcəsi kimi yadda qalıb. Ötən ilin büdcəsinin xərclərində müharibə fəsadlarının aradan qaldırılması, sərhədlərimizin təhlükəsizliyinin qorunması, işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması üçün lazımi şəraitin yaradılması, o cümlədən infrastrukturun qurulması kimi istiqamətlər öz əksini tapıb.
Tahir Mirkişli çıxışında ötən ilin büdcəsinin gəlirləri və xərcləri ilə bağlı əsas hədəflərə nəzər salıb. O, büdcənin qeyri-neft gəlirlərinin artırılması, qeyri-neft ixracının coğrafiyasının genişləndirilməsi, iqtisadiyyatın diversifikasiyası, vergi inzibatçılığının təkmilləşdirilməsinə yönəlmiş tədbirlərin davam etdirilməsi, dövlət büdcəsinə daxilolmalar üzrə vahid nəzarət mexanizminin tətbiqinin genişləndirilməsi, vergi daxilolmalarının artırılması, vergi borclarının ödənilməsi istiqamətində əlverişli şəraitin yaradılması, rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılmasını gəlirlər üzrə əsas istiqamətlər kimi qeyd edib.
Xərclərlə bağlı bildirilib ki, sosialyönümlüyün təmin edilməsi, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən dövlət proqramlarının maliyyələşdirilməsi, əhalinin sağlamlığının qorunması məqsədi ilə səhiyyə sahəsində müvafiq tədbirlərin maliyyələşdirilməsi, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, şəhər və kəndlərin bərpası, müasir infrastrukturun yaradılması, şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin daha da gücləndirilməsi üçün maliyyə təminatının yaradılması, ərzaq və su təhlükəsizliyinin təmin olunması, əhalinin mənzilə olan tələbatının təmin edilməsi məqsədilə güzəştli ipoteka kreditlərinin verilməsi və sosial mənzillərin inşası üçün vəsaitin ayrılması, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyinə dair maliyyənin təmin edilməsi qarşıda duran əsas hədəflərdəndir.
Tahir Mirkişili diqqətə çatdırıb ki, bütövlükdə 2021-ci ilin dövlət büdcəsi qəbul olunan zaman gəlirlərin 25 mlrd 427 milyon, xərclərin 28 mlrd 543 milyon, kəsirin 3 mlrd 116 milyon, Ümumi Daxili Məhsulun artım tempinin 3,4 faiz, qeyri-neft sektorunun artım tempinin 3,1 faiz, inflyasiyanın 3,7 faiz, neftin 1 barrelinin qiymətinin 45 dollar olacağı proqnozlaşdırılmışdır. Lakin ötən il pandemiya ilə bağlı karantin rejiminin yumşaldılması bu rəqəmlərə öz təsirini göstərib.
Sonra çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində və bununla bağlı hazırlanmış hesabatda gəlirlərin mədaxil mənbələri, xərclərin icra vəziyyəti ilə bağlı göstəricilər, habelə dövlət borcu ilə bağlı məsələlər, eyni zamanda ehtiyat fondlarından istifadə edilməsi, büdcə fondlarının icra vəziyyəti barədə, icmal büdcənin əsas parametrlərinin icrası ilə bağlı məlumatlar öz əksini tapıb.
Qeyd olunub ki, 2021-ci il sosial-iqtisadi baxımdan xalqımız və dövlətimiz üçün uğurlu olub. Ötən il ərzində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu daha da artıb, dövlətimizin maliyyə vəziyyəti möhkəmlənib, qarşıya qoyulan əsas məsələlərlə bağlı dövlət büdcəsinin maliyyələşdirdiyi layihələrin icrasına nail olunub. Ölkədə COVİD-19-a qarşı vaksinasiyanın həyata keçirilməsi, pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması, dünya bazarında neftin qiymətinin artması fonunda yaranmış əlverişli daxili və xarici makroiqtisadi mühit iqtisadiyyatın daha tez bərpa olunmasına şərait yaradıb.
Diqqətə çatdırılıb ki, 2021-ci ildə iqtisadiyyatın bütün sahələrində bərpa prosesləri sürətlə getmiş, neft sektoru üzrə əlavə dəyər istehsalında 1,8 faiz artım, qeyri-neft sektorunda 7,2 faiz artım qeydə alınıb. 2021-ci ildə Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 70,8 milyard manat proqnozlaşdırılsa da, faktiki həcmi 92,9 milyard manat təşkil edib. ÜDM-in real artım səviyyəsi də nəzərdə tutulandan daha yüksək olub. Dövlət büdcəsində nəzərdə tutulan neftin qiyməti ilə müqayisədə faktiki qiymət daha yüksək olub. Bu da həm dövlət büdcəsinin göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına, həm də icmal büdcənin kəsirsiz icra olunmasına və Dövlət Neft Fondunun aktivlərinin artırılmasına münbit şərait yaradıb.
Bildirilib ki, ötən il monetar və fiskal siyasətin sıx əlaqələndirilmiş şəkildə həyata keçirilməsi nəticəsində və milli valyutanın sabit məzənnəsi şəraitində ölkə iqtisadiyyatında sürətli bərpa və artım dinamıkası müşahidə olunub. Bununla yanaşı, xarici faktorlarla bağlı bəzi mənfi təsirlər də öz əksini tapıb. Dövlət tərəfindən bu proseslər də nəzərə alınıb və ötən il bununla bağlı subsidiyaların verilməsi ilə bağlı qərarlar qəbul edilib.
Ümumiyyətlə, ölkə iqtisadiyyatının ötən il ərzində dinamik inkişafı dövlət və icmal büdcələrinin icrasına öz müsbət təsirini göstərib. Hesabat ilində dövlət büdcəsinin mədaxili 26 mlrd 396 milyon manat olmaqla, proqnoza qarşı 969 milyon manat və yaxud 3,8 faiz artıq icra edilib. Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 12 mlrd 860 milyon manat və yaxud 110,4 faiz, proqnozdan isə 10,4 faiz çox icra olunub. Ötən ilin büdcə gəlirləri Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin xətti ilə, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, Mərkəzi Bankın mənfəətindən ayırmalar, Dövlət Neft Fondundan transfert və digər vasitələrlə təşkil edilməklə, ümumilikdə qənaətbəxş hesab oluna bilər.
Maliyyə naziri bildirib ki, 2021-ci ilin dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 96,1 faiz və yaxud 27 mlrd 422 milyon manat səviyyəsində icra edilib. Hesabat ilində büdcə xərcləri ümumi dövlət xidmətləri, müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və bir sıra digər istiqamətləri əhatə edib.
Qeyd olunub ki, 2021-ci ilin əsas nəzərdə tutulan vəzifələri dövlət büdcəsi vasitəsilə təmin olunub. Dövlət büdcəsinin kəsiri nəzərdə tutulandan xeyli az olub və cəmi 1 mlrd 26 milyon manat təşkil edib.
Diqqətə çatdırılıb ki, ötən ilin icmal büdcəsinin gəlirləri 23 mlrd 828 milyon manat proqnoza qarşı 33 mlrd 904 milyon manat icra olunub. İcmal büdcənin xərcləri isə 29 mlrd 991 milyon manat səviyyəsində icra olunub. Bununla yanaşı, Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən Sığorta Fondunun, Dövlət Neft Fondunun gəlir və xərcləri ilə bağlı məlumatlar da iclas iştirakçılarının nəzərinə çatdırılıb.
Sonra iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova 2021-ci ildə ölkənin sosial-iqtisadi inkişafı barədə danışıb. Makro-iqtisadi vəziyyətin dayanıqlığının qorunması istiqamətində dövlətin yeritdiyi büdcə siyasətindən bəhs edib. Bildirilib ki, ötən il post-münaqişə dövründə işğaldan azad olunmuş ərazilərin bərpa və yenidənqurma işlərinin təməli qoyulub və bu tədbirlər sürətlə davam etdirilir. Struktur islahatları, əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində layihələr həyata keçirilib. Hesabat ilində yüksək iqtisadi artımın müşahidə olunduğu qeyd edilib. Nazir müavini ötən il Ümumi Daxili Məhsulun yüksək həddə çatmasını, qeyri-neft sektorunda ÜDM-in artımını təqdirəlayiq hesab edib. Kənd təsərrüfatı, turizm, İKT, ticarət, nəqliyyat sahələrdə, habelə vergilər üzrə daxilolmalarda və digər istiqamətlərdə müşahidə olunan artımın əhəmiyyətindən danışıb.
İclasda Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2021-ci ilin dövlət büdcəsinin icrasına dair Hesablama Palatasının rəyini təqdim edib. O, qanun layihəsinin və hesabatın mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını bildirib. Büdcənin əsas parametrlərinin doğruluğu ilə bağlı rəydə əks etdirilmiş makroyanaşmaları diqqətə çatdırıb.
Bildirilib ki, rəy icra edilmiş dövlət büdcəsinin gəlirləri və xərcləri, dövlət borcu, büdcə kəsirinin göstəricilərinin əsaslılığı və tamlığını, bu göstəricilərin əsas makroparametrlərə uyğunluğunu özündə əks etdirir. Sənədə ötən ilin debitor borclarının, dövlət satınalmalarının bəzi parametrlərinin səmərəliliyinin qiymətləndirilməsi, müvafiq dövrdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri daxil edilib. Bununla yanaşı, dövlət proqramları və tədbirləri, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi ilə bağlı ayrılmış dövlət vəsaitlərinin istifadəsinə dair məsələlər diqqətdə saxlanılıb.
Vüqar Gülməmmədov ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı Palatanın apardığı təhlillər barədə geniş məlumat verib. Büdcənin icrası ilə bağlı bir sıra təklifləri səsləndirib. O, Parlament, Hesablama Palatası, büdcə icraçıları arasında daha sıx əlaqələrin olmasının, belə görüşlərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ətrafında müzakirələr aparılıb. Komitənin sədr müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Rüfət Quliyev, Ziyad Səmədzadə, Mahir Abbaszadə, Vüqar Bayramov, Elnur Allahverdiyev, Aydın Hüseynov, Məzahir Əfəndiyev, İqbal Məmmədov, Məşhur Məmmədov sənəd barədə fikirlərini, qeyd və təkliflərini bildiriblər.
Maliyyə naziri Samir Şərifov, nazir müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov müzakirələr zamanı səsləndirilən fikirlərə münasibət bildiriblər, deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, verilən sualları ətraflı cavablandırıblar.
İclasın sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi