Milli Məclisin sədri Sahibə Qafarova Polşa parlamentinin nümayəndə heyəti ilə görüşüb
İyunun 3-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Polşa Respublikası Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Yoanna Lixotska və qrupun üzvləri ilə görüşüb.
Milli Məclisin sədri Polşa nümayəndə heyətini salamlayaraq, bu səfərin iki ölkə arasındakı münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib. Diqqətə çatdırıb ki, bu il Azərbaycanla Polşa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olundu və bu illər ərzində əlaqələrimiz böyük inkişaf yolu keçib. Spiker ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərin kökləri və münasibətlərimizin tarixi barədə danışıb.
İki ölkə arasındakı münasibətlərin inkişafında dövlət başçılarının və yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi əhəmiyyətini qeyd edən Milli Məclisin sədri bu səfərlər zamanı imzalanmış sənədlərin əlaqələrimizin hüquqi bazasını təşkil etdiyini diqqətə çatdırıb.
2021-ci ilin sentyabrında Vyana şəhərində keçirilən Parlament Sədrlərinin 5-ci Dünya Konfransında Polşa Senatının sədri Tomaş Qrodski ilə görüşünü xatırlayan Milli Məclisin sədri bu cür görüşlərin əhəmiyyətindən danışıb. Spiker hər iki ölkənin parlamentində dostluq qruplarının olmasını təqdir edib, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.
Sahibə Qafarova diqqətə çatdırıb ki, multikultural və tolerant ölkə olan Azərbaycanda Şərq ölkələri arasında qadınlara ilk olaraq seçki hüququ verilib. Burada müxtəlif xalqların və dinlərin nümayəndələri, o cümlədən polyaklar bərabərhüquqlu vətəndaşlar kimi yaşayırlar.
Milli Məclisin sədri Avropa İttifaqı ilə əlaqələrimizdən danışıb, ölkəmizin Avropa İttifaqının 9 üzvü, o cümlədən Polşa ilə strateji tərəfdaşlıq sənədləri imzaladığını qeyd edib.
Milli Məclisin sədri qonaqlara 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı Qələbə və öz ərazilərini işğaldan azad etməsi, regionda yaranmış yeni reallıq barədə də məlumat verib.
Polşa Respublikası Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Yoanna Lixotska göstərilən qonaqpərvərliyə görə təşəkkür edərək, ölkəsinin bütün sahələrdə Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda polyak dilinə olan maraq və bu dilin universitetlərdə tədris edilməsi onları çox sevindirir.
Söhbət zamanı Polşada qadınların ölkə həyatının müxtəlif sahələrində, o cümlədən dövlət idarəçiliyində, parlamentdə təmsilçiliyi, iqtisadi-ticari münasibətlərin, parlamentlərarası əlaqələrin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılıb, qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.
Görüşdə Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səttar Möhbalıyev, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, ölkəmizin Polşadakı səfiri Nərgiz Qurbanova, Polşanın Azərbaycandakı səfiri Rafal Poborski və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi