Milli Məclisin sədr müavini Adil Əliyev şəhid bulağının açılış mərasimində iştirak edib
İyunun 3-də Milli Məclisin sədr müavini Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri Tahir Həsənov adına 57 saylı məktəbdə Vətən müharibəsi şəhidi Əbdülrza Rəfibəylinin xatirə bulağının açılışında iştirak ediblər.
Adil Əliyev çıxışında şəhidlərimizin müqəddəs xatirəsini yad edərək, qəhrəmanlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuzun tərkibində döyüşərək bizə möhtəşəm Qələbəni bəxş etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, mərd oğullarımızın döyüş meydanında göstərdiyi şücaət sayəsində tarixi torpaqlarımız artıq azaddır, üçrəngli şanlı bayrağımız Vətən göylərində qürurla dalğalanır. Tarixi torpaqlarımız işğaldan azad edildikdən sonra regiona uzun illərdən sonra sülhün gəldiyini qeyd edən sədr müavini, ölkəmizin Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə öz gücünü bütün dünyaya nümayiş etdirdiyini diqqətə çatdırıb. Bildirib ki, bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərilə yanaşı, işğaldan azad edilmiş digər ərazilərdə aparılan böyük abadlıq, quruculuq işləri Qarabağımıza yeni nəfəs gətirib.
Qeyd edək ki, Əbdülrza Rəfibəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün gedən Vətən müharibəsində iştirak etmiş və 23 oktyabr 2020-ci ildə şəhid olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, şəhidimiz "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi