Milli Məclisdə iranlı deputatlarla görüş
İyunun 8-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Hüseyn Nuşabadinin başçılıq etdiyi İran İslam Respublikası İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin komitə sədri Səməd Seyidov qonaqları salamlayaraq, İranla münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini söyləyib. O, ortaq dəyərlərə malik xalqlarımızın dost və mehriban qonşuluq münasibətlərindən bəhs edib. Dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni əlaqələrin daha da möhkəmlənməsi üçün geniş imkanların mövcud olduğunu deyib.
Ölkələrimizin müxtəlif sahələrdə əlaqələrinin genişləndirilməsindən bəhs edən komitə sədri ticarət, nəqliyyat və enerji mübadiləsi ilə bağlı layihələrdən söhbət açıb. Qeyd edib ki, “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının tikintisi və birgə istifadə edilməsi əməkdaşlığımızın parlaq nümunələridir.
Söhbət zamanı Səməd Seyidov münasibətlərimizin inkişafında parlamentlərin rolunu vurğulayıb, deputatlarımızın qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıb. O, hər iki ölkənin qanunvericilik orqanlarında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyət göstərməsini təcrübə və informasiya mübadiləsi baxımından önəmli hesab etdiyini deyib.
Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Zəfər əldə edib. O, torpaqlarımızın işğaldan azad olunduğunu, ərazi bütövlüyümüzün bərpa edildiyini söyləyib. Təəssüflə bildirib ki, Ermənistanın işğalı zamanı məscidlərimiz, tarixi və mədəniyyət abidələrimiz, digər infrastruktur obyektləri tamamilə məhv edilib. Hazırda azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işləri sürətlə həyata keçirilir.
İran parlament nümayəndə heyətinin rəhbəri Hüseyn Nuşabadi səmimi söhbətə görə minnətdarlığını ifadə edib. O, İranın Azərbaycanla əlaqələrin inkişafında hər zaman maraqlı olduğunu bildirib, iki ölkə arasında parlament diplomatiyasının inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu söyləyib. Bu sahədə əlaqələrin möhkəmləndirilməsində deputatlarımızın qarşılıqlı səfərlərinin vacibliyindən bəhs edib.
Qonaq ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın əhəmiyyətindən söhbət açıb.
İran parlamentinin deputatı ölkəsinin qardaş, dost Azərbaycan Respublikasının ərazi bütövlüyünü daim dəstəklədiyini qeyd edib. Bildirib ki, İran İslam Respublikası Qarabağ bölgəsini daim Azərbaycanın ərazisi kimi görüb.
Görüşdə iştirak edən Milli Məclisin deputatı Sahib Alıyev Azərbaycan-İran münasibətlərinə dair fikirlərini bölüşüb.
Söhbət zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin və bu istiqamətdə birgə səylərin davam etdirilməsinin önəmi vurğulanıb.
Görüşdə İran nümayəndə heyətinin üzvləri Yaqub Rezazadə, Seyid Əhməd Avayi, İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi