Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Sədrin görüşləri
09 iyun 2022 | 14:46   
Paylaşın:        

İyunun 9-da Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Hişam Mohamed Nağı Abdel Həmidlə görüşüb.

Səfiri salamlayan Milli Məclisin sədri, diplomata yeni vəzifəsində uğurlar arzulayıb və onun ölkəmizdə çalışdığı müddətdə iki ölkə arasındakı əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Spiker Azərbaycanla Misirin dost ölkələr olduğunu və dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsindən məmnunluğunu bildirib. Sahibə Qafarova diqqətə çatdırıb ki, bu il Azərbaycanla Misir arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik və bu illər ərzində ölkələrimiz arasında bir çox sahələrdə sıx əməkdaşlıq formalaşıb.

Milli Məclisin sədri bildirib ki, ölkələrimiz BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq edirlər. Söhbət zamanı iki ölkə arasında iqtisadiyyat, mədəniyyət, təhsil, turizm sahələrində əlaqələrin inkişafı və digər mövzularda danışılıb.

Spiker bildirib ki, parlamentlərarası münasibətlər ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin mühüm tərkib hissələrindən biridir. Bu baxımdan parlament dostluq qruplarının fəaliyyəti təqdirəlayiqdir. Ölkələrimizin qanunverici orqanları arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün yaxşı imkanlar var. 

Milli Məclisin sədri qarşılıqlı təmasların, səfərlərin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğulayıb, Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib.

Görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsindən danışan Sahibə Qafarova bildirib ki, bu qələbə regionda yeni reallıqlar yaradıb. Azərbaycan davamlı sülhün, sabitliyin, münasibətlərin normallaşdırılmasının tərəfdarıdır və bunun üçün Ermənistana bir sıra təkliflər irəli sürüb. İnanırıq ki, tezliklə iki ölkə arasında sülh sazişi imzalanacaq və bu, bütün region ölkələrinin  inkişafına öz töhfəsini verəcək.

Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Hişam Mohamed Nağı Abdel Həmid təbrikə görə təşəkkürünü bildirib və iki ölkə arasındakı münasibətlərin bundan sonra da inkişafı üçün səylə çalışacağını diqqətə çatdırıb. O, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinə və ölkəmizin təşəbbüsü ilə bu qurumun Parlament Şəbəkəsinin yaradılmasına görə təbriklərini çatdırıb.

Görüşdə səfir artıq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etdiyini və həqiqətləri öz gözləri ilə gördüyünü diqqətə çatdırıb. Bildirib ki, Misir şirkətləri də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə investisiya qoymaq əzmindədirlər.

Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU