Milli Məclisdə diplomatiyada parlamentin rolu müzakirə olunub
İyunun 9-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və komitənin üzvü Asim Mollazadə bir qrup əcnəbi diplomatla görüşüb.
"Diplomatiyada parlamentin rolu" mövzusuna həsr olunan görüş ADA Universiteti və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi ilə əməkdaşlıq çərçivəsində Milli Məclisdə keçirilib.
Tədbiri açan Səməd Seyidov qonaqları salamlayaraq Azərbaycan parlamentinin strukturu, fəaliyyəti barədə məlumat verib. O, siyasi partiyaların və qadınların parlamentdə təmsilçiliyindən, parlamentə seçkilərin keçirilməsi qaydalarından danışıb, Milli Məclisin beynəlxalq təşkilatlarda iştirakından, parlamentdə fəaliyyət göstərən dostluq qruplarından bəhs edib.
O, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını Ermənistanın 30 illik işğalından azad etməsi, işğalın acı nəticələri və onların aradan qaldırılması üçün aparılan bərpa və quruculuq layihələri, regionda sülhün və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib.
Millət vəkili Asim Mollazadə qonaqlara Azərbaycanda parlamentin təşəkkül tarixindən, Şərqdə ilk parlamentin, ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsindən söz açıb, bildirib ki, ölkəmizdə nəinki müsəlman aləmində ilk dəfə olaraq, həm də bir sıra qərb ölkələrindən əvvəl qadınlara seçmək və seçilmək hüququ verilib. Milli Məclisin deputatı əcnəbi diplomatlara Azərbaycanın tarixindən, zəngin dövlətçilik təcrübəsindən danışıb, tarixən formalaşmış dəyərlər sistemindən, çoxmədəniyyətlilik və tolerantlıq ənənələrindən söhbət edib.
Tədbirdə Səməd Seyidov və Asim Mollazadə Azərbaycanın konstitusion quruluşu, seçki hüququ, diplomatiyada parlamentlərin rolu və parlament diplomatiyasının imkanları kimi diplomatları maraqlandıran məsələlərlə bağlı səsləndirdikləri sualları cavablandırıblar.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi