Milli Məclisdə Avropa Parlamentinin nümayəndəsi ilə görüş

Tədbirlər
10 iyun 2022 | 14:10   
Paylaşın:        

İyunun 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin sədr müavini Andris Ameriks ilə görüşüb.

Komitə sədri qonağı salamlayaraq, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin uğurla inkişaf etdiyini deyib. Bildirib ki, ölkəmizlə bu mötəbər qurum arasında əlaqələrin genişlənməsində  parlamentlərarası münasibətlər böyük əhəmiyyət daşıyır. Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi çərçivəsində səmərəli əməkdaşlıq qurulub. Ölkəmizdə Avropa standartlarına uyğun  qanunvericilik bazası formalaşdırılıb. 

Söhbətdə Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı faydalı siyasi, iqtisadi əməkdaşlığın genişlənməkdə olduğu qeyd edilib. Ölkəmizdə həyata keçirilən islahatlardan, Azərbaycanın  təşəbbüskarı  və iştirakçısı olduğu  qlobal  layihələrdən, əldə olunmuş nailiyyətlərdən söhbət  açılıb. Komitə sədri qonağa ölkəmizdə yaradılmış Ələt Azad İqtisadi Zonası haqqında məlumat verib, Azad zonanın yaradılmasında məqsəd, onun fəaliyyəti, potensial imkanları barədə danışıb.

Görüşdə Tahir Mirkişili 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi şanlı qələbədən söhbət açıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaqlarımızı 30 illik erməni işğalından azad etdiyini, ərazi bütövlüyümüzü bərpa etdiyini diqqətə çatdırıb. O, post-münaqişə dövründə yaranmış reallıqlardan danışıb. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərindən bəhs edib. Komitə sədri Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və ölkəmiz tərəfindən təqdim olunan prinsiplər əsasında sülh müqaviləsinin imzalanması məsələsinə toxunub.

Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin sədr müavini Andris Ameriks qonaqpərvərliyə və səmimi söhbətə görə minnətdarlığını ifadə edib. Ölkəmizin zəngin tarixə, mədəniyyətə malik olduğunu deyən qonaq Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən danışıb.

Andris Ameriks ölkəmizdə müşahidə  etdiyi  iqtisadi  yüksəlişin onda böyük təəssürat yaratdığını bildirib. Ölkəmizin həyata keçirdiyi enerji, nəqliyyat layihələrinin əhəmiyyətli olduğunu söyləyib. Qeyd  edib ki, Azərbaycan həm geosiyasi nöqteyi-nəzərdən, həm də iqtisadi baxımdan Avropanın daim diqqət  mərkəzində olan bir ölkədir. Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa böyük önəm verir.

 Söhbətdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın hazırkı vəziyyəti, gələcək inkişaf perspektivləri barədə danışılıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU