Paraqvay parlamentinin nümayəndə heyəti ilə görüşdə
İyunun 13-də Milli Məclisin deputatları Hikmət Məmmədov və Nəsib Məhəməliyev Paraqvay parlamentinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov qonaqları parlamentin spikeri Sahibə Qafarovanın adından salamlayıb, Paraqvayın Azərbaycanın haqlı mövqeyini, ərazi bütövlüyünü həmişə dəstəkləməsinə görə təşəkkürünü ifadə edib. Azərbaycanın Paraqvayla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirən Hikmət Məmmədov ölkəmiz haqqında, tarixi keçmişi və dövlətçilik ənənələri barədə qonaqlara məlumat verib. O, Azərbaycan və Paraqvayın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirib, bu əməkdaşlığın inkişaf etdirilməsinin hər iki xalqın mənafeyinə uyğun olduğunu bildirib, müharibədən sonra regionda yaranan reallıqlar, kommunikasiya layihələri barədə danışıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev Azərbaycanın həmişə beynəlxalq hüquqa və universal dəyərlərə sadiq qaldığını bildirib. O, 44 günlük Vətən müharibəsində Azərbaycanın beynəlxalq, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz ərazilərini işğalçı Ermənistanın qoşunlarından azad etdiyini vurğulayıb. Nəsib Məhəməliyev müasir dövrün qlobal çağırışlarından söz açaraq bu çağırışlara qarşı birgə hərəkət etmənin və bir-birini dəstəkləmənin vacibliyinə toxunub, Azərbaycanın iqtisadi potensialından, nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsindən, iki ölkə arasında əlaqələrin inkişaf potensialından bəhs edib.
Paraqvay parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr komissiyasının sədri və palatanın Paraqvay-Azərbaycan dostluq qrupunun sədri Valter Enrike Harms Sespedes və Paraqvay Respublikası Senatındakı Paraqvay-Azərbaycan dostluq qrupunun sədri Lukas Orlando Akino Xara qəbul üçün təşəkkürlərini bildiriblər. Onlar Paraqvay haqqında məlumat veriblər, dövlət olaraq necə müstəqillik qazanmalarından, parlamentin təsisindən bəhs ediblər, ölkənin iqtisadiyyatının xüsusiyyətləri, kənd təsərrüfatının inkişaf etmiş sahələri, ixrac və idxal etdiyi məhsullar və sair haqqında danışıblar.
Valter Harms və Lukas Akino Paraqvayın da öz tarixində ərazi itkiləri və təcavüzlərə məruz qalmasından söz açıblar, bu kontekstdə beynəlxalq hüquqa və ölkələrin suverenliyinə həmişə həssas yanaşdıqlarını, o cümlədən Ermənistanın təcavüzünə məruz qalanda da Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiklərini, həmçinin Paraqvay parlamentində Xocalı soyqırımının tanıdıqlarını qeyd ediblər.
Paraqvaylı parlamentarilər Füzuli rayonuna və Şuşa şəhərinə səfərlərindən danışıblar, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında dağıntılar, eləcə də aparılan bərpa-quruculuq işləri ilə tanış olmalarından bəhs ediblər. Qonaqlar postmüharibə dövründə Azərbaycanın sülh təşəbbüsləri ilə çıxış etməsini yüksək dəyərləndiriblər və sülh danışıqlarının aparılmasını, regionda inteqrasiya proseslərini dəstəklədiklərini bildiriblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi