Milli Məclisin növbədənkənar sessiyasının iclasında
İyunun 17-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra deputatlar gündəliyə münasibət bildiriblər. Gündəliyin qəbulundan sonra iclasda cari məsələlərin müzakirəsi keçirilib. Cari məsələlərin müzakirəsində Milli Məclisin komitə sədrləri Hicran Hüseynova, Siyavuş Novruzov, deputatlar Fazil Mustafa, Razi Nurullayev, Elman Nəsirov, Hikmət Məmmədov, Azər Badamov, Naqif Həmzəyev, Əli Məsimli və Aydın Mirzəzadə çıxış ediblər.
Deputatlar İyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransın və iyunun 16-da Bakı şəhərində keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu ilə bağlı fikirlərini bölüşüblər. Deputatlar Prezident İlham Əliyevin IX Qlobal Bakı Forumundakı nitqində müasir dövrün çağırışları ilə bağlı irəli sürdüyü tezisləri və dünyada və regionda sülhün möhkəmləndirilməsi ilə bağlı səsləndirdiyi fikirləri yüksək dəyərləndiriblər, bu beynəlxalq tədbirlərin əhəmiyyətindən danışıblar. Millət vəkilləri çıxışlarında həmçinin seçicilərini düşündürən bir sıra problemlər, şəhid ailələri və qazilərin, əlilliyi olan şəxslərin sosial müdafiəsi və digər aktual məsələlərlə bağlı qeydlərini bildiriblər, rəylərini səsləndiriblər.
Sonra iclasda gündəlikdəki məsələlərin müzakirəsi keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyə 16 məsələ daxil edilib və gündəliyin birinci məsələsi “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsidir.
Qərar layihəsi barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun məlumatı verib. Səməd Seyidov VI çağırış Milli Məclisin səmərəli beynəlxalq fəaliyyətini qeyd edib və Azərbaycan reallıqlarının çatdırılması, beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində parlament diplomatiyasının imkanlarından səmərəli istifadənin vacibliyindən bəhs edib.
Parlamentin müzakirəsinə çıxarılmış qərar layihəsində Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təşkil olunduğunu diqqətə çatdıran komitə sədri erməni diasporunun güclü mövqeyə malik olduğu Latın Amerikasının mərkəzində yerləşən Paraqvayla əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Paraqvayın Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini, həmçinin Paraqvay parlamentinin Xocalı soyqırımını tanıdığını qeyd edib. Səməd Seyidov Milli Məclisdə yaradılan sayca 83-cü işçi qrupu olan Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərin Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Məmmədovun təklif edildiyini bildirib.
Deputat Məlahət İbrahimqızının sənədə müsbət münasibəti dinlənildikdən sonra qərar layihəsi səsə qoyularaq qəbul olunub.
Spiker Sahibə Qafarova bildirib ki, növbəti 3 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir və onlar cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub. Qərara alınıb ki, mahiyyətcə bir-birinə yaxın olan bu qanun layihələrinin təqdimatlarından sonra müzakirələr birgə aparılsın və ayri-ayrılıqda səsə qoyulsun.
Gündəliyin 2-ci məsələsi olan “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov təqdim edib.
O, istilik təchizatı sahəsini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanan qanun layihəsinin əvvəlki oxunuşları barədə məlumat verib, bildirib ki, sənədlə bağlı heç bir etiraz və ya təklif daxil olmayıb.
Gündəliyin 3-cü məsələsi olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili diqqətə çatdırıb. Bildirib ki, sənəddə sahibkarlıq sahəsində yoxlamalarla bağlı istilik enerjisinə münasibətdə digər enerji və kommunal xidmətlərlə eyni hüquqi rejimin tətbiq edilməsi təklif olunub.
Tahir Mirkişili əvvəlki oxunuşlarda layihə ilə bağlı deputatlar tərəfindən hər hansı bir təklif və irad bildirilmədiyini qeyd edib və deputatları qanun layihəsini dəstəkləməyə çağırıb.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov məsələ ilə bağlı komitənin rəyinin müsbət olduğunu bildirib.
Gündəliyin 4-cü məsələsi olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məlumat verərək bildirib ki, qanun layihəsinin əvvəlki oxunuşlarında hər hansı bir dəyişiklik edilməyib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov bu məsələ barədə də komitənin müsbət rəyini səsləndirib.
Üçüncü oxunuşda təqdim olunan hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Sonra parlamentin sədri “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb. Spiker bildirib ki, sənəddə nəzərdə tutulan dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır və ona görə də “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanununa əsasən bir oxunuşda qəbul ediləcək.
Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. Ziyafət Əsgərov bildirib ki, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Qanunun 25-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin Azərbaycan Respublikası Prezidentinin 2021-cı il 11 oktyabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılan "Dövlət Dəniz və Liman Agentliyi" publik hüquqi şəxsin səlahiyyətlərinə aid edildiyi üçün qüvvədə olan maddənin dispozisiyasında "orqanı" sözünün "orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz edilməsi təklif edilib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamenti sədri bildirib ki, gündəliyin qalan 11 məsələsi ikinci oxunuşda olan qanun layihələridir və gündəliyin 6-cı məsələsi olan “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat vermək üçün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyə söz verib.
Komitə sədri Tahir Mirkişili bildirib ki, Milli Məclisə təqdim olunan həm “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, həm də “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat” qanunvericiliyə uyğun tərtib edilib və ötən ilin büdcəsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetlərinə, sosial-iqtisadi siyasət və təhlükəsizlik çağırışlarına uyğun icra edilib. O, büdcənin icrasının komitədə ikinci oxunuşda müzakirəsi ilə bağlı məlumat verib, diqqətə çatdırıb ki, komitənin iclasında 2021-ci il Dövlət Büdcəsi xərclərində əhəmiyyətli paya sahib olan Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyinin nümayəndələri tərəfindən təmsil etdikləri qurumların xərc istiqamətləri ilə bağlı ətraflı təqdimatlar dinlənilib və deputatlar tərəfindən büdcənin ortamüddətli xərclər çərçivəsində və nəticə əsaslı büdcə olaraq daha geniş şəkildə müzakirəsi aparılıb.
Komitə sədri ötən ilin büdcəsinin gəlirləri və xərcləri ilə bağlı göstəricilər haqqında əvvəlki oxunuşlarda kifayət qədər geniş məlumat verildiyini qeyd edərək vurğulayıb ki, 2021-ci il bütövlükdə ölkəmizin sosial-iqtisadi inkişafı baxımından uğurlu bir il olub və 2021-ci ilin Dövlət büdcəsi Covid-19 pandemiyasının təsirləri və Vətən müharibəsindən sonra quruculuq işləri nəzərə alınmaqla icra olunub. Hesabat dövründə əlavə dəyər neft sektoru üzrə 1,8%, qeyri-neft sektoru üzrə 7,2% artıb, ÜDM-nin real artımı isə 3,4% proqnoza qarşı 5,6% təşkil edib.
2021-ci ildə ixrac idxalı 12,2 milyard dollar üstələmiş, ölkənin məcmu valyuta ehtiyatları 2,5 milyard dollar artaraq 53 milyard dollara və ya xarici dövlət borcunun 6 mislinə çatıb. Xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə 685,8 mln dollar azalaraq ilin sonunda 8 milyard 135 milyon dollar olmaqla ÜDM-in 14,9%-ni təşkil edib. Bildirilib ki, hesabat ilində dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat proqnoza qarşı 26 milyard 396,3 milyon manat təşkil edib. Gəlirlər proqnozla müqayisədə 969,3 milyon manat və ya 3,8 faiz çox icra olunub.
2021-ci il dövlət büdcəsinin təsdiq olunan 28 milyard 543 milyon manat xərclərinin 27 milyard 422,4 milyon manatı, yəni 96,1%-i icra olunub. Xərclərin 60,5%-ni cari xərclər, 31,5%-ni əsaslı xərclər, 8%-ni isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edib. Sosialyönümlü xərclər ümumi xərclərin 37,5%-ni təşkil edib. Dövlət büdcəsindən təhsil üçün ayrılmış xərclərin 96,7%-nin, müdafiə və təhlükəsizlik üçün ayrılmış xərclərin 99,2%-nin, meliorasiya tədbirləri üçün ayrılmış xərclərin 98,7%-nin, ərzaq təhlükəsizliyi üçün ayrılmış xərclərin 97,3%-nin, elm üçün ayrılmış xərclərin isə 84,6%-nin icrası təmin edilib. İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri üçün büdcədə nəzərdə tutulmuş 2 milyard 200 milyon manat vəsaitin 99%-nin icrası təmin olunub.
Müzakirələrdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Qüdrət Həsənquliyev, Razi Nurullayev, Vüqar Bayramov, Tahir Kərimli, Vahid Əhmədov, Etibar Əliyev çıxış edərək büdcənin icrası göstəriciləri ilə bağlı rəylərini və qarşıya qoyulan hədəflərin, ayrılan vəsaitlərin yerinə yetirilməsi istiqamətində fikirlərini bildiriblər, qeydlərini səsləndiriblər.
Maliyyə naziri Samir Şərifov deputatların qaldırdıqları məsələlərə münasibət bildirib, qeydlərinə aydınlıq gətirib. Nazir çıxışında qeyd edib ki, 2021-ci il sosial-iqtisadi baxımdan xalqımız və dövlətimiz üçün uğurlu olub. Ötən il ərzində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu daha da artıb, dövlətimizin maliyyə vəziyyəti möhkəmlənib, qarşıya qoyulan əsas məsələlərlə bağlı dövlət büdcəsinin maliyyələşdirdiyi layihələrin icrasına nail olunub. Ölkədə COVİD-19-a qarşı vaksinasiyanın həyata keçirilməsi, pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması, dünya bazarında neftin qiymətinin artması fonunda yaranmış əlverişli daxili və xarici makroiqtisadi mühit iqtisadiyyatın daha tez bərpa olunmasına şərait yaradıb. Bildirilib ki, ötən il monetar və fiskal siyasətin sıx əlaqələndirilmiş şəkildə həyata keçirilməsi nəticəsində və milli valyutanın sabit məzənnəsi şəraitində ölkə iqtisadiyyatında sürətli bərpa və artım dinamikası müşahidə olunub. Qeyd olunub ki, 2021-ci ilin nəzərdə tutulan vəzifələri dövlət büdcəsi vasitəsilə təmin olunub.
Müzakirələrdən sonunda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclis gündəliyin 7-ci məsələsinə - “Ələt azad iqtisadi zonası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəsinə keçib. Məsələ ilə bağlı sədr Sahibə Qafarova qeyd edib ki, cari il iyunun 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin başçılığı ilə parlamentin bir qrup deputatı Ələt Azad İqtisadi Zonasına (Ələt AİZ) səfər ediblər. Səfər çərçivəsində deputatlar zonada aparılan işlərlə, yaradılan şəraitlə yaxından tanış olublar. Səfərin “Ələt azad iqtisadi zonası haqqında” Qanunda dəyişikliklərin mahiyyəti və ümumilikdə zonanın xarakterik cəhətlərinə yaxından bələd olmaq baxımından əhəmiyyəti vurğulanıb.
“Ələt azad iqtisadi zonası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Komitə sədri bildirib ki, dəyişikliklər əsasən Ələt AİZ-də Azərbaycan şirkətləri mal və xidmətləri zonaya satdıqda və ya aldıqda, həmçinin zonada qeyri-istehsal fəaliyyəti ilə məşğul olduqda onların hansı vergi və gömrük rejiminin tətbiq edilməsini tənzimləyir. Burada əsas məqsəd Azərbaycan sahibkarlarının zonada fəaliyyəti zamanı xarici şirkətlərlə eyni bərabər şəraitin yaradılmasıdır.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Gündəliyin 8-ci məsələsi - “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsi (ikinci oxunuş) ilə də bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Komitə sədri bildirib ki, təqdim olunan sənəd cənab Prezident İlham Əliyevin “İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamından irəli gəlir. O, sənədin birinci oxunuşunda millət vəkilləri tərəfindən irəli sürülən 20-yə yaxın təklifin qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə müzakirəsi və 7-yə yaxın təklifin nəzərə alınması barədə məlumat verib.
Bu qanun layihəsi də səsvermədən keçərək qəbul edilib.
Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində və “Vətəndaşların müraciətləri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
Bildirib ki, sənəd "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq mövcud qanunvericilik aktlarının bu qanuna uyğunlaşdırılması məqsədilə hazırlanıb.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 4 məsələsi ölkə Prezidenti tərəfindən bir məktubla parlamentə daxil olub və mahiyyətcə bir-birinə yaxın qanun layihələridir. Gündəliyin 10-cu-13-cü məsələləri müvafiq olaraq ikinci oxunuşda olan Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Milli arxiv fondu haqqında” Qanunda dəyişiklik edilməsi barədə və Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələridir. Spiker bildirib ki, bu qanun layihələrinə Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrində də baxılıb.
Qeyd edib ki, bu dəyişikliklər 12-ci məsələ olan “Milli arxiv fondu haqqında” qanuna təklif edilən dəyişikliklərə bağlıdır və digər qanunlarda edilən dəyişikliklər həmin qanundan irəli gəlir. Ona görə də birinci “Milli arxiv fondu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın məlumat dinlənilib.
Qənirə Paşayeva qanun layihəsinin 1-ci oxunuşunda çıxış edən millət vəkillərinin sənədi dəstəklədiklərini qeyd edib, layihənin milli arxiv fondunun inkişafına və fəaliyyətinin təkmilləşməsinə xidmət etdiyini bildirib. Komitə sədri dəyişikliklərin strateji sahə olan milli arxiv fondunun fəaliyyətinə və orada çalışanların sosial müdafiəsinin gücləndirilməsinə böyük dəstək olacağına inamını bildirib.
İclasda çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında (ikinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrini təqdim edib. O, qanun layihələri ilə bağlı heç bir iradın və təklifin daxil olmadığını bildirib.
Deputat Etibar Əliyevin Milli Arxiv Fondu ilə bağlı qaldırdığı məsələlərə Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva aydınlıq gətirəndən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin qalan son üç məsələsi də möhtərəm Prezidentin bir məktubu ilə parlamentə təqdim olunub və mahiyyətcə bir-birinə yaxındır. Bu qanun layihələrində nəzərdə tutulan dəyişikliklər “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanundan irəli gəlir.
14-cü və 15-ci məsələlər - Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinin ikinci oxunuşu ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. Bildirilib ki, insan orqan və toxumalarının donorluğu və transplantasiyası ilə bağlı qanunvericiliyin tələblərinin pozulması ilə bağlı təklif olunan inzibati və cinayət məsuliyyətini ehtiva edən dəyişiklikləri əvvəlki oxunuşda ətraflı məlumat verilib və qanun layihələri ilə bağlı heç bir təklif, irad daxil olmayıb.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə danışaraq bildirib ki, bu dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. Əhliman Əmiraslanov qanun layihəsinin birinci oxunuşunda deputatların qanunun icrası bağlı səsləndirdikləri fikirlərin müqabilində qanunun icrası ilə bağlı bugünədək görülən işlər barədə məlumat verib.
Əhliman Əmiraslanov qeyd edib ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun tətbiqi ilə əlaqədar Səhiyyə Nazirliyinin nəzdində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi yaradılıb, eyni zamanda beyin ölümü diaqnozunun qoyulması da daxil olmaqla müvafiq sənədlər zərfi hazırlanıb, həmçinin orqan və toxumaların transplantasiyasını həyata keçirəcək klinikaların və mütəxəssislərin hazırlığı ilə bağlı digər tədbirlər də planlaşdırılır.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin rəhbərlik etdikləri komitələrin dəyişikliklərlə bağlı müsbət rəyləri və deputat Aydın Hüseynovun fikirləri dinlənildikdən sonra təqdim olunan hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi