Deputatlarla I və II Qarabağ müharibələrində iştirak etmiş jurnalistlər arasında futbol üzrə yoldaşlıq oyunu keçirilib

Tədbirlər
19 iyun 2022 | 21:00   
Paylaşın:        

İyunun 19-da Milli Məclisin deputatları ilə I və II Qarabağ müharibələrində iştirak etmiş jurnalistlərdən ibarət "Suqovuşan" komandası arasında Zəfər Kubokunun final oyunundan öncə yoldaşlıq matçı keçirilib.

Bakı Olimpiya Stadionunda təşkil olunan yarışda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan Şahmat Federasiyasının prezidenti və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov çıxış edərək iştirakçı komandalara uğurlar arzulayıblar, belə turnirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.

Daha sonra isə Milli Məclisin sədri Sahibə Qafarovanın adından turnirin təşkilatçısı E.Məmmədova xüsusi plaket verilib.

Yoldaşlıq görüşündə deputatlar komandasının heyətində Məzahir Əfəndiyev, Mahir Abbaszadə, Tahir Mirkişili, Vüqar Bayramov, Nurlan Həsənov, Fazil Mustafa, Ramin Məmmədov, Cavid Osmanov və Ceyhun Məmmədov yer alıb. Məşqçi funksiyasını isə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev yerinə yetirib.

"Suqovuşan" komandasının heyəti isə Mahir Süleymanov, Daşqın Əziz, Mahal Məmmədov, Nurşən Quliyev, Rasim Mədəd, Xalid Ağalıyev, Vüsal Hacı və İlkin Əhmədovdan ibarət olub. Komandanı məşqçi kimi meydana Rəşad Baxşəliyev çıxarıb.Oyunu izləyənlər arasında şəhid jurnalistlərin ailə üzvləri də olub. Tədbirdə qeyd olunub ki, bu cür yoldaşlıq matçları müharibə veteranlarına və Zəfər kubokuna verilən dəyərin təzahürüdür.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU