İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında
İyunun 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclası keçirilib. İclasın gündəliyinə 10 məsələ daxil edilib.
Əvvəlcə, iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəliyin birinci məsələsi - “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə fikirlərini açıqlayıb.
Bildirilib ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatında müşahidə olunan yüksək artım tempi 2022-ci ilin ilk 5 ayında da davam edib. Ötən 5 ay ərzində Azərbaycan Ümumi Daxil Məhsulun (ÜDM) həcmi 50 milyard manatı keçmiş, qeydi-neft sektorunda istehsalın həcmi isə 25 milyard manatı keçmişdir. ÜDM artım tempi 7,2 faiz, qeydi-neft sektorun artım tempi isə 11,2 faizi keçmişdir. Qeyd edilib ki, bu rəqəmlər son 12 ilin ən yüksək rəqəmləridir.
Diqqətə çatdırılıb ki, ötən il dövlət büdcəsi qəbul edilən zaman neftin 1 barrelinin qiyməti 50 ABŞ dolları nəzərə alınmışdır. Bu ilin 5 ayı ərzində neftin qiyməti 106 ABŞ dolları həcmində olub. Bu ilin 5 ayı ərzində dövlət büdcəsi profisiti 2 milyard manata yaxın olub və bu da planlaşdırılan profisitdən 4 dəfə çoxdur. İcmal büdcənin profisiti 4 milyard manata yaxın olub və planlaşdırılan 2 milyarda yaxın kəsirdən dəfələrlə çoxdur. Bunu şərtləndirən bir çox amillər mövcuddur. Bunlardan biri odur ki, ilk dəfə olaraq bu ilin 5 ayı ərzində Azərbaycanın neft ixracından əldə etdiyi valyuta gəlirləri və qaz ixracından əldə etdiyi gəlirləri demək olar ki, bərabərləşdirilib. Bu müddət ərzində ərzində Dövlət Vergi Xidmətinin xətti ilə yığılmış vergilərin həcmi proqnozdan təxminən 2 milyard manata yaxın çox olub. Bütün bu göstəricilər dövlət büdcəsinə yenidən baxılmasını, yaranan əlavə gəlirlərin yenidən bölüşdürülməsini zəruri edir. İqtisadi artım proqnozları yenilənən zaman xam neftin bir barrelinin orta illik ixrac qiyməti 85 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Qeyd olunub ki, bütövlükdə təqdim olunan layihə ölkə iqtisadiyyatının inkişaf dinamikasını özündə əks etdirir və əldə edilən gəlirlərin yenidən bölüşdürülməsinə, bu zaman dövlətin qarşıda duran əsas məsələlərin həllinə yönəldiləcək. Dövlət büdcəsində yeni imkanların yaranması müdafiə, təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin öz yurdlarına qayıtması istiqamətlərində işləri qısa müddət ərzində təmin etməyə imkan verəcək.
Sonra maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, cari ilin ötən dövründə makroiqtisadi proqnozlar üzrə, o cümlədən dövlət və icmal büdcələrin icrası üzrə göstəricilərdə müsbət dinamika müşahidə olunub. Cari ilin ilk 5 ayı ərzində ölkədə 50,9 milyard manat, o cümlədən qeyri-neft sektorunda 25 milyard manat dəyərində Ümumi Daxil Məhsul istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 7,2 faiz, qeyri-neft sektoru üzrə 11 faiz artıb.
Ötən müddətdə dövlət büdcəsinin gəlirləri 12 milyard 442 milyon manat və ya 110,8 faiz icra edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 707 milyon manat və ya 28 faiz çoxdur. Büdcə gəlirlərinin 6 milyard 353 milyon manatı qeyri-neft sektorunun payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 592 milyon manat və ya 33,4 faiz çoxdur. Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft gəlirləri üzrə proqnoz 895 milyon manat və ya 29,9 faiz, Dövlət Gömrük Komitəsinin xətti ilə 344 milyon manat və ya 20 faiz çox daxilolma qeydə alınıb.
Bu dövrdə icmal büdcənin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz artıb. İcmal büdcə cari ilin 5 ayı üçün 2 milyard 179 milyon manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 3 milyard 9 milyon manat profisit yaranıb.
Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev cari ilin 27 may tarixində Zəngilan rayonuna səfəri zamanı ölkənin iqtisadi göstəricilərinin müsbət dinamikasını dövlət və icmal büdcələrində proqnozdan daha çox gəlirlərin əldə edildiyini nəzərə alaraq, artan gəlirlərin bir hissəsinin işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinin görülməsinə yönəldilməsi ilə bağlı tapşırıq verib. Bununla yanaşı, əhalinin sosial müdafiəsinin, dövlətin müdafiə və təhlükəsizliyinin daha da gücləndirilməsi, ərzaq təhlükəsizliyi üzrə əlavə ehtiyatların yaradılması, bir sıra yeni infrastruktur layihələrin maliyyələşdirilməsi məqsədi ilə xərclərin artırılmasına dair tapşırıqlar da verilib. Buna uyğun olaraq 2022-ci ilin dövlət və icmal büdcələrində dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb.
Diqqətə çatdırılıb ki, yenidən baxılmaqla dövlət büdcəsinin gəlirlərinin 2 milyard 382 milyon manat, kəsirin 43 milyon manat artımı, təsdiq olunmuş xərclər arasında aparılacaq dəyişiklik 561 milyon manat hesabına formalaşacaq 2 milyard 986 milyon manat vəsaitin bir sıra prioritet vəzifələrin maliyyə təminatına yönəlməsi nəzərdə tutulub. Belə ki, həmin vəsait işğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun yaradılması, ölkənin digər bölgələrində nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsinə, Vətən müharibəsi zamanı ölkənin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidən qurulması, ölkənin müdafiə qabiliyyətinin və hərbi qüdrətinin daha da artırılması ilə bağlı, milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsinə, həmçinin sosial-müdafiə sahəsində, o cümlədən əmək pensiyaları üzrə maddi yardımın və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsinə, ərzaq təhlükəsizliyi üzrə tədbirlərin təmin edilməsi, sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi və bir sıra digər xərclərin ödənilməsinə yönəldiləcək.
Bildirilib ki, yenidən baxılmaqla 2022-ci ilin dövlət büdcəsinin xərcləri 32 milyard 304 milyon manat məbləğində nəzərdə tutulub ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 425 milyon manat və ya 8,1 faiz çoxdur. Ümumi xərclərin 62,7 faizi və ya 20 milyard 247 milyon manatı cari xərclərə, 31,8 faizi və ya 10 milyard 265 milyon manatı əsaslı xərclərə, 5, 5 faizi və ya 1 milyard 792 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.
Qeyd olunub ki, 2022-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin kəsiri 43 milyon manat artırılaraq 3 milyard 106 milyon manat məbləğində nəzərdə tutulur. Bu da ilin sonuna gözlənilən Ümumi Daxili Məhsulun 2,7 faiz səviyyəsində olmaqla, təsdiq olunmuş göstəriciyə nisbətən 0,8 faiz azdır.
Nəzərə çatdırılıb ki, yenidən baxılmaqla icmal büdcənin gəlirləri 36 milyard 661 milyon manat proqnozlaşdırılır. İcmal büdcənin xərcləri isə 35 milyard 541 milyon manata çatdırılacaq. İcmal büdcə 5 milyard 229 milyon manat kəsirlə təsdiq olunub. Dəyişiklikdən sonra 1 milyard 120 milyon manat məbləğində profisitlə əvəzlənir. İcmal büdcənin tərkibinə daxil olan Dövlət Neft Fondunun gəlirləri 15 milyard 789 milyon manat, xərcləri 11 milyard 563 milyon manat təşkil edəcək.
Bildirilib ki, Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 300 milyon manat və ya 5,6 faiz artırılaraq, 5 milyard 606 milyon manata qədər çatdırılır. İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 181 milyon manat məbləğində təşkil edəcək, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 1 milyon manat və ya 0,6 faiz çoxdur. Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirlərinin və xərclərinin təsdiq olunmuş göstəriciyə nisbətən 28,5 milyon manat və ya 4,9 faiz, dövlət büdcəsindən ayrılan dotasiya isə 26 milyon manat və ya 6,0 faiz artırılması nəzərdə tutulur.
Çıxışının sonunda nazir bildirib ki, 2022-ci ilin dövlət və icmal büdcələrinin yenidən baxılmasının əsas hədəfi artan gəlirlərin ölkə Prezidenti İlham Əliyevin müəyyən etdiyi prioritet dövlət vəzifələrinin həlli üçün əlavə maliyyə təminatının yaradılmasından ibarətdir.
Sonra çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qeyd edib ki, cari ilin ötən dövründə Azərbaycan iqtisadiyyatında müsbət proseslər davam edib, yüksək artım templəri müşahidə olunub. Dövlət büdcəsinin gəlir bazası həm neft gəlirləri, həm də qeyri-neft gəlirləri hesabına artmışdır. Pandemiya ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması və kompleks dövlət dəstəyi tədbirlərinin iqtisadi fəallığın bərpasına və daha da yüksəlməsinə gətirib və nəticədə cari ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən Ümumi Daxili Məhsul 7,2 faiz, qeyri-neft sektorunda 11 faiz, neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 0,5 faiz artıb. İqtisadiyyatın bütün sahələrində artım qeydə alınıb.
Bildirilib ki, ötən müddət ərzində ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyard manata yaxın vəsait yönəldilib. Ölkənin strateji valyuta ehtiyatları 1 milyard ABŞ dolları artaraq, 54,2 milyard ABŞ dolları məbləğində olub. 2022-ci ilin 5 ayı ərzində orta illik inflyasiya 12,6 faiz təşkil edib. İnflyasiyanın dinamikasına əsasən qlobal əmtəə qiymətləri, xüsusilə ərzaq məhsullarının qiymətlərinin əhəmiyyətli dərəcədə qalxması, başlıca ticarət tərəfdaşları olan ölkələrdə müşahidə olunan yüksək inflyasiya təsir edib. Qeyd olunub ki, dünyada baş verən proseslərin ölkədə işgüzar fəallığa, əhalinin alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısının alınması üçün müvafiq anti-inflyasiya tədbirləri görülür.
Qeyd edilib ki, pandemiyadan sonra qlobal tələbin artması, eyni zamanda, geosiyasi və hərbi gərginliklərin təsiri nəticəsində əsas enerji daşıyıcılarının qiymətləri son dövrlərdə əhəmiyyətli dərəcədə yüksəlib. Makrofiskal uyğunluğun təmin olunması ilə əlaqədar neftin 1 barrelinin orta illik ixrac qiyməti 85 ABŞ dolları götürülməklə 2022-ci il üçün dürüstləşdirilmiş dövlət büdcəsinin parametrləri, habelə anti-inflyasiya tədbirləri nəzərə alınmaqla ölkənin cari il üzrə makroiqtisadi proqnozları hazırlanıb. Ümumilikdə, 2022-ci ildə müsbət istiqamətdə dinamika gözlənilir.
İclasda çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, post-pandemiya dövründə ölkə iqtisadiyyatının genişlənməsi, orta aylıq əmək haqqının yüksəlməsi, yeni iş yerlərinin açılması Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artmasına öz müsbət təsirini göstərib. Əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qanunvericilik aktlarının qəbul edilməsi DSMF-ə daxilolmaların həcminin əsaslı surətdə artmasını şərtləndirib və 2022-ci ilin ilk 5 ayında proqnoz göstəricilərinin yüksəlməsinə imkan yaradıb. Fondun gəlirlərinin artım tempi proqnoz göstəricilərinə yenidən baxılması zərurətini yaradıb. “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsinə əsasən, Fondun gəlirləri və xərcləri bərabər olmaqla 299,5 milyon manat və ya 5,6 faiz artaraq 5 milyard 606 milyon 300 min manat məbləğində müəyyən edilməsi tövsiyə olunub. Fondun gəlirlərinin artımı iki mənbə üzrə - məcburi dövlət sosial sığorta haqları üzrə və dövlət büdcəsindən ayrılan vəsait hesabına proqnozlaşdırlıb. Fondun xərclərindən proqnozlaşdırılan artım əsasən əhaliyə ödənişlər üzrə xərclər istiqamətində olacaq. Xərclərin artımı, habelə DOST xidmətinin fəaliyyətinin maliyyələşdirilməsinə, bank əməliyyatlarının aparılmasına və digər xidmət haqlarının ödənilməsinə yönələcək. Qeyd olunub ki, uşağın anadan olmasına görə müavinətin məbləği 4 milyon manat artaraq, 24 milyon manata çatdırılması nəzərdə tutulur.
Komitə sədri Musa Quliyev bildirib ki, 2022-ci ilin ötən dövrü üzrə ölkə iqtisadiyyatının artım templəri nəzərə alınmaqla əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində aparılan ardıcıl tədbirlər icmal büdcənin tərkib hissəsi kimi “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişikliklərin edilməsi zərurətini yaradıb.
Təqdim olunan layihəyə əsasən, İşsizlikdən sığorta fondunun 2022-ci il üçün cari büdcə layihəsində büdcədən maliyyələşən təşkilatlar üzrə işsizlikdən sığorta haqlarının daxilolma məbləği dürüstləşdirilərək 1 088 138,0 manat azaldılaraq 21 709 238,0 manatdan 20 621 100,0 manata, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə işsizlikdən sığorta normativinə analoji olaraq 1 088 138,0 manat azaldılaraq 21 709 238,0 manatdan 20 621 100,0 manatadək dəyişdirilib. Nəticədə, işsizlikdən sığorta üzrə sığorta haqlarının ümumi məbləği 6 923 724,0 manat artırılaraq 136 418 476,0 manatdan 143 342 200,0 manatadək dəyişdirilib.
Təklif olunan dəyişikliklər nəzərə alınaraq, qanunda işsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirlər və xərclərinin 1 000 000,0 manat artırılaraq 180 375 536,0 manatdan 181 375 536,0 manata çatdırılması nəzərdə tutulub.
Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi, “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi və “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə dair Palatanın rəyini təqdim edib.
Hər üç sənəd ətrafında gedən müzakirələrdə komitələrin sədr müavinləri Əli Məsimli, Məlahət İbrahimqızı, deputatlardam Vahid Əhmədov, Vüqar Bayramov, Jalə Əliyeva, Mahir Abbaszadə, Rüfət Quliyev, Elnur Allahverdiyev, Aydın Hüseynov düzəlişlər barədə müsbət fikirlərini bildiriblər və bəzi qeydlərini səsləndiriblər. İclasda iştirak edən müvafiq qurumların nümayəndələri deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.
Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi, “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi və. “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) müzakirə olunub. Bildirilib ki, layihə özəl baytarlıq xidməti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin vergitutma məsələlərinin tənzimlənməsi məqsədilə hazırlanıb. Sənədə əsasən, özəl baytarlıq xidmətlərinin ƏDV-dən azad edilməsi, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin isə sadələşdirilmiş vergi ödəyicisi kimi sabit pul məbləğində vergiyə cəlb edilməsi təklif olunur.
Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Daha sonra iclasda üçüncü oxunuşda olan növbəti 4 məsələyə - “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında”, “Ələt azad iqtisadi zonası haqqında” qanunda dəyişiklik edilməsi barədə, “İnvestisiya fəaliyyəti haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb.
Hər 4 qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasın sonunda “Məhkəmələr və hakimlər haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmək pensiyaları haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Dəniz limanları haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi, habelə Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələri təqdim olunub.
Hər iki sənəd BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının ratifikasiyası ilə əlaqədar olaraq Azərbaycan Hökumətinin üzərinə götürdüyü öhdəliklərin, xüsusilə də milli qanunvericiliyin həmin Konvensiyaya uyğunlaşdırılması tələbinin yerinə yetirilməsi məqsədi ilə hazırlanıb. Konvensiyanın sosial modelinin tələblərinə uyğun olaraq, əlilliyi olan şəxslərə qarşı alçaldıcı və təhqiredici söz və ifadələrin neytral, mənfi təsəvvürlər yaratmayan sözlərlə əvəz edilməsi məqsədi ilə layihədə müvafiq dəyişikliklər təklif edilir.
Bu qanun layihələri də Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi