İstanbulda keçirilən Qlobal Parlament Konfransı başa çatıb
Türkiyə Böyük Millət Məclisi (TBMM) və Parlamentlərarası İttifaqın (IPU) birgə təşkilatçılığı əsasında iyunun 20-də İstanbulda açılışı olan Qlobal Parlament Konfrans başa çatıb.
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti qlobal konfransda Azərbaycanı təmsil edib. İki gün davam edən müzakirələrdən sonra Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyətinin iştirakı ilə Qlobal Parlament Konfransının bağlanış mərasimi keçirilib.
Qana Respublikasının Yuxarı Məclisinin sədr müavini Josef Osei Ovus Qlobal Parlament Konfransının nəticələrinə dair dəyərləndirməni təqdim edib.
Sonra Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop konfransda yekun nitqi söyləyib.
Xatırladaq ki, Azərbaycan parlamentinin spikeri konfransın iyunun 20-də keçirilən açılış mərasimində çıxış edərək, müasir dövrümüzdə kifayət qədər aktuallıq kəsb edən, beynəlxalq gündəmin əsas mövzularından biri olan miqrasiya və qaçqınlar məsələsi haqqında danışıb, Azərbaycanın bu sahədə təcrübəsi və gördüyü işlər haqqında məlumat verib.
Həmçinin, konfrans çərçivəsində dünyada qaçqın və miqrantların vəziyyətini əks etdirən sərgi təşkil olunub. Sərgidə Milli Məclisin sədri Sahibə Qafarova 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan ərazilərini işğalı nəticəsində öz torpaqlarından didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərlə bağlı fotoları iştirakçılara təqdim edərək, Ermənistanın işğalının nəticələri, bu gün Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi quruculuq işləri, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi üçün həyata keçirilən tədbirlər barədə məlumat verib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi