BAKIDA GUAM PARLAMENT ASSAMBLEYASININ BEŞİNCİ İCLASI ÖZ İŞİNƏ BAŞLADI
Dekabrın 19-da Milli Məclisdə GUAM Parlament Assambleyasının beşinci iclası öz işinə başladı. Əvvəlcə GUAM PA-nın büro iclası, sonra isə qurumda təmsil olunan ölkələrin parlament nümayəndə heyətlərinin iştirakı ilə Assambleyanın iclası keçirildi.
İclası açan GUAM PA-nın sədri, Azərbaycanın bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Elton Məmmədov qonaqları səmimi salamladı. Qeyd olundu ki, iki gün davam edəcək iclasda Gürcüstan, Moldova və Ukraynanın nümayəndə heyətləri ilə yanaşı, Baltik Assambleyasının, Benilüks Parlamentinin, Cənub-Şərqi Avropa Əməkdaşlığı Prosesi Parlament Ölçüsünün, Vişeqrad qrupu ölkələrinin və TürkPA-nın nümayəndələri qonaq qismində iştirak edəcəklər. O, bütün bu ölkə və təşkilatlarla əlaqələrimizi yüksək qiymətləndirdi.
Elton Məmmədov çıxışında bildirdi: “Çox sevindirici haldır ki, GUAM Parlament Assambleyası beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməkdədir. Assambleyadakı milli parlament nümayəndə heyətləri son illərdə çox fəal şəkildə təşkilatımızı təmsil etmiş, bir sıra regional parlament qurumları ilə sıx əlaqələrin qurulmasında səylərini əsirgəməmişlər. İnanıram ki, GUAM Parlament Assambleyasının 5-ci iclası həm qurumdakı milli nümayəndə heyətləri, həm də digər təşkilatları təmsil edən dostlarımız üçün yaddaqalan olacaq.”
Tədbirdə qeyd edildi ki, son bir neçə ildə GUAM-ın beynəlxalq arenada nüfuzu, regionda və dünyada gedən proseslərdə rolu əhəmiyyətli dərəcədə artıb. Azərbaycanın GUAM-a sədrliyi dönəmində təkcə üzv ölkələrlə deyil, bir sıra digər dövlətlərlə də əlaqələri xeyli genişlənib və möhkəmlənib. Səmərəli əməkdaşlıq nəticəsində deputatlarımız xalqlarımızı narahat edən məsələləri beynəlxalq təşkilatların yüksək tribunalarından dünya ictimaiyyətinin diqqətinə çatdıra bilirlər.
Çıxışında GUAM-a üzv ölkələrin qarşılaşdıqları problemlər, xüsusən də regional münaqişələr barədə ətraflı məlumat verən Elton Məmmədov vurğuladı ki, mövcud Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması bütövlükdə Avropanın təhlükəsizlik arxitekturasına ciddi təhdiddir. Ona görə də, Qərb dövlətləri Ermənistana təzyiqləri artırmalıdırlar ki, münaqişə tezliklə öz ədalətli həllini tapsın.
Sonra iclasda GUAM-ın baş katibi Valeri Çeçelaşvili çıxış etdi, tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə, Azərbaycan tərəfinə minnətdarlığını bildirdi. O, Azərbaycanın son bir il ərzində quruma rəhbərliyini yüksək dəyərləndirərək, təşkilatın bundan sonrakı fəaliyyətinin səmərəli olacağına, müzakriə olunan məsələlərin, qəbul olunacaq qərarların dövlətlərimizin və xalqlarımızın milli mənafeyinə xidmət edəcəyinə əminliyini ifadə etdi.
Toplantıda beşinci iclasın gündəliyi müzakirə olundu. Gündəliyə quruma üzv dövlətlərdə avrointeqrasiya prosesləri, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində parlamentlərarası əlaqələrin rolu, GUAM regionunun enerji potensialı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində təşkilata üzv dövlətlərin iştirakı, humanitar, elmi-texniki sahələrdə əməkdaşlıq və digər məsələlər daxil edilmişdir.
İclas geniş tərkibdə öz işini davam etdirir.
Milli Məclisin
Mətbuat xidməti