Milli Məclisin sədri Sahibə Qafarova Türk PA-nın XI iclası çərçivəsində Qırğızıstan Prezidenti ilə görüşdə iştirak edib
İyunun 24-də Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində bu ölkənin Prezidenti Sadır Japarov Türk PA-nın XI iclasında iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.
Görüşdə Milli Məclisin sədri, Azərbaycan nümayəndə heyətinin başçısı Sahibə Qafarova iştirak edib.
Spikerləri səmimiyyətlə salamlayan Sadır Japarov ölkəsinin Türk PA çərçivəsində əməkdaşlığa və bu təşkilatın fəaliyyətinə böyük əhəmiyyət verdiyini bildirib.
Görüşdə Türk PA-nın əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib, təşkilatın gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Çolpon-Ata şəhərində keçirilən Türk PA-nın XI iclası təşkilatın gələcək inkişafına, qurum çərçivəsində əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi