Milli Məclisin iclasında
İyunun 28-də Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilib.
İclası açan Milli Məclisin sədri Sahibə Qafarova əvvəlcə Milli Məclisin nümayəndə heyətinin iyunun 23-də və 24-də Qırğızıstanın Çolpon-Ata şəhərinə işgüzar səfəri barədə məlumat verib. Spiker bildirib ki, səfərdə məqsəd Türkdilli Ölkələrin Parlament Assambleyasının 11-ci plenar iclasında iştirak etmək idi. İyunun 24-də keçirilən iclasda müzakirələr TürkPA üzvü olan ölkələr arasında etimad və tərəfdaşlıq mühitinin möhkəmlənməsində parlament diplomatiyasının roluna həsr edilmişdi.
Sahibə Qafarova diqqətə çatdırıb ki, o, iclasda etdiyi çıxışda Türk birliyinin inkişafına həm hökumət, həm də parlament səviyyəsində dəstək verilməsinin xalqlarımızın mütəşəkkil bir qüvvə kimi formalaşmasında mühüm rol oynadığını bildirib. Qeyd edib ki, ötən ilin noyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən 8-ci Zirvə Görüşündə alınan mühüm qərarlar, o cümlədən bu əməkdaşlıq və tərəfdaşlıq qurumunun “Türk Dövlətləri Təşkilatı” adlandırılması türk dövlətləri rəhbərlərinin zamanın çağırışlarına adekvat münasibətinin növbəti təzahürü olmuşdur.
Spiker nəzərə çatdırıb ki, bu mənada, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına təkan verən amil kimi qiymətləndirilməlidir. Sahibə Qafarova çıxışında müharibədən sonra Azərbaycanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması, ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər haqqında da məlumat verib. Bildirib ki, artıq bu ildən etibarən keçmiş məcburi köçkünlərin öz evlərinə qaytarılmasına başlanacaqdır.
O, xüsusi vurğulayıb ki, əldə edilmiş razılaşmalara uyğun olaraq, Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi bağlantısının bərpası və nəticə etibarı ilə ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi yolunda mühüm bir addım olacaqdır.
Milli Məclisin sədri bildirib ki, iclasda həmçinin Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan parlamentlərinin sədrləri, Türkmənistan parlamentinin sədr müavini, Macarıstan nümayəndə heyətinin rəhbəri və türk əməkdaşlıq təşkilatlarının nümayəndələri çıxış ediblər.
Sahibə Qafarova diqqətə çatdırıb ki, iclasda qəbul edilmiş ən mühüm qərarlardan biri təşkilatın adının Türk Dövlətlərinin Parlament Assambleyasına dəyişdirilməsi olub. Bu qərar təşkilatın inkişaf tarixində keyfiyyət baxımından yeni səhifə açır.
TürkPA-nın 11-ci plenar iclası Çolpon-Ata Bəyannaməsinin qəbulu ilə başa çatıb.
Spiker onu da qeyd edib ki, Çolpon-Atada bir sıra rəsmi görüşlər də keçirilib.
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun iclasda iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə TürkPA-nın əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib, təşkilatın gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri bildirib ki, onun Qırğızıstan Joqorku Keneşinin sədri Talant Mamıtov və Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanov ilə ikitərəfli görüşlərində ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafında parlamentlərimizin rolunun gücləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Sahibə Qafarova çıxışının sonunda parlament nümayəndə heyətinin Qırğızıstana səfərinin səmərəli keçdiyini qeyd edib və bununla əlaqədar olaraq nümayəndə heyətinin hər bir üzvünə minnətdarlığını bildirib.
Sonra iclasda gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb.
Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyə 15 məsələ daxil edilib. Gündəliyin ilk üç məsələsi cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və bu ilin dövlət büdcəsi haqqında qanunda, həmçinin büdcə zərfinə daxil olan digər iki qanunda dəyişiklik edilməsi ilə bağlıdır.
Spiker qeyd edib ki, hər üç qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. O, məsələlərin müzakirəsi ilə əlaqədar iclasda iştirak edən aidiyyəti qurumların nümayəndələrini salamlayıb və təklif edib ki, hər üç qanun layihəsi büdcə zərfi ilə bağlı olduğuna görə məsələlərin təqdimatları ayrılıqda edilsin, müzakirələr birlikdə, səsvermə isə ayrılıqda aparılsın.
Beləliklə, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəliyin birinci məsələsi olan "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib.
Komitə sədri qanun layihəsinin birinci oxunuşunda müzakirəsi zamanı ətraflı məlumat verildiyini bildirib. O, qeyd edib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində sənədin 2-ci oxunuşda müzakirəsi Əmək və sosial siyasət, Təbii sərvətlər və ekologiya komitələrinin, müvafiq dövlət orqanları nümayəndələrinin də iştirakı ilə Azərbaycanın mədəniyyət paytaxtı Azad Şuşa şəhərində keçirilib. Tahir Mirkişili büdcə müzakirələrinin Şuşada keçirilməsi imkanını yaratdığına görə möhtərəm Prezidentə və təşkilatı işlərdə dəstəyə görə Milli Məclisin sədrinə minnətdarlıq ifadə edib və hazırda müzakirə edilən büdcə layihəsində də vəsaitlərin böyük bir hissəsinin işğaldan azad olmuş ərazilərdə Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa-quruculuq işlərinə ayrıldığını vurğulayıb.
O, bildirib ki, müzakirə olunan qanun layihəsində 2022-ci il dövlət büdcəsinin gəlirlərinin 2 381,8 milyon manat artırılaraq 29 197,8 milyon manata, xərclərinin isə 2 424,8 milyon manat artırılaraq 32 303,8 milyon manata çatdırılması təklif olunub. Bu zaman dövlət büdcəsinin kəsirinin 43 milyon manat artaraq 3 106 milyon manat məbləğində olacağı proqnozlaşdırılıb. Qeyd olunub ki, artırılan gəlirlərin 65%-nin qeyri-neft, 35%-nin isə neft gəlirləri hesabına formalaşacaq. Eyni zamanda, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 192 milyon manat azaldılması nəzərdə tutulub.
Komitə sədri dövlət büdcəsində artırılan və xərclər arasında yerdəyişmələrin hesabına yaranan ehtiyat vəsaitlərin yönləndirildiyi istiqamətlər barədə danışıb. Bildirib ki, Böyük qayıdışın daha sürətlə təmin edilməsi üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yol-nəqliyyat infrastrukturunun yaradılması, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsi üçün 1 477 milyon manat, müdafiə, hərbi və milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsi üçün 588 milyon manat, Vətən müharibəsi zamanı ölkəmizin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrini bərpası və yenidən qurulması üzrə tədbirlərin maliyyələşdirilməsi üçün 34 milyon manat vəsait ayrılıb. Həmçinin sosial müdafiə tədbirlərinin maliyyələşməsinə 519 milyon manat, ərzaq təhlükəsizliyi üzrə əlavə ehtiyatların yaradılması üçün 193 milyon manat, sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi üçün 163 milyon manat və bir sıra zəruri kommunal və kommunikasiya xərclərinin təmin edilməsi üçün 42 milyon manat vəsait nəzərdə tutulub.
Tahir Mirkişili dövlət büdcəsinə təqdim edilən dəyişikliklərin dövlət və cəmiyyət qarşısında duran mühüm çağırışların dəf edilməsinə, görülən işlərin genişləndirilməsinə, yarana biləcək problemlərin önlənməsinə xidmət edəcəyini, 2022-ci il üçün ölkəmiz qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək üçün mühüm maliyyə bazası yaradacağını bildirib.
Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə və "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin ikinci oxunuşları ilə bağlı məlumat verib.
Musa Quliyev böyük maliyyə artımı ilə müşayiət olunan büdcənin dürüstləşdirilməsi layihələrinin komitələrdə ikinci oxunuşda müzakirəsinin Şuşada keçirilməsi ilə bağlı təəssüratlarını, bu tədbirin tarixi əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, iclasın Şuşada keçirilməsinə yaratdığı şəraitə görə Prezident İlham Əliyevə və Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib, bu qürurverici günləri bəxş edən Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Ordumuzun xidmətlərini vurğulayıb.
Büdcənin dürüstləşdirilməsi ilə bağlı təqdim olunan dəyişikliklərin Qarabağın və Şərqi Zəngəzurun daha sürətli bərpasına xidmət etdiyini qeyd edən komitə sədri xüsusi vurğulayıb ki, Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən sığorta fondunun büdcəsindəki artımlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcək. DSMF-nin büdcəsinin həm gəlirləri, həm xərcləri bərabər olaraq, 299,5 milyon manat artırılacaq. Bunların böyük bir hissəsi cənab Prezidentin sərəncamı ilə vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcək.
Qeyd edilib ki, uşağın anadan olmasına görə müavinətlərə ayrılan vəsait daha 4 milyon manat artırılıb ki, bu artım uşağın doğulmasına görə müavinətin məbləğinin bu ilin əvvəlindən 200 manatdan 300 manata çatdırılması ilə əlaqədardır.
Təqdim olunan layihəyə əsasən, İşsizlikdən sığorta fondunun 2022-ci il üçün həm gəlirləri, həm də xərclərinin 1 milyon manat artırılır ki, bu artımların böyük hissəsi işsiz və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımızın daha geniş şəkildə aktiv məşğulluq tədbirlərinə cəlb olunmasına maddi təminat yaradacaq.
Komitə sədri Tahir Mirkişili "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə sənədlə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müsbət rəyini bildirib.
Qanun layihələrinin müzakirəsində Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, komitə sədri Siyavuş Novruzov, deputatlar Əliabbas Salahzadə, Mahir Abbaszadə, Elnur Allahverdiyev, Aydın Mirzəzadə, Cavid Osmanov, Qüdrət Həsənquliyev qanun layihələrini dəstəklədiklərini bildiriblər, dəyişikliklər barədə fikirlərini, suallarını və qeydlərini səsləndiriblər.
Sonra iclasda maliyyə naziri Samir Şərifov söz alıb. Samir Şərifov 2022-ci ilin yenidən baxılan dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlərlə bağlı qanun layihələrinin parlamentdə operativ və geniş müzakirələrinin keçirilməsinə görə Milli Məclisin rəhbərliyinə və deputatlara təşəkkür edib, müzakirələrdə deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, qeydlərinə və suallarına arayışlar verib. Maliyyə naziri Samir Şərifov 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər nəticəsində neftin bir barelinin qiymətinin 85 ABŞ dolları səviyyəsində götürülməsi, neft və qaz qiymətləri ilə bağlı hökumətin gözləntilərini və arqumentlərini səsləndirib. Samir Şərifov işğaldan azad edilmiş ərazilərin bərpasına ayrılacaq vəsaitdən danışıb, bildirib ki, 2 milyard 986 milyon manat məbləğindəki yeni xərclər ilk növbədə Böyük qayıdışın təmin edilməsi üzrə Qarabağ və Şərqi Zəngəzurun vacib infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilib.
Bununla yanaşı digər vacib prioritet istiqamətlərdə də - ölkənin müdafiə qabiliyyətinin artırılması, digər regionlarda nəqliyyat-kommunikasiya infrastrukturunun genişləndirilməsi, ərzaq təhlükəsizliyi sahəsində əlavə ehtiyatların yaradılması, həmçinin sosial müdafiənin möhkəmləndirilməsi və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək.
Sonra Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək deputatların qeydlərinə və təkliflərinə münasibət bildirib, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun təklif olunan büdcə dürüstləşdirmələrinin məqsədinin məhz dövlətin sosial yönümlü siyasətinin davam etdirilməsi olduğunu qeyd edib.
Sahil Babayev bildirib ki, Birinci və İkinci Qarabağ müharibəsi veteranlarına heç bir halda fərq qoyulmur və qoyulmayacaq. O, vurğulayıb ki, post-müharibə dövründə 103 min şəxsə 190 min dövlət dəstəyi xidməti göstərilib. Onlara həm sosial ödənişlər təyin olunub, həm məşğulluğu təmin edilib. Eləcə də onların avtomobillə, protezlə təmin olunması və reabilitasiyası istiqamətində tədbirlər görülüb. Qeyd olunub ki, bu kateqoriyadan olan insanlara daha geniş və əhatəli xidmət göstəriləcək.
Müharibə veteranlarının ödənişin məbləği ilə bağlı nazir açıqlayıb ki, 2 il öncə müharibə iştirakçılarına verilən müavinətlər 50 faizdən çox artıraq 80 manata çatdırılıb, lakin sosial ödənişlərlə bağlı daimi islahatlar fonunda bu məsələyə də yenidən baxılacaq. Nazir vurğulayıb ki, burada əsas hədəf müharibə veteranlarının geniş şəkildə məşğulluğa cəlb edilməsidir, çünki onların çoxu əmək qabiliyyəti olan şəxslərdir. Vurğulanıb ki, bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində təxminən 7 minə yaxın müharibə veteranı işə cəlb edilib, 8 minə yaxın müharibə iştirakçısı da üzünəməşğulluq proqramlarından yararlanıb.
Müzakirələrin yekununda hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, növbəti iki məsələ cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və Azərbaycan Respublikası və Qırğız Respublikası arasında imzalanmış bir memorandumun və bir sazişin təsdiq edilməsi ilə bağlıdır. Sədr qeyd edib ki, qanun layihələri beynəlxalq müqavilələrlə bağlı olduğun görə “Normativ hüquqi aktlar haqında” Konstitusiya Qanununun tələblərinə əsasən bir oxunuşda qəbul ediləcək.
Sonra "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında" Memorandumun təsdiq edilməsi barədə qanun layihəsini təqdim etmək üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidova söz verilib.
Komitə sədri Səməd Seyidov Azərbaycan və Qırğızıstan arasında əlaqələrin söz açaraq dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin və parlamentlərarası əlaqələrimizin inkişafı ilə bağlı fikirlərini bölüşüb, memorandumun bu istiqamətdə əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, iki ölkə arasında Dövlətlərarası Şuranın yaradılması münasibətlərimizi yeni bir keyfiyyət mərhələsinə yüksəldəcək.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Elnur Allahverdiyev məlumat verib ki, saziş 22 maddədən və əlavədən ibarətdir və Azərbaycan və Qırğızıstan arasında hava əlaqəsini yaratmaq məqsədilə bağlanıb. O, sazişdən irəli gələn məsələlər və hüquqlar barədə, təsbit olunan müddəalar barədə danışıb.
Deputat Razi Nurullayevin fikirləri və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin müsbət rəyi dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra spiker Sahibə Qafarova gündəliyin 6-cı məsələsini - "Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının "Azərqızıl" Dövlət Şirkəti ilə R.V. İnvestment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik" sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsini müzakirəyə təqdim edib. Sədr bildirib ki, bu qanun layihəsi də beynəlxalq sazişlə bağlı olduğu üçün bir oxunuşda qəbul ediləcək.
Məsələyə dair Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib. Komitə sədri bildirib ki, dəyişikliklərin təklif olunduğu saziş "Azərqızıl" Dövlət Şirkəti ilə R.V. İnvestment Group Services, LLC ABŞ arasında 1997-ci il avqustun 20-də bağlanmış və 1998-ci il 17 mart tarixli qanunla təsdiq edilib. Komitə sədri sazişdə adıçəkilən "Azərqızıl" ləğv edildiyi üçün saziş üzrə hüquq və vəzifələrin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ötürüldüyünü diqqətə çatdıraraq sazişdə aparılan dəyişikliklər barədə məlumat verib.
Komitə sədri Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sənədlə bağlı müsbət rəy verdiyini bildirib. Komitə sədri Siyavuş Novruzovun da fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra iclasda üçüncü oxunuşda olan "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsinə baxılıb. Qanun layihəsinin üçüncü oxunuşu haqqında məlumat vermək üçün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyə söz verilib.
Komitə sədri ötən ilin büdcəsinin gəlirləri və xərcləri ilə bağlı göstəricilər haqqında əvvəlki oxunuşlarda kifayət qədər geniş məlumat verildiyini qeyd edərək vurğulayıb ki, 2021-ci il dövlət büdcəsinin icrası Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin müəyyən etdiyi inkişaf və dəstək kursunun ardıcıl həyata keçirilməsi, strateji dövlət vəzifələrinin yerinə yetirilməsi, əhalinin sosial müdafiəsinin yüksəldilməsi və ölkədə makro-iqtisadi sabitliyin qorunması istiqamətində qarşıya qoyulan hədəflərə çatmaq üçün lazımı maliyyə təminatını yaratmışdır.
İclasda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verən komitə sədri Tahir Mirkişili bildirib ki, sənəd özəl baytarlıq xidmətlərinin ƏDV-dən azad edilməsi, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin isə sadələşdirilmiş vergi ödəyicisi kimi sabit pul məbləğində vergiyə cəlb edilməsi ilə bağlıdır. Qeyd olunub ki, layihə ilə bağlı heç bir irad və təklif irəli sürülməyib.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Sonra gündəliyin 9-cu məsələsi olan - "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat vermək üçün söz Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərova verilib. Nizami Səfərov bildirilib ki, birinci oxunuşda layihə konseptual olaraq qəbul olunub, oxunuşda sənədin mətnində heç bir dəyişikliyin aparılmadığını nəzərə alaraq səsverməyə qoyulmasını təklif edib.
Bu qanun layihəsi də qəbul edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin 10-cu məsələsindən başlayaraq son 6 məsələsi ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə yaxın olan qanun layihələridir.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli növbəti 4 məsələni – “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrini təqdim edib. Əli Hüseynli diqqətə çatdırıb ki, əvvəlki oxunuşda layihələrlə bağlı ətraflı məlumat verilib. O, vurğulayıb ki, icra hakimiyyəti orqanlarında artıq əməyin ödəniş sistemi təkmilləşdirilib və təklif olunan sənədlərdə də məhkəmə hakimiyyəti, qanunvericilik hakimiyyəti orqanlarında, İnsan hüquqları üzrə müvəkkil təsisatında icra hakimiyyəti orqanları ilə eyni vahid əməkhaqqı sisteminə keçid nəzərdə tutulub.
14-cü və 15-ci məsələlərlə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Tahir Mirkişili bildirib ki, 14-cü məsələ olan "Hesablama Palatası haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) yuxarıda qeyd olunan dəyişikliklərin Hesablama Palatasının əməkhaqqı sistemində də tətbiq edilməsini nəzərdə tutub. 15-ci məsələ - Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə komitə sədri qeyd edib ki, dəyişiklik Milli Məclisi deputatına öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən aylıq pul təminatının ləğvi ilə bağlıdır. Bununla əlaqədar olaraq müvafiq maddə Vergilər Məcəlləsindən də çıxarılır.
Sonra gündəliyin son 6 qanun layihəsi də ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi