Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb
İyunun 29-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən Sahibə Qafarova xalqlarımız arasındakı ortaq dini və mənəvi dəyərlərdən danışıb. O, Azərbaycan və Özbəkistan arasında münasibətlərin ölkələrimiz müstəqillik əldə etdikdən sonra yeni mərhələyə yüksəldiyini xatırladaraq, əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin xüsusi rolunu qeyd edib.
Milli Məclisin sədri Azərbaycan Prezidenti cənab İlham Əliyevin bugünlərdə Özbəkistana dövlət səfərinin və orada imzalanmış sənədlərin iki ölkə arasında strateji əməkdaşlığın inkişafı baxımından əhəmiyyətindən danışıb. Sahibə Qafarova cənab Prezidentin Özbəkistana səfəri çərçivəsində Daşkəndin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsinin, onun adını daşıyan meydanın və parkın açılışını Azərbaycan xalqına sevginin təzahürü kimi qiymətləndirib.
Söhbət zamanı spiker Sahibə Qafarova Özbəkistanın həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsindən və ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığından məmnunluğunu bildirib.
İkitərəfli əlaqələrin dərinləşməsində qanunverici orqanların özünəməxsus rolunu qeyd edən Milli Məclisin sədri hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərdiyini xatırladıb.
Görüşdə spiker Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə və regionda yaranmış yeni reallıq barədə də məlumat verərək bildirib ki, Azərbaycan bu Zəfər sayəsində öz ərazi bütövlüyünü bərpa edib və işğala son qoyub. Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan regionda daimi sülh və sabitliyin təmin olunmasını istəyir. Ölkəmiz hazırda işğaldan azad etdiyi ərazilərində böyük bərpa və quruculuq işləri aparır. Spiker Füzuli rayonunda məktəb tikintisi ilə bağlı verdiyi dəstəyə görə, Özbəkistana minnətdarlığını bildirərək, bunu dost hədiyyəsi kimi dəyərləndirib.
Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Azərbaycanla Özbəkistan arasında bir çox sahələrdə münasibətlərin uğurla inkişaf etməsindən danışıb. Azərbaycana dəfələrlə səfər etdiyini deyən qonaq hər səfərdən fərqli təəssürat aldığını və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafına sevindiklərini diqqətə çatdırıb.
Tənzilə Narbayeva bu gün iştirak etdiyi Azərbaycan-Özbəkistan Qadın sahibkarlarının ikitərfəli biznes forumunun əhəmiyyətindən danışıb, sabah keçiriləcək Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransına dəvətə görə təşəkkürünü bildirib.
Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında parlamentlərin rolunu qeyd edən Tənzilə Narbayeva parlament komitələri səviyyəsində də münasibətlərin inkişaf etdirilməsi vacibliyini vurğulayıb.
Söhbət zamanı Tənzilə Narbayeva Azərbaycanın işğaldan azad etdiyi əraziləri tezliklə yüksək səviyyədə bərpa edəcəyinə və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqlarına inamını ifadə edib.
Görüşdə Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, qrupun üzvləri Zahid Oruc, Rəşad Mahmudov, Cavanşir Paşazadə, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Fərid Hacıyev, hər iki ölkənin səfirləri Hüseyn Quliyev, Bahrom Aşrafxanov və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi