Milli Məclisdə İraq parlamentinin nümayəndə heyəti ilə görüş

Tədbirlər
29 iyun 2022 | 20:15   
Paylaşın:        

İyunun 29-da Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə səfərdə olan İraq Respublikası parlamentinin sədr müavini Abdullah Ahmad Şaxvan Talabaninin başcılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan vitse-spiker ölkələrimiz asında diplomatik əlaqələrin qurulmasından, dostluq münasibətlərinin inkişafından danışıb. Azərbaycan tarixində xüsusi yeri olan 44 günlük Vətən müharibəsi zamanı İraqın tutduğu mövqeyi, ölkəmizə verdiyi dəstəyi yüksək qiymətləndirən vitse-spiker həm ikitərəfli, həm də beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlığımızın hər iki tərəfin mənafeyinə uyğun olmasını bildirib.

Azərbaycanın hər zaman sülhü dəstəkləməsini qeyd edən sədr müavini, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş beynəlxalq çağırışlardan söz açıb, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin təsis edilməsinin parlamentlər arasında əməkdaşlığı genişləndirməsindən danışıb.

Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşdığını, əməkdaşlığa böyük önəm verməsini diqqətə çatdıran vitse-spiker 44 günlük Vətən müharibəsində qələbə qazanan və ərazi bütövlüyünü bərpa edən Azərbaycanın Ermənistana sülh təklifləri barədə qonaqlara məlumat verib. Lakin Ermənistan hələ bu günə qədər Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməyib.

Səmimi qəbula görə minnətdarlığını bildirən İraq parlamentinin sədr müavini Abdullah Ahmad Şaxvan Talabani ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu bildirib. O, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etməsindən təqdirlə söz açıb. Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin inkişafının hər iki ölkənin marağına uyğun olmasını və parlamentlərarası dostluq qrupların bu inkişafa töhfə verməsini qeyd edib.

Milli Məclisin deputatları İlham Məmmədov və Müşfiq Məmmədlinin iştirak etdiyi görüşdə tərəflər onları maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparıblar.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU