Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistan Parlamenti Məclisinin sədri ilə görüşüb

Sədrin görüşləri
30 iyun 2022 | 20:48   
Paylaşın:        

İyunun 30-da Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan  Türkmənistan Milli Qenqeşi(parlament) Məclisinin sədri Gülşat Məmmədova ilə görüşüb.

Sahibə Qafarova qonağı salamlayaraq Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında iştiraka görə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, konfrans “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” kimi aktual mövzuya həsr olunub.

Spiker deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Konfransındakı çıxışında dünyadakı mövcud vəziyyət barədə dəyərli fikirlər söylədi. Cənab Prezidentin fikirləri Qoşulmama Hərəkatının fəaliyyət istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır.

Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yaradılıb və bu gün Bakıda onun Konfransı keçirilir. Milli Məclisin sədri konfransın Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Sahibə Qafarova dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafından danışaraq, yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında böyük rol oynadığını qeyd edib. O, Azərbaycan Prezidentinin bu günlərdə Türkmənistana səfərini xatırladaraq, bu səfər zamanı keçirilən görüşlərin, aparılan danışıqların iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə böyük töhfə verdiyini vurğulayıb.

Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafında hər iki ölkənin parlamentlərinin əhəmiyyətini vurğulayan Sahibə Qafarova bu sahədə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətini təqdir edib.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Türkmənistan Parlamenti Məclisinin sədri Gülşat Məmmədova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransının əhəmiyyətindən danışıb və bu tədbirə dəvətə görə təşəkkürünü bildirib.

Qonaq Azərbaycan Prezidentinin Bakı Konfransında çıxışını yüksək qiymətləndirib, toxunduğu məsələlərin əhəmiyyətini qeyd edib. O, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib, Azərbaycanın bu təşəbbüsünü bəyəndiklərini deyib.

Azərbaycanın və Türkmənistanın qanunverici orqanları arasındakı əməkdaşlığı yüksək qiymətləndirən qonaq ölkələrimiz arasındakı münasibətlərin mövcud səviyyəsindən  razılığını bildirib.

Türkmənistan Parlamenti Məclisinin sədri xalqlarımızı dərin tarixi köklərin, mənəvi və mədəni dəyərlərin birləşdirdiyini, bunları qoruyub gələcək nəsillərə çatdırmağın vacib olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU