İranın İslam Şurası Məclisi sədrinin müavini Milli Məclisdə olub

Tədbirlər
01 iyul 2022 | 18:58   
Paylaşın:        

İyulun 1-də Milli Məclisin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İranın İslam Şurası Məclisi sədrinin müavini Abdolreza Mesrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonağı salamlayan Fəzail İbrahimli bu cür görüşlərin münasibətlərin inkişafına müsbət təsir etdiyini söyləyib. O, bildirib ki, İran İslam Respublikası Azərbaycanın müsətqilliyini tanıyan ilk ölkələrdən olub.

Dövlət baçılarımız arasında səmimi dostluq münasibətətlərin olduğunu deyən Fəzail İbrahimli xalqlarımızın bir-biri ilə mehriban qonşuluq əlaqərlərini xüsusi qeyd edib.

Fəzail İbrahimli müstəqillik əldə etdikdən sonra üzləşdiyimiz çətinliklər, torpaqlarımızın Ermənistan tərəfindən işğalı barədə söz açıb. O, həmçinin 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə haqqında danışıb. Azərbaycan dövlətinin bu Qələbəyə gətirib çıxaran fəaliyyətinə toxunan Milli Məclisin sədr müavini Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordunun şücaəti, xalqın birliyi sayəsində öz gücümüzə ərazi bütövlüyümüzün bərpa edildiyini vurğulayıb. Fəzail İbrahimli Azərbaycanı bu haqq işində İslam aləminin, o cümlədən İran İslam Respublikasının dəstəkləməsini xüsusi qeyd edib və buna görə təşəkkürünü bildirib.

İranın İslam Şurası Məclisi sədrinin müavini Abdolreza Mesri ölkəsinin Azərbaycanla sıx dostluq əlaqələrindən söz açıb. Bildirib ki, İran Azərbaycanın əldə etdiyi uğrulara səmimi qəlbdən sevinir.

Qonaq ölkəmizdə keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb. Abdolreza Mesri, həmçinin ölkəsinin keçdiyi inkişaf yolundan, əldə etdiyi uğurlardan söhbət açıb. Eyni zamanda, bildirib ki, Azərbaycan uzun illər münaqişə şəraitində yaşamasına baxmayaraq, yüksək inkişaf, irəliləyiş əldə edib.

Görüşdə Milli Məclisin deputatları Eldar İbrahimov, Cavanşir Paşazadə, Fazil Mustafa və digər rəsmi şəxslər iştirak ediblər.

Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzular barədə də fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU