Milli Məclisin sədri Sahibə Qafarova Burundi Respublikası Milli Assambleyasının spikeri ilə görüşüb
İyulun 1-də Milli Məclisin sədri Sahibə Qafarova Burundi Respublikası Milli Assambleyasının spikeri Gelase Daniel Ndabirabe ilə görüşüb.
Milli Məclisin sədri qonağı salamlayaraq, Azərbaycanın bütün dövlətlərlə qarşılıqlı faydalı əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib, bu əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb.
Spiker dövlətlərarası münasibətlərin möhkəmlənməsində parlamentlərin rolundan bəhs edərək bildirib ki, Milli Məclisdə dünyanın bir çox ölkələrinin parlamentləri ilə əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. O, beynəlxalq parlament qurumlarında Azərbaycan deputatlarının fəal iştirak etdiyini diqqətə çatdırıb, Milli Məclisin fəaliyyəti haqqında qonağa ətraflı məlumat verib.
Söhbət zamanı Sahibə Qafarova Burundi Respublikasının Qoşulmama Hərəkatının işində iştirakını yüksək dəyərləndirib, qurumun Parlament Şəbəkəsinin Bakı Konfransının əhəmiyyətindən söhbət açıb. Milli Məclisin sədri bu tədbirin Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüs çərçivəsində həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, ötən ilin noyabrında Madriddə Parlament Şəbəkəsinin təsis iclası keçirilib. Spiker Konfransda qaldırılan məsələlərin dünya miqyasında vacibliyini vurğulayıb.
Burundi Milli Assambleyasının spikeri Gelase Daniel Ndabirabe səmimi görüşə görə təşəkkürünü ifadə edib. O, ölkəsinin Azərbaycanla hərtərəfli əlaqələrin inkişafında maraqlı olduğunu, Azərbaycan parlamenti ilə əməkdaşlığı dərinləşdirmək niyyətində olduqlarını deyib. Qonaq ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan bəhs edərək, bu təcrübənin öyrənilməsinin əhəmiyyətli olduğunu qeyd edib.
Burundi parlamentinin sədri Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransının yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib. O, Azərbaycanın bu təşəbbüsünü bəyəndiklərini bildirib və konfransda müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi