Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib
Milli Məclisin sədri, 98 saylı Şəmkir şəhər seçki dairəsindən millət vəkili Sahibə Qafarova iyulun 6-da seçicilərin növbəti qəbulunu keçirib. Videoqəbulda seçicilərin müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı lazımi tədbirlər görülüb.
Sahibə Qafarova bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, rifah halının daha da yaxşılaşdırılması, şəhid ailələrinin və qazilərin sosial problemlərinin həlli daim diqqət mərkəzindədir. Bununla bağlı mütəmadi tədbirlər həyata keçirilir.
Spiker videoqəbulda regionlarda həyata keçirilən abadlıq və quruculuq işlərinin regionlarımızın inkişafı baxımından əhəmiyyətindən danışıb. Bildirib ki, regionlarımızın inkişaf etdirilməsi ilə yanaşı, hazırda 44 günlük Vətən müharibəsində qazandığımız böyük Qələbə nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə sürətli və geniş miqyaslı bərpa-quruculuq işləri aparılır. Azərbaycan bütün bu işləri öz vəsaiti və imkanları hesabına həyata keçirir.
Videogörüşdə seçicilərin müraciətlərində əksini tapan bir sıra məsələlər yerində həll olunub, bir qisim müraciətlərin isə araşdırılması üçün aidiyyatı orqanlara sorğular göndərilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi