Milli Məclisin növbədənkənar sessiyası başa çatdı
İyulun 8-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.
İclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin bu günlərdə keçirilən Bakı konfransı uğurla başa çatıb. Əminliklə söyləmək olar ki, dünyada BMT-dən sonra ikinci ən böyük təşkilatın parlament ölçüsünün məhz bizim ölkəmizin səyləri ilə təsis edilməsi və fəaliyyətə başlaması Azərbaycan dövlətinin xarici siyasətinin növbəti böyük nailiyyəti hesab edilməlidir.
Spiker diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin konfransda etdiyi əhatəli və dərin məzmunlu çıxış yeni dialoq və əməkdaşlıq platformasının fəaliyyət istiqamətlərinin müəyyən edilməsi baxımından çox əhəmiyyətli oldu. Cənab Prezident ölkəmizin yeni təsisatdan gözləntilərini də ifadə edərək dedi: “Hesab edirəm ki, biz səylərimizi səfərbər edərək potensialı və həmrəyliyi gücləndirməli, vahid mövqedən çıxış etməliyik.
...Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycan olaraq biz bunu görmək arzusundayıq.”
Sahibə Qafarova qeyd edib ki, Parlament Şəbəkəsinin Bakı konfransında xarici ölkələrin və beynəlxalq təşkilatların 50-yə yaxın nümayəndə heyətinin, başqa sözlə, 400-ə qədər nümayəndənin, o cümlədən 15 parlament sədrinin, 17 sədr müavininin iştirak etməsi bu mötəbər tədbirə göstərilən böyük maraq və diqqətin təzahürü idi.
Nümayəndə heyətlərinin rəhbərləri konfransda çıxışlarında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyətini dəstəklədiklərini vurğulayaraq, ümid etdiklərini bildirdilər ki, Parlament Şəbəkəsi mütərəqqi bir parlament mexanizmi kimi dialoq mədəniyyətini inkişaf etdirəcək, bütün dünyada sülhə və sabitliyə töhfə verəcək, üzv ölkələrin bir-birinə daha da yaxınlaşmasında, əlaqələrin genişlənməsində müsbət rol oynayacaqdır. Eyni zamanda, onlar Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada nüfuzunun artdığını, dövlətimizin müdrik siyasət yürütdüyünü, öz siyasi kursunu uğurla həyata keçirdiyini, ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün səylər göstərdiyini qeyd etdilər.
Milli Məclisin sədri konfransdakı çıxışından danışaraq, diqqətə çatdırıb ki, həmin çıxışında Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qlobal miqyasda parlamentlərarası əməkdaşlığa töhfə verəcəyinə inandığını bildirib. Qeyd edib ki, bu gün dünyanın yaşadığı nəhəng transformasiya dövrü qlobal təhlükəsizlik və inkişaf strukturunu çox güclü və çox ciddi dəyişikliklərə məruz qoyur. Bu baxımdan sülh, təhlükəsizlik və dayanıqlı inkişafın qorunub saxlanılmasında Qoşulmama Hərəkatının təməl idealları və rolu davamlı əhəmiyyət kəsb edir.
Spiker xatırladıb ki, Konfransda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnaməsi, Bakı Bəyannaməsi qəbul olunub, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq edilib, həmçinin, təşkilati məsələlərə baxılıb. Azərbaycan parlamentinin rəhbəri növbəti 3 il üçün Parlament Şəbəkəsinin sədri, Venesuela, Fələstin və Liviya nümayəndələri sədr müavinləri seçiliblər.
Milli Məclisin sədri ona bu yüksək etimadın göstərilməsinin dövlətimizin beynəlxalq aləmdə qazandığı böyük nüfuzun yeni bir ifadəsi kimi dəyərləndirilməli olduğunu qeyd edib.
Spiker bildirib ki, konfrans çərçivəsində onun 10 ölkənin parlament sədrləri ilə ikitərəfli görüşləri olub. Görüşlərdə yeni təsis edilən Parlament Şəbəkəsinin fəaliyyəti, eləcə də parlamentlərarası əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Azərbaycan parlamentinin rəhbəri xatırladıb ki, Bakı konfransı başa çatdıqdan sonra, iyulun 2-də Konfrans iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərini, o cümlədən mədəniyyət paytaxtımız Şuşa şəhərini ziyarət ediblər.
Xarici ölkələrin və beynəlxalq parlament təşkilatlarının nümayəndələrinə Ermənistanın işğalı dövründə dağıdılmış və viran qoyulmuş şəhər və kəndlər, tarixi, dini və mədəni abidələr haqqında məlumat verilib. Qonaqlar işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq və abadlıq işləri ilə də tanış olublar.
Spiker onu da qeyd edib ki, Milli Məclisin ev sahibliyi ilə keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı həm forma, həm də məzmun baxımından yüksək səviyyəli bir tədbir olaraq qarşısına qoyulan bütün hədəflərə nail oldu. Milli Məclisin sədri bununla əlaqədar tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Sonra deputatlar gündəliyə münasibət bildiriblər. Gündəliyin qəbulundan sonra iclasda cari məsələlərin müzakirəsi keçirilib. Cari məsələlərin müzakirəsində Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlardan Sahib Alıyev, Cavid Osmanov, Elşad Mirbəşir oğlu, Fazil Mustafa, Naqif Həmzəyev, Etibar Əliyev, Hikmət Məmmədov və Razi Nurullayev çıxış ediblər.
Deputatlar Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransının keçirilməsinin əhəmiyyətindən söz açıblar, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi dövründə 60 illik tarixə malik Qoşulmama Hərəkatının aktual beynəlxalq platformaya çevrilməsindən, hərəkatın institusional inkişaf istiqamətində atılan uğurlu addımlardan danışıblar. Millət vəkilləri Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə Azərbaycan parlamentinin spikerinin sədrliyi dövründə qurumun qlobal miqyasda parlamentlərarası əməkdaşlığa töhfə verəcəyinə əminliklərini bildiriblər.
Deputatlar çıxışlarında dünyada və regionda baş verən hadisələrə münasibətlərini bildiriblər, həmçinin seçiciləri düşündürən bir sıra aktual məsələlərlə bağlı qeydlərini və rəylərini səsləndiriblər.
Sonra iclasda gündəlikdəki məsələlərin müzakirəsi keçirilib.
Parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, iclasda müzakirə olunacaq 15 məsələnin ilk üç məsələsi Milli Məclisin qərar layihələridir.
Spiker qeyd edib ki, birinci məsələ Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Milli Məclisin qərar layihəsidir.
Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məlumat verib.
Bildirib ki, Azərbaycan Respublikası Prezidenti Konstitusiyanın, “Məhkəmələr və hakimlər haqqında” Qanunun müvafiq maddələrini rəhbər tutaraq, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsini parlamentin müzakirəsinə təqdim edib.
Deputat Tahir Kərimlinin məsələ ilə bağlı qeydləri dinlənildikdən sonra qərar layihəsi səsə qoyularaq qəbul olunub.
Gündəliyin ikinci məsələsini müzakirəyə təqdim edən spiker Sahibə Qafarova bildirib ki, məsələ Milli Məclisin Əlcəzair parlamenti ilə əlaqələr üzrə işçi qrupunun yaradılması ilə bağlıdır. Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak edən Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşdə qarşı tərəfin bu qrupun yaradılması istəyi ilə çıxış etdiyini bildirib. Spiker məsələyə dair məlumat vermək üçün Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevaya söz verib.
Sevinc Fətəliyeva Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü, Afrika və ərəb ölkələrinin qabaqcıl ölkəsi kimi Əlcəzairlə parlamentlərarası əlaqələr üzrə qrupun yaradılmasının əhəmiyyətini vurğulayıb. O, qərar layihəsində yeni yaradılan qrupun rəhbərinin Milli Məclisin deputatı Mahir Abbaszadənin təyin edilməsinin nəzərdə tutulduğunu bildirib.
Beləliklə, "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.
İclasın gündəliyində olan "Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi ilə bağlı Toponimiya komissiyasının sədri İsa Həbibbəyli məlumat verib. Komissiya sədri bildirib ki, “Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 30 mart tarixli Qərarında “Məmmədzadə Aqşin Təvəkkül oğlu” sözləri “İsgəndərov Cavid Nizami oğlu” sözləri ilə, həmçinin “Dövlət quruculuğu üzrə qanunvericilik” sözləri “Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik” sözləri ilə əvəz edilir.
Milli Məclisin komitə sədri Siyavuş Novruzov və deputat Etibar Əliyev məsələ ilə bağlı fikirlərini və qeydlərini səsləndirdikdən sonra qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti iki məsələsi hökumətlərarası sazişlərin təsdiqi və ləğvi haqqında qanun layihələridir. Qanun layihələri beynəlxalq müqavilələrlə bağlı olduğuna görə “Normativ hüquqi aktlar haqında” Konstitusiya Qanununun tələblərinə əsasən bir oxunuşda qəbul olunacaq. Spiker bildirib ki, gündəliyin 4-cü məsələsi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 1 müqavilənin təsdiqi və 1 sazişin təsdiqinə dair qanunun ləğv edilməsi haqqında qanun layihəsidir.
Məsələyə dair məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, müzakirəyə təqdim olunan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında" Müqavilənin təsdiq edilməsi və "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" Sazişin təsdiq edilməsi barədə" Qanunun ləğv edilməsi haqqında qanun layihəsi vətəndaşların pensiya təminatı sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi prosesinin davamıdır.
Azərbaycanla Rusiya arasında 1999-cu ildə pensiya təminatı sahəsində əməkdaşlıq sazişi imzalansa da, bu sənədin tətbiqi mümkün olmayıb. Bu baxımdan Azərbaycan Hökuməti və Rusiya Hökuməti arasında 26 aprel 2022-ci il tarixində Bakıda imzalanmış pensiya təminatı sahəsində yeni əməkdaşlıq müqaviləsi hər iki dövlətin ərazisində əmək miqrantı kimi çalışan şəxslərin pensiya hüququ müdafiəsini gücləndirəcək.
Komitə sədri “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında" Müqavilənin Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın pensiya hüququnun yaranması və pensiya məbləğinin yüksəlməsi imkanları barədə məlumat verib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva sazişlə bağlı komitənin müsbət rəyini səsləndirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə "Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.
Mahir Abbaszadə bildirib ki, Azərbaycanla Litva arasında beynəlxalq avtomobil daşımaları haqqında 2022-ci il mayın 18-də Bakı şəhərində imzalanmış Saziş tərəflərin dövlətlərinin əraziləri arasında və ya dövlətlərinin ərazilərindən tranzit keçməklə beynəlxalq avtomobil daşımalarının sadələşdirilməsi və inkişaf etdirilməsi üçün bağlanıb. Sənəddə sərnişin daşımaları, yük maşınları üçün icazələr, təhlükəli və tezkorlanan yüklərin daşınması kimi məsələlər təsbit edilib, vergi və rüsumların tutulması qaydası, həmçinin sürücülər, avtonəqliyyat vasitəsi və daşımalar üçün irəli sürülən tələblər müəyyənləşdirilib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva sazişlə bağlı komitənin müsbət rəyini bildirib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 4 məsələ cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındırlar. Qanun layihələrinin beynəlxalq konvensiyanın müddəalarının milli qanunvericiliyə implementasiyası ilə bağlı olduğunu və uyğunlaşdırma xarakteri daşıdığını bildirən spiker ona görə də bu layihələrin bir oxunuşda qəbul ediləcəyini deyib. Əvvəlcə qanun layihələrinin təqdimatlarının keçirilməsi, müzakirələrinin birgə aparılması və sonra ayrı-ayrılıqda səsə qoyulması qərara alınıb.
Gündəliyin 6-cı, 7-ci və 9-cu məsələləri - Mülki Məcəllədə, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, o cümlədən "Məhkəmələr və hakimlər haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Dövlət rüsumu haqqında", "Əmək pensiyaları haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Dəniz limanları haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında" və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi, həmçinin "Yol hərəkəti haqqında", "Prokurorluq haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Notariat haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnformasiya əldə etmək haqqında", "Biometrik informasiya haqqında", "Fərdi məlumatlar haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
O, bildirib ki, bu qanun layihələri BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının ratifikasiyası ilə əlaqədar olaraq milli qanunvericiliyin həmin Konvensiyaya uyğunlaşdırılması tələbinin yerinə yetirilməsi məqsədi ilə hazırlanıb.
Vitse-spiker bildirib ki, faktiki olaraq konvensiyanın bu müddəaları sahəvi qanun olan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunda öz əksini tapıb. Amma Konvensiyanın tələblərinə əsasən, bu qanunlar paketinin qəbulu milli qanunvericiliyin tam olaraq bu Konvensiyanın prinsiplərə uyğunlaşdırılması prosesini tamamlayır.
8-ci məsələ - 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi"ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunla təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunla təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunla təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev məlumat verib.
O, bildirib ki, Qanun layihəsi BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının ratifikasiyası ilə əlaqədar olaraq Azərbaycan Hökumətinin üzərinə götürdüyü öhdəliklərin, xüsusilə də milli qanunvericiliyin həmin Konvensiyaya uyğunlaşdırılması tələbinin yerinə yetirilməsi məqsədi ilə hazırlanıb. Konvensiyanın sosial modelinin tələblərinə uyğun olaraq, əlilliyi olan şəxslərə qarşı alçaldıcı və təhqiredici söz və ifadələrin neytral, mənfi təsəvvürlər yaratmayan sözlərlə əvəz edilməsi məqsədi ilə layihədə bu dəyişikliklər təklif edilib.
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevin, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimlinin, İnsan hüquqları komitəsi sədrinin müavini Tahir Kərimlinin təmsil etdikləri komitələrin sənədlərlə bağlı müsbət rəyləri dinlənildikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Sonra Milli Məclisin sədri bildirib ki, gündəliyin növbəti 4 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. Bildirilib ki, layihə özəl baytarlıq xidməti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin vergitutma məsələlərinin tənzimlənməsi məqsədilə hazırlanıb. Sənədə əsasən, özəl baytarlıq xidmətlərinin ƏDV-dən azad edilməsi, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin isə sadələşdirilmiş vergi ödəyicisi kimi sabit pul məbləğində vergiyə cəlb edilməsi təklif olunur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Bildirilib ki, qanun layihəsi iki oxunuşda qəbul edilib. Mətnlərdə hər hansı dəyişiklik edilməyib. Qanun layihəsi "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna uyğun olaraq hazırlanıb.
Layihə ilə bağlı Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Əli Məsimli İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Fazil Mustafa Mədəniyyət komitəsinin müsbət rəylərini diqqətə çatdırıblar.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Sonra Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (üçüncü oxunuş) mahiyyəti barədə danışıb. Bildirib ki, layihə sığortaolunanların qanunvericilikdə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi uçotunun təşkili ilə bağlı tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. Bildirib ki, sənəd "Sosial sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə" və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" 2018-ci il 30 noyabr tarixli qanunlara uyğun olaraq hazırlanıb və uyğunlaşdırma xarakteri daşıyır.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Sonra parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti iki məsələsi ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub. Birinci oxunuşda müzakirəyə təqdim olunan bu qanun layihələri mahiyyətcə bir-bir birinə yaxındır.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. Bildirilib ki, ölkədə sığorta sektorunun inkişafının əsas strateji istiqamətlərindən biri də aparılan əməliyyatların rəqəmsallaşmasının həyata keçirilməsi ilə sığorta bazarının yeni biznes modellər və müasir xidmət təcrübələrinə uyğunlaşdırılmasıdır. Qeyd edilib ki, hazırda qüvvədə olan "İcbari sığortalar haqqında" qanunun mövcud redaksiyasına görə, yalnız avtomobil nəqliyyatı vasitələrinə münasibətdə bağlanan icbari sığorta müqavilələri elektron sənəd formasında bağlanılır. Qanunla tənzimlənən daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta müqavilələri isə kağız formasında bağlanılır. Müqavilələrin kağız formasında bağlanılması bəzi hallarda bir sıra problemlərin yaranmasına, xüsusilə fiziki təmas olmadan müvafiq icbari sığorta şəhadətnaməsinin əldə edilməməsinə, vətəndaşların saxtakarlıqla üzləşməsinə, təminatsız qalmalarına və sığorta müqavilələrində məlumatların dəqiqliyinin təmin edilməməsinə səbəb olur. Eyni zamanda, layihədə hadisə iştirakçıları tərəfindən doldurulan yol-nəqliyyat hadisələri barədə protokolun elektron formada tətbiq edilməsi imkanı da həmin protokola elektron çıxış imkanlarının yaradılmasını nəzərdə tutur.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Nurlan Həsənov isə “Yol hərəkəti haqqında”, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında məlumat verib. Bildirilib ki, layihə icbari sığorta informasiya sistemi ilə bir sıra dövlət orqanlarının informasiya sistemlərinin inteqrasiyasını nəzərdə tutur. Bu isə vətəndaş məmnunluğunun artırılmasına, vaxt itkisinin aradan qaldırılmasına, eyni zamanda, sui-istifadə hallarının qarşısının alınmasına xidmət edəcək. Deputat adları göstərilən qanunlar üzrə təklif olunan dəyişiklikləri nəzərə çatdırıb.
Bu qanun layihəsinə dair İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyini bildirən deputat Əli Məsimli qeyd edib ki, nəzərdə tutulan dəyişikliklər “İcbari sığortalar haqqında” qanuna təklif olunan dəyişikliklərə uyğunlaşdırılma xarakteri daşıyır.
Sonra təqdim olunan son iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
İclasda deputat Fəzail Ağamalı çıxış edərək bəzi fikirlərini səsləndirib. Əvvəlcə, o ölkə Prezidentinin təşəbbüsü və rəhbərliyi altında yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransını yüksək qiymətləndirib. Qeyd edib ki, eyni zamanda, Gənclər Şəbəkəsinin də yaxın vaxtlarda toplantısının keçirilməsi nəzərdə tutulur. Bu da çox ciddi bir təşəbbüsdür. O, bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın uzun müddətli parlament təcrübəsi, beynəlxalq təşkilatlarda fəaliyyəti onu deməyə əsas verir ki, spikerin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri seçilməsi qurumun işinin yüksək səviyyədə həyata keçirilməsinə, Azərbaycan parlament təcrübəsinin dünyada yayılmasına töhfə verəcək.
Çıxışının davamında Fəzail Ağamalı son günlər kütləvi informasiya vasitələrində vaxtilə Xəzər dənizini hasarlamış ayrı-ayrı iş adamlarının qanunsuz hərəkətlərinə qarşı Bakı şəhəri İcra Hakimiyyətinin həyata keçirdiyi tədbirlər barədə yayılan məlumatlardan bəhs edib. O, Bakı şəhəri İcra Hakimiyyətinin xalqın maraqlarına xidmət edən bu addımını yüksək qiymətləndirdiyini bildirib və bunun davamlı olmasının vacibliyindən danışıb.
Gündəlikdəki məsələlərin qəbulundan sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, həm iclasımızın, həm də növbədənkənar sessiyamızın gündəliyinə daxil olan məsələlər başa çatdı. Növbədənkənar sessiya dövründə Milli Məclisin 5 iclası keçirilib, 38 qanun və 6 qərar qəbul edilib. Spiker bu qanunvericilik aktlarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hərtərəfli islahatların, quruculuq işlərinin hüquqi bazasını daha da möhkəmləndirməyə və təkmilləşdirməyə xidmət edəcəyinə əminliyini ifadə edib.
Parlamentin sədri bildirib ki, növbədənkənar sessiya dövründə qanunvericilik fəaliyyəti ilə yanaşı, Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də zəruri tədbirlər görülüb. O, həm yaz sessiyasında, həm də növbədənkənar sessiyada görülmüş işlərin gələn sessiyanın uğurlarına da möhkəm zəmin yaratdığına inamını bildirib. Spiker səmərəli fəaliyyət üçün hamıya təşəkkürünü çatdırıb.
Milli Məclisin sədri qeyd edib ki, sessiyanın başa çatması gözəl bir bayram ərəfəsinə təsadüf edir. Sabah xalqımız dünya müsəlmanlarını mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən müqəddəs Qurban bayramını qeyd edəcəkdir.
Sahibə Qafarova bayram münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təbriklərini çatdırıb, onlara dəyərli fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Spiker xalqımızı, deputatları və iclasda iştirak edən media nümayəndələrini də Qurban bayramı münasibətilə təbrik edib və Milli Məclisin növbədənkənar sessiyasını bağlı elan edib.
İclasın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi