Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Krallığın Lordlar Palatasının sədri ilə görüşüb

Sədrin səfərləri
12 iyul 2022 | 21:49   
Paylaşın:        

İyulun 12-də Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Krallığa rəsmi səfəri çərçivəsində Lordlar Palatasının sədri Lord Con Makfolla görüşüb.

Azərbaycan parlament rəhbərini səmimiyyətlə salamlayan, Lordlar Palatasının sədri ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib. Görüşdə Azərbaycan Milli Məclisi sədrinin  Birləşmişə Krallığa ilk səfərinin münasibətlərimizin daha da dərinləşməsinə töhfə verəcəyinə inam ifadə olunub.

Birləşmiş Krallığın Azərbaycanı vacib tərəfdaş ölkə hesab etdiyi və münasibətlərimizin inkişafına böyük əhəmiyyət verdiyi qeyd edilərək, ölkələrimiz arasında bir çox sahələri əhatə edən əməkdaşlıq əlaqələrinin mövcud olduğu bildirilib. Qeyd edilib ki, enerji sahəsində əməkdaşlıq iqtisadi sahədə əlaqələrin inkişafına əsaslı töhfələr verib. Söhbətdə humanitar sahədə də əlaqələrin daha dərinləşməsinin vacibliyi vurğulanıb.

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmiz haqqında səsləndirdiyi fikirlərə və göstərilən qonaqpərvərliyə görə, Lord Con Makfola minnətdarlığını bildirərək, dost və tərəfdaş ölkələr olan Birləşmiş Krallıq və Azərbaycan arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirib. O, əlaqələrimizin hazırki yüksək səviyyəyə çatmasında yüksək səviyyəli səfərlərin, o cümlədən,  Prezident İlham Əliyevin  Birləşmiş Krallığa səfərlərinin əhəmiyyətli rolunu qeyd edib.

Spiker Sahibə Qafarova Birləşmiş Krallıqla Azərbaycan arasında əlaqələrin iqtisadi, siyasi, humanitar, enerji sahələri ilə yanaşı digər sahələri də əhatə etdiyini bildirib. O, deyib ki, parlamentlərarası əlaqələr ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin ən mühüm tərkib hissələrindən biridir. Biz parlament üzvləri olaraq, əlaqələrimiz daha da inkişaf etdirməkdə maraqlıyıq. Parlamentlərimiz ikitərəfli münasibətlərin inkişafında müsbət rol oynayır və qanunverici orqanlarımız arasında sıx əlaqələr qurulub. Spiker, parlamentlərimiz arasında rəhbərlik səviyyəsində ilk səfər olan bu səfərin parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm nəticələr verəcəyinə inamını ifadə edib.

Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini təqdir edərək deyib ki,  bu qruplar parlamentlərarası əlaqələrin inkişafında mühüm rol oynaya bilər. Birləşmiş Krallıq parlamentində Azərbaycanla dostluq qrupunun ölkəmizə çoxsaylı səfərləri olduğunu qeyd edən Sahibə Qafarova xatırladıb ki, qrupun üzvləri 2021-ci ilin noyabrında Azərbaycana sonuncu səfərləri zamanı işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərində olublar.

Milli Məclisin sədri 2020-ci ildə Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə, öz torpaqlarını işğaldan azad etməsi, ərazi bütövlüyünü bərpa etməsi, hazırda regionda mövcud olan yeni şərait barədə ətraflı məlumat verib. Spiker deyib ki, bu gün Ermənistanla Azərbaycan arasında münaqişə artıq tarixin səhifələrində qalıb və Azərbaycan gələcəyə ümidlə baxır. Spiker vurğulayıb ki, Azərbaycan Ermənistana bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münaqişənin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması barədə təklif verib. Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün səylərini davam etdirir. Buna baxmayaraq, Azərbaycanın sülh sazişi üzərində işə başlamaq təklifi hələ də cavabsız qalır. Ümid edirik ki, Ermənistan bu dəfə öz öhdəliklərini yerinə yetirəcək, konstruktiv yanaşma nümayiş etdirəcək və qeyd olunan prinsiplər əsasında münasibətlərin normallaşmasına gedəcək. Çünki bu, regionda real sülh və sabitliyə nail olmağın yeganə yoludur.

Spiker qeyd edib ki, münaqişədən sonrakı dövrdə Cənubi Qafqazda yeni reallıqlar, yeni imkanlar yaranıb. Bu imkanların reallaşması regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa töhfə verəcək. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Zəngəzur dəhlizinin və regionda bütün kommunikasiyaların açılması rayonun nəqliyyat potensialını xeyli artıracaq. Bu mənada ölkələrimiz nəqliyyat sahəsində əməkdaşlıq üçün geniş imkanlara malikdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Vestminster Sarayı ilə tanış olub, İcmalar Palatasının iclasını müşahidə edib.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU