Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Krallığa rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Krallığa rəsmi səfəri çərçivəsində bu ölkə parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun rəhbəri Bob Bləkmən və qrupun digər üzvləri ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimiz arasında münasibətlərin hazırda uğurla inkişaf etdiyini bildirib. O, qeyd edib ki, Birləşmiş Krallıq Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk Qərb ölkələrindən biridir və bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olub. Spikerin sözlərinə görə, bu illər ərzində münasibətlər uğurla inkişaf edərək, bir çox sahələrdə əməkdaşlığın inkişafına geniş imkanlar yaradıb. Milli Məclisin sədri xüsusilə iqtisadiyyat və enerji sahələrində uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Birləşmiş Krallıq Azərbaycanın əsas ticarət tərəfdaşlarından və iqtisadiyyatımıza ən böyük investisiya qoyan ölkələrdən biridir. Sahibə Qafarova Birləşmiş Krallıq şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərməsini, o cümlədən, ərazilərimizin minalardan təmizləmə və digər sahələrdə uğurlu əməkdaşlığı xüsusilə qeyd edib. O, inamını ifadə edib ki, bütün bu tədbirlər ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək.
Spiker Sahibə Qafarova deyib ki, ölkələrimiz arasındakı əlaqələrin inkişafında parlamentlərimiz müsbət rol oynayır və qanunverici orqanlarımızın üzvləri arasında xoş münasibətlər mövcuddur. Bu, parlamentlərimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıqda özünü göstərir. Hər iki ölkənin parlamentlərində İşçi qrupları uğurla fəaliyyət göstərir. Beynəlxalq təşkilatlar çərçivəsində də nümayəndə heyətlərimiz arasında qarşılıqlı təmas və müxtəlif məsələlərlə bağlı əməkdaşlıq mövcuddur. Qarşılıqlı səfərlər əlaqələrimizin daha da dərinləşməsinə xidmət edir. Bu mənada Azərbaycan Milli Məclisinin sədri səviyyəsində Birləşmiş Krallığa ilk səfər olan bu səfər də qanunverici orqanlarımız arasında münasibətlərin dərinləşməsinə öz töhfəsini verəcək. Sahibə Qafarova 2021-ci ildə Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərini məmnunluqla xatırlayaraq, sözügedən səfərin parlamentarilərimiz arasında dialoqun daha da inkişafı baxımından əhəmiyyətini qeyd edib. Qanunverici orqanlarımız arasında əlaqələrin inkişafı xalqlarımız arasında qarşılıqlı hörmət, dostluq münasibətlərinin də genişlənməsinə özünəməxsus töhfələr verir.
Dostluq qrupunun üzvlərinə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə və öz ərazi bütövlüyünü bərpa etməsi, Cənubi Qafqaz regionunda mövcud olan vəziyyət barədə məlumat verən spiker Sahibə Qafarova deyib ki, Azərbaycan öz gücü hesabına münaqişəni həll edib və Ermənistanla Azərbaycan arasında münaqişə artıq mövcud deyil. Onun sözlərinə görə, işğal illərində Ermənistan bütün şəhər və kəndlərimizi qəsdən dağıdıb, bütün tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub. Keçən ilin noyabrında Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti Füzuliyə, Şuşaya səfərləri zamanı dağıntıların, törədilən vəhşiliklərin şahidi olub. Azərbaycan öz ərazilərini işğaldan azad edəndən dərhal sonra isə öz imkanları ilə bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. Hazırda işğal zamanı dağılmış bütün infrastruktur bərpa olunur, Qarabağda və Şərqi Zəngəzurda yeni şəhər və kəndlər salınır. Azərbaycan bölgədə daimi sülhün və sabitliyin təmin olunmasını istəyir. Ona görə də Ermənistana bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münaqişənin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması barədə təklif verib. Buna baxmayaraq, Azərbaycanın sülh sazişi üzərində işə başlamaq təklifi hələ də cavabsız qalır. Milli Məclisin sədri ümidvar olduğunu bildirib ki, Ermənistan öz öhdəliklərini yerinə yetirəcək, konstruktiv yanaşma nümayiş etdirərək qeyd olunan prinsiplər əsasında münasibətlərin normallaşmasına gedəcək. Çünki bu, regionda real sülh və sabitliyə nail olmağın yeganə yoludur. Münaqişədən sonrakı dövrdə Cənubi Qafqazda yeni reallıqlar, yeni imkanlar yaranıb. Bu imkanların reallaşması regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa töhfə verəcək.
Görüşdə çıxış edən Birləşmiş Krallıq parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun rəhbəri Bob Bləkmən, Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayaraq, ölkəmizdə bir neçə dəfə səfərdə olduğunu, hər səfərində Azərbaycanda baş verən irimiqyaslı dəyişikliklərin şahidi olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyini xüsusi vurğulayaraq, hazırda Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi yenidənqurma və bərpa işləri haqqında danışıb, ölkəmizin bölgədə daimi sülhün təmin olunması istiqamətində səylərini vurğulayıb.
Görüşdə çıxış edən hər iki tərəfdən dostluq qruplarının üzvləri qanunverici orqanlarımız arasında əməkdaşlığın dərinləşməsinin vacibliyi, Azərbaycan Milli Məclisinin sədrinin Birləşmiş Krallığa ilk səfərinin tərəflər arasında münasibətlərə verəcəyi töhfə və digər məsələlər haqqında fikirlərini bildiriblər. Dostluq qruplarının üzvləri arasında bu cür görüşlərin keçirilməsinin, qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.
* * *
Sonra Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Krallıq Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson və Qadınlar üçün sülh və təhlükəsizlik qrupunun həmsədrləri Baronessa Cenkins və Baronessa Hodcson ilə görüşüb.
Görüşdə parlamentin sədri müstəqil Azərbaycanın dost və tərəfdaş ölkə kimi Birləşmiş Krallıqla iqtisadi və ticarət əlaqələrinin günü-gündən inkişaf etdiyini diqqətə çatdırdı. Bildirildi ki, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıq, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, kommunikasiya xətlərinin açılması istiqamətində görülən işlər Avropa ölkələri, həmçinin Birləşmiş Krallıqla əməkdaşlığın daha da dərinləşməsinə yaxşı imkanlar yaradacaqdır.
Görüşdə Sahibə Qafarova Azərbaycanda qadın hüquqlarının qorunması, gender məsələləri ilə bağlı aparılan dövlət siyasəti barədə ətraflı məlumat verərək bu gün qadınların Azərbaycanın ictimai-siyasi həyatında, dövlət idarəetmə orqanlarında iştirakından söz açdı. Qeyd edildi ki, hələ ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk cümhuriyyət qurmuş Azərbaycanda qadınlara seçki hüququ verilmişdir və qadınlar bu gün Azərbaycan parlamentində və müxtəlif dövlət vəzifələrində təmsil olunurlar. Bu sahədə islahatlar və məqsədyönlü siyasət davam etməkdədir.
Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişafı, qadınların dünyada sülh və əmin-amanlığın yaradılmasındakı rolu və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi