Azərbaycan-Litva əlaqələri inkişaf edir
İyulun 14-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Litva Respublikası Seyminin Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Strakeviçyusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan vitse-spiker bu cür səfərlərin ölkələrimiz arasındakı münasibətlərin inkişafına xüsusi təkan verdiyini qeyd edib. Azərbaycan-Litva münasibətlərinin tarixinə toxunan sədr müavini, Litvanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu qeyd edib, qarşılıqlı münasibətlərin inkişafında ölkə başçılarının, eləcə də digər yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb.
Adil Əliyev Ermənistanın Azərbaycanın torpaqlarını 30 ilə yaxın işğal altında saxlamasından danışaraq, bu illər ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmadığını və Ermənistanın beynəlxalq hüququn tələblərini kobud şəkildə pozduğunu bildirib. Diqqətə çatdırıb ki, 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində tarixi torpaqlarımız işğaldan azad edilib və ərazi bütövlüyümüz bərpa olunub. Vitse-spiker Ermənistanın işğal illərində bu ərazilərdə törətdiyi dağıntılar, hazırda işğaldan azad olunmuş ərazilərdə böyük sürətlə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verib, bu ərazilərə yeni nəfəs gəldiyini qeyd edib.
Vitse-spiker Ermənistanın hələ də sülh müqaviləsinin imzalanması istiqamətində konkret addım atmadığını və Azərbaycan ərazisinin mina ilə ən çox çirklənmiş ölkələrdən biri olmasını qonaqların diqqətinə çatdırıb. O, beynəlxalq ictimaiyyətin bu məsələlərə xüsusi önəm verməsinin zəruriliyini vurğulayıb.
Litva Respublikası Seyminin Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Strakeviçyus səmimi görüşə görə minnətdarlığını bildirib. O, Litva-Azərbaycan münasibətlərinin inkişafının hər iki ölkənin maraqlarına uyğun olduğunu qeyd edərək, bu münasibətlərin inkişafından məmnunluğunu ifadə edib. Qonaq parlamentlərarası münasibətlərə də toxunaraq, qarşılıqlı təcrübənin öyrənilməsinin, əməkdaşlıq münasibətlərinin dərinləşməsinin vacibliyindən danışıb.
Söhbət zamanı Azərbaycanın artan nüfuzundan, enerji tədarükçüsü kimi çıxış etməsindən, eləcə də Litva və Azərbaycan arasında ticarət, humanitar və digər sahələrdə mövcud olan əməkdaşlıqdan bəhs edilib.
Görüşdə Milli Məclisin deputatları Nəsib Məhəməliyev, Pərvin Kərimzadə, Şahin İsmayılov, Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi