Litva parlamentariləri ilə görüşdə

Tədbirlər
14 iyul 2022 | 17:51   
Paylaşın:        

İyulun 14-də Milli Məclisdə Azərbaycan və Litva parlamentlərində fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qruplarının görüşü keçirilib.

Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev Litva Seyminin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kazis Starkeviçyusun rəhbərlik etdiyi nümayəndə heyətini salamlayaraq, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin, görüşlərin rolunu vurğulayıb.

Nəsib Məhəməliyev işğalçı Ermənistanın məğlubiyyəti və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsindən söz açıb. Bildirib ki, münaqişəsinin nizamlanması ilə bağlı nüfuzlu beynəlxalq təşkilatların qərarlarına Ermənistanın əməl etməməsi İkinci Qarabağ müharibəsinə gətirib çıxarıb. O, müharibədən sonra Cənubi Qafqazda yeni reallıqların və əməkdaşlıq imkanlarının yaranmasından danışıb. Qeyd edib ki, imzalanan üçtərəfli razılaşma bölgədə uzunmüddətli sülhün bərqərar olması və əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradıb. Milli Məclisin deputatı bu kontekstdə əldə olunan razılaşmaların yerinə yetirilməsinin əhəmiyyətini vurğulayıb, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri, regional kommunikasiyaların açılması istiqamətində  Azərbaycanın təşəbbüsü haqqında məlumat verib.

Litva Seyminin İqtisadiyyat komitəsinin sədri, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kazis Starkeviçyus ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini həmişə dəstəklədiyini qeyd edib. O, Litvanın Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verdiyini bildirib, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Pərvin Kərimzadə, Kamran Bayramov, Nizami Səfərov və Kamilə Əliyeva, Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Valentinas Bukauskas, Edmundas Pupinis müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüblər, təkliflərini səsləndiriblər.

Söhbətdə Azərbaycanın bölgədə sülhün və sabitliyin təmin olunmasına sadiq qaldığı, daim beynəlxalq hüquqa əsaslanan konstruktiv yanaşmanın tərəfdarı olduğu qonaqların diqqətinə çatdırılıb, Ermənistanın beynəlxalq platformalarda Azərbaycana qarşı apardığı qarayaxma kampaniyaları barədə məlumat verilib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə iki ölkənin iqtisadi və humanitar sahələrdə əlaqələrinin, parlamentlərarası münasibətlərin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə Milli Məclisin deputatı Azər Kərimli, hər iki ölkənin səfirləri Tamerlan Qarayev və Eqidiyus Navikas iştirak ediblər.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU