Litva parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub

Tədbirlər
14 iyul 2022 | 18:25   
Paylaşın:        

İyulun 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Litva Respublikası Seyminin Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Starkeviçyusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Səməd Seyidov ölkələrimiz arasında çox yaxşı münasibətlərin qurulduğunu deyib. O, Litva ilə Azərbaycan arasında münasibətlərin genişləndirilməsində hər iki ölkə prezidentlərinin və parlament sədrlərinin siyasi iradələrinin əsaslı rol oynadığını qeyd edib. Ölkələrimizin bütün sahələr üzrə əməkdaşlıq etdiyini söyləyən Səməd Seyidov əlaqələrimizin ancaq iqtisadi sahələri əhatə etmədiyini, eyni zamanda, beynəlxalq təşkilatlar səviyyəsində də səmərəli olduğunu vurğulayıb. O, eyni zamanda, diqqətə çatdırıb ki, hər iki ölkənin səfiri Azərbaycan-Litva əlaqələrinin inkişafı üçün çox mühüm işlər görür və nəticələr göz qabağındadır.

Səməd Seyidov ölkəmizə münasibətlərinə, adekvat olmayan, yalançı, hətta hərdən şüurlu şəkildə təhrikedici hərəkətlərin qarşısının alınmasında göstərdiyi həmrəyliyə görə Litva Respublikasına təşəkkürünü bildirib. O qeyd edib ki, bugün əgər üç Zaqafqaziya ölkəsini müqayisə etsək, daha çox müstəqil, daha çox Avropa ilə əməkdaşlığa can atan, öz partnyorları ilə açıq və səmimi ölkə kimi Azərbaycan görünür.   

Kazis Starkeviçyus 30 illik erməni işğalına son qoyması münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Bildirib ki, artıq işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri aparılır. Ermənistanın Azərbaycan ərazilərini işğalı, mülki insanların, obyektlərin raket atəşinə tutulması beynəlxalq hüquq və normalara sığmır.

Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Nəsib Məhəməliyev ölkəmizin Avropa İttifaqının 9 üzvü ilə strateji əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edib. Həmçinin bildirib ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artmaqdadır. 

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə Şarl Mişel və Nikol Paşinyanla görüşlər keçirdiyini deyən Nəsib Məhəməliyev diqqətə çatdırıb ki, dövlətimizin başçısı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində gərgin səylər göstərir. Amma Ermənistanda hələ də revanşist qüvvələr mövcuddur.  Regionda təhlükəsizliyin təmin olunması baxımından sülh müqaviləsinin imzalanması mühüm şərtdir.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə ölkəmizin Litvadakı səfiri Tamerlan Qarayev və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU