Milli Məclisdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilib
İyulun 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Azərbaycan Respublikasında səfərdə olan Litva Respublikası Seyminin Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Starkeviçyusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Əli Məsimli Azərbaycanın Litva ilə bütün sahələrdə əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu deyib. Bildirib ki, Litva Prezidentinin Azərbaycana bu ilki səfəri iki ölkə arasında münasibətlərin genişlənməsinə təkan verdi. Həmçinin Litva Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpasında iştirak edir.
Litva-Azərbaycan münasibətlərində müsbət tendensiyanın müşahidə olunduğunu söyləyən Əli Məsimli parlamentlərarası əlaqləri xüsusi vurğulayıb. Qeyd edib ki, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupu Azərbaycan parlamentində ən böyük işçi qruplarından biridir.
Əli Məsimli, eyni zamanda, ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, 2020-ci illə müqayisədə 2021-ci ildə ticarət dövriyyəsi 72 faiz artıb. Lakin hər iki ölkənin potensialına nəzər yetirsək bu göstərici gələcəkdə daha da yüksək olmalıdır.
Litva Respublikası Seyminin Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Strakeviçyus səmimi görüşə görə minnətdarlığını bildirib. O, Litva-Azərbaycan münasibətlərinin inkişafının məmnunluq doğurduğunu söyləyib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artırılmasının vacibliyə toxunan Kazis Strakeviçyus bu istiqamətdə son illər müsbət tendensiyanın müşahidə olunduğunu qeyd edib.
Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı investesiyaların qoyulmasının vacibliyi, humanitar, elm və təhsil, ticarət və digər mühüm istiqamətlər üzrə əlaqlərin inkişafı məsələləri müzakirə edilib.
Görüşdə Milli Məclisin deputatları Nəsib Məhəməliyev, Məzahir Əfəndiyev, Aydın Hüseynzadə, Mahir Abbaszadə, Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi