Milli Məclisdə Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

Tədbirlər
14 iyul 2022 | 19:20   
Paylaşın:        

İyulun 14-də Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev ölkəmizdə səfərdə olan Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Arzu Nağıyev son zamanlarda ölkələrimiz arasında dostluq qruplarının görüşlərinin mütəmadi olaraq keçirildiyini bildirib. Qeyd edib ki, ölkələrimiz arasındakı münasibətlərin yalnız böyük layihələrin həyata keçirilməsi ilə deyil, həm də parlamentlər səviyyəsində inkişaf etdirilməsi üçün işlər görülür.

İkinci Qarabağ müharibəsindən danışan işçi qrupunun rəhbəri müharibə zamanı Gürcüstanın dost ölkə kimi sərgilədiyi mövqeyə görə təşəkkür edib.

Söhbətdə Arzu Nağıyev Gürcüstanın Kvemo Kartli regionunun və ölkəmizin bölgələri arasında qardaşlaşma haqqında anlaşma memorandumunun imzalanmasından danışıb. Bildirib ki, bundan sonra hər iki ölkənin rayonları arasında münasibətlər daha da artacaq, imzalanan memorandum iqtisadiyyatın, turizmin inkişafına təkan verəcək.

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvili nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını çatdırıb.

Ölkələrimiz arasında imzalanmış qardaşlaşma haqqında anlaşma memorandumundan danışan nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bu memorandumun imzalanması bölgələr arasında əməkdaşlığın inkişaf etməsi üçün çox əhəmiyyətlidir. Bildirib ki, bundan sonra xalqlarımız daha da yaxın olacaq. Ölkələrimizin bir-birini narahat edən məsələlərinin həll olunması üçün müzakirələr aparılacaq, ölkələrarası münasibətlər daha da inkişaf edəcək.

Giorgi Doxturişvili Gürcüstanın əməkdaşlıq üçün hər zaman hazır olduğunu söyləyib. O, Azərbaycan nümayəndə heyətini Gürcüstana səfər dəvət edib, Milli Məclisin deputatlarına işlərində uğurlar arzulayıb.

Görüşdə Milli Məclisin deputatları Məzahir Əfəndiyev və Cavid Osmanov çıxış edərək bildiriblər ki, Azərbaycan və Gürcüstan arasında iqtisadi, mədəni, humanitar və digər bir çox sahələri əhatə edən əlaqələr mövcuddur. Qeyd edilib ki, strateji müttəfiq, qardaş və qonşu ölkələr olan Azərbaycan və Gürcüstan Cənubi Qafqazda təhlükəsizliyinin təmin olunmasında birlikdə işlər görə bilər.

Söhbətdə Azərbaycan ilə Gürcüstan arasındakı dinamik inkişafdan məmnunluq ifadə olunub. Diqqətə çatdırılıb ki, Azərbaycan-Gürcüstan münasibətləri bundan sonra da inkişaf edəcək.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU